Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3721/2023 20.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 10/23 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 10/23 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3.780 manat həcmində əsas borc, 31,5 manat həcmində faiz borcu, 56,7 manat gecikmə faiz borcu, 59 manat dövlət rüsumu, 60 manat mediasiya xərci daxil olmaqla, ümumilikdə 3.987 manat həcmində pul məbləğinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 02 mart 2023-cü il tarixli, 10/23 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə, alıcı müqavilə və onun tərkib hissəsi hesab edilən əlavələrin şərtlərinə uyğun malları sifariş edir, Satıcı sifariş edilmiş malları keyfiyyətli, yararlı, qanunvericiliyə, işgüzar adətlərə, alıcı isə malları qəbul etməyi və təhvil verilmiş malın dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən, bu müqavilə şərtlərinə uyğun verilmiş malların dəyərinin ödəniş şərtləri Əlavədə qeyd edilir. Müqavilənin 02 mart 2023-cü il tarixli, 1 №li Əlavə Razılaşmasına əsasən, alıcı və satıcı malların ümumi dəyərinin 3.780 manat təşkil etməsi ilə bağlı razılığa gəlinmişlər. Həmin razılaşmada qeyd edilən qaydada, tərəflərindən mallar alıcıya təhvil verilmişdir. Malların tərəflərindən razılaşma imzalandıqdanığı gün təhvil verilməsinə və həmin müddətdən 2 aydan artıq müddət ötməsinə baxmayaraq, malların razılaşmada qeyd edilən məbləğ 3.780 manat cavabdeh tərəfindən ödənilməmişdir. Bu hal onların qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq, həm işgüzar, həm də maddi cəhətdən şirkətlərinə mənfi təsir edir. Müqavilənin 8.1-ci maddəsinə görə, müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Aralarındakı mübahisənin mediasiya qaydasında həllinə çalışsalar da, cavabdeh Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X3 iştirak etdiyi 25 aprel 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş, nəticə etibarı ilə, mübahisənin mediasiya qaydasında həlli baş tutmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli 10/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1 (bundan sonra QRP) göstərilən çeşiddə, miqdarda və təsvir olunan göstəricilərə malik malları (bundan soma - Mallar) istifadə məqsədləri üçün yararlı halda Alıcıya təqdim etməyi, Alıcı isə həmin Malların dəyərini X2 müəyyən edilmiş qiymət və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən, satıcı malları müvafiq qablaşdırmasmda, mallara aid olan sənədlərlə birlikdə tərəflər arasında müəyyən edilən qaydada malların təhvil verilmə və ya çatdırılma məntəqəsində təhvil verir. 3.1-ci bəndinə əsasən, müqavilə üzrə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri (QRP) ilə müəyyən edilir və Satıcı tərəfindən ödəniş göndərilən Elekton Qaimə əsasında və ya nağd qaydada həyata keçirilir. 4.2.2-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, əsas borcun, cərimələrin, həmçinin Satıcının çəkdiyi bütün xərclərin, düşdüyü zərərin, hüquqi xidmətlə bağlı çəkdiyi məsrəflərin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək satıcının hüququdur. 8.2-ci bəndinə əsassən ödəniş müddətinin Alıcı tərəfindən pozulduğu halda Satıcı Alıcıdan hər gecikdirmə günü üçün bu Müqavilə və ya onun Əlavələri üzrə yaranmış olan borc məbləğinin 0,5 faizi həcmində dəbbə pulu tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi Alıcını bu Müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir. 12.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2023 tarixədək qüvvədədir. Müqavilənin müddəti başa çatana 1 (bir) ay qalmış Tərəflər müqaviləyə xitam verilməsi barədə biri-birini məlumatlandırmasalar, bu Müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Bundan başqa, bu Müqavilənin müddəti bitdikdən sonrakı təqvim ilində Alıcı tərəfindən verilmiş sifariş Satıcı tərəfindən icra edildikdə, bu Müqavilə həmin təqvim ilinin sonunadək uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 10/23 saylı müqavilə üzrə imzalanmış 01 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən 700 ədəd (Satex Fix N Boz) malın 1 ədədinin qiyməti 4,58 manat olmaqla ümumi qiyməti ƏDV daxil 3.780 manat müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 700 ədəd (Satex Fix N Boz) malın 1 ədədinin qiyməti 4,58 manat olmaqla ümumi qiyməti ƏDV daxil 3.780 manat dəyərində mal təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan 3.780 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - xx.xx.2023-cü il tarixli 10/23 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müqavilələrə əlavələrdə nəzərdə tutulmuş malları təqdim etmiş, Cavabdeh MMC isə təqdim olunmuş malların dəyəri olan 3.780 manat məbləğində pulu ödəməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 3.780 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 3.780 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3.780 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 31,5 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin ödənilməsini 2 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 2 aylıq müddət üçün üçün 31,5 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3.780 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 9% həddində hesablanmaqla 56,70 manat məbləğində bank uçot dərəcəsinə müvafiq faizin tutulması tələbini də irəli sürmüşdür. Həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, bank uçot dərəcəsi kimi hesablanmış 56,70 manat pulun tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərləri ilə yanaşı 59 manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 58,68 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 59 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiymətinin 99%-ə yaxın hissəsi təmin edildiyindən məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 3.780 məbləğində borc, 31,50 manat məbləğində faiz, cəmi 3.811,50 məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. İddia verilərkən ödənilmiş 59 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3721/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3721/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver