Məhkəmə qərarları › İş №e-2-2(113)-3720/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3720/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3720/2021 11.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 14.687 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla (9 ay) 550,80 manat məbləğində faizlərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin, cəmi 15.267,80 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında 01 iyun 2020-ci il tarixində K2020-081 nömrəli satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 15 oktyabr 2020ci il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən "xxxx" MMC müqavilə üzrə İddiaçı MMC-yə 14.687 manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir.Tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. Sonradan iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin bank hesablarının üzərinə 15.627,80 manat həcmində həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, Cavabdeh bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həcmində, yəni 15.267,80 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 01 iyun 2020-ci il tarixində K2020-081 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı hazırki müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydalan nəzərə almaqla satdığı mal malları təhvil-təslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunuqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir. 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi mal/malların dəyərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. 5.4-ci bəndinə əsasən razılaşdırılmış müddət ərzində mal malların dəyəri ödənilmədikdə-satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal malların salış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1 %-i (ümumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ƏDV daxil 14,687.00 manat dəyərində malların təqdim edilməsinə dair EBAK seriyalı, 945634 nömrəli, 10.06.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 15.10.2020-ci il tarixli üzləşdirmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 15.10.2020-cu il tarixinə 14.687 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair xəbərdarlıq ünvanlanaraq 14.687 manat məbləğində borcun 3 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyun 2020-ci il tarixində K2020-081 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 14.687 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 14.687 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 14.687 manat manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 550,80 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 550,80 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 14.687 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 550,80 manat məbləğində faiz, cəmi 15.237,80 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC -dən 14.687 (on dörd min altı yüz səksən yeddi) manat məbləğində əsas borc, 550,80 manat (beş yüz əlli manat səksən qəpik) məbləğində faiz borcu, cəmi 15.237,80 (on beş min iki yüz otuz yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar