Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3707/2023 17.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 337,83 AZN borc məbləği, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun soyuducu dəyərinin iki misli 3200 ABŞ Dolları,100 AZN mediasiya rüsumunun və 275 manat (110 manat vəkil xidmət haqqı, 165 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı "xxxx" MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının Cavabdeh mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2- ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. “Malların Alqı-Satqısı haqqında” Müqavilənin 6.2-ci bəndinə görə Ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021 ci il tarixləri aralığında **********, ********** və ********** nömrəli malların təhvil-qəbul aktları əsasında ümumilikdə 536,67 AZN məbləğində spirtsiz içkilər təhvil verilmişdir, hazırki vəziyyətdə cavabdehin "xxxx" MMC-yə 437,83 AZN ödənilməmiş pul məbləği borcu qalmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq isə, dəyəri 800 ABŞ Dolları olan 2 ədəd SDVC tipli, soyuducu "xxxx" MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, İstifadəçi əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, İstifadəçi əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “İstifadəçi” müqavilə şərtlərindən hər hansı birini pozarsa müqaviləyə xitam verilir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı (həmçinin alqı-satqı müqaviləsinə aid olan borcla bağlı) olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hal hazırda müəssisəmizə 337.83 AZN borcu qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 1-ci bəndindən görünür ki, Satıcı "xxxx" MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının Cavabdeh mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2- ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. Müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir. xx.xx.2018-ci il tarixli iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədən görünür ki, "xxxx" MMC özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin və çayların Cavabdeh tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş ("xxxx" MMC-nin mülkiyyətində olan) reklam xarakterli soyuducuları Cavabdeh əvəzsiz istifadəyə verməyi, Cavabdeh isə ("xxxx" MMC-nin tələbi ilə bu müqavilənin 2.1.1ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən soyuducunun dəyəri 800 ABŞ dolları təşkil edir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqaviləyə istənilən səbəbdən xitam verildikdə, Cavabdeh soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Müqavilənin 2.9cu maddəsinə əsasən "xxxx" MMC istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində Cavabdeh tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda "xxxx" MMC-yə soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Müqavilənin 3.1-ci maddəsinə əsasən Cavabdeh bu müqavilənini şərtlərindən hər hansı birini pozarsa müqaviləyə dərhal xitam verilir və soyuducu "xxxx" MMC-yə qaytarılır. Müqavilənin 3.6-ci bəndinə əsasən Cavabdeh soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində "xxxx" MMC-yə cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli təhvil qəbul aktlarından görünür ki, "xxxx" MMC Cavabdeh 516,67 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 437,83 manat borcu var. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00481 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732 və 736.3-cü maddələrinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 467-ci maddələrinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı aldığı malların 337,83 manat məbləğində dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək müqavilə üzrə nəzərdə tutulmuş soyuducunu xx.xx.2018-ci il tarixdə cavabdehə təhvil versə də, lakin sonradan müqaviləyə xitam verilməsinə baxmayaraq Cavabdeh soyuducunu iddiaçıya geri qaytarmamış və müqaviləyə əsasən iddiaçının soyuducunun dəyərinin, yəni 1600 ABŞ dollarının 2 misli miqdarında 3200 ABŞ dolları tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlar işə əlavə edilmiş müqavilələr, maliyyə arayışı, təhvil-qəbul aktı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borc 337,83 manat və 3200 ABŞ dolları, 100 manat mediasiya xərcinin ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı tələbində göstərdiyi 275 (110 manat vəkil xidmət haqqı, 165 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) manatla bağlı məhkəməyə sübut təqdim etmədiyi üçün iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh əsas borc 337,83 manat, 3200 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc 337,83 manat, 3200 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3707/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3707/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver