Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3722/2021 15.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli müqavilə üzrə 24513,54 manat gecikdirilmiş borcun və hesablanmış 55566,29 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat pulun, cəmi 80579 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 10.06.2021-ci il tarixə 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli müqavilə üzrə 24513,54 manat gecikdirilmiş borcu və hesablanmış 55566,29 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiasının qanunsuz və əsassız olduğundan onun rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq təşkilatda 40 baş holşten friz üçün əlavə ödədiyi 840 manat pulun, daha 3 baş tələf olmuş heyvanlarla əlaqədar dəymiş ziyanın, yəni 5405 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat 13 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.03.2013-cü il tarixli 31-LD (13) saylı lizinq müqaviləsi əsasında ona güzəştli şərtlərlə, yəni satılan 40 (Holşten Friz) baş damazlıq heyvanların, ümumi dəyərinin 3 il müddətində tam ödənilməsi şərti ilə verdiyi müqavilə üzrə öhdəliyi tam və vaxtında ödəmədiyi üçün ödəməli olduğu 71764,15 manat əsas məbləğdən qalan 24513 manat pulun və gecikdirmə üçün hesablanmış 55500 manat cərimə pulunun alınıb ona verilməsini xahiş edir. Onun tərəfindən 40 baş damazlıq holşten friz cinsi damazlıq heyvanlar üçün ödəməli olduğu ümumi məbləğin 40%-i təşkil edən 57412,32 manat əvəzinə 53195 manat şəxsən özü tərəfindən, 3990 manat məhkəmə qətnaməsi ilə, 1101 manat könüllü olaraq, ümumilikdə 58286 manat, yəni 874 manat artıq pul ödənmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən sığorta haqqı cavabdeh tərəfindən ödənilmişdir, həmin məbləğin də geri qaytarılmayacağı müqavilədə qeyd edilmişdir. Bundan əlavə, cavabdeh 8000 manat iddiaçıya əlavə xərclərə görə vəsait ödəmiş, həmin ödəniş də müqavilə şərtlərinə əsasən lizinqə verilən heyvanların daşınması, saxlanması və sairə üçün nəzərdə tutulmuş vəsaitdir, lizinq ödənişlərinə daxil deyil. Əlavə olaraq qeyd etdi ki, tələf olmuş damazlıq heyvanlarla bağlı iddiaçı orqan tərəfindən sığorta şirkətinə müraciət edilmiş, sonuncu tərəfindən hadisə araşdırılmış, ödənişin verilməsindən heyvanların baytar nəzarətindən kənarda qalması, vaxtında müalicə olunmaması əsası ilə imtina edilmiş, iddiaçı da bu imtinanı mübahisələndirməmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh güzəştlərin tətbiq edilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada heç vaxt müraciət etməmişdir. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ödədiyi 8000 manat vəsait lizinq ödənişlərinə daxil edilməmiş, ona həmin pulun əlavə xərclər olması bildirilmişdir, lakin bununla razı deyil, belə ki, həmin əlavə xərclər dövlət tərəfindən qarşılanmalı idi. Bundan əlavə, sığorta ödənişləri də lizinq verən tərəfindən lizinq ödənişlərinə nəzərə alınmamışdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Damazlıq heyvanların lizinqə verilməsi barədə 14 fevral 2013-cü il tarixli 09-İM/13 nömrəli ilkin müqaviləyə əsasən lizinq alanın (Cavabdeh) ərizəsinə əsasən lizinq verən ("xxxx" ASC) 40 baş damazlıq heyvanların lizinq alana 3 il müddətinədək lizinqə verilməsini təmin edir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların satış dəyərinin 50%-ini təşkil edən məbləğdən 6000 manat məbləği əvvəlcədən, qalan məbləği isə damazlıq heyvanlar lizinqə verildikdə ödəyir, satış dəyərinin qalan 50%-i isə 3 il müddətinədək ödəməyi öz öhdəsinə götürür. Əvvəldən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış sığorta haqqının ödənilməsi barədə 27 mart 2013-cü il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq 3 il müddətinə damazlıq heyvanlar müqavilədə göstərilən cədvəldəki kimi sığortalanaraq lizinqə verilir. Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 27 mart 2013-cü il tarixli 31-LD/13 nömrəli müqaviləyə əsasən lizinq verən ("xxxx" ASC) müqavilədə göstərilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə Cavabdeh lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 35882,08 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 35882,07 manat məbləği isə müqavilədə göstərilən ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Müqavilənin 2.2.1-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların daşınma, saxlama, boşaltma və digər xərclərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən damazlıq heyvanlar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4-cü bəndinə əsasən lizinq alan bu müqavilənin tərkibindəki ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. Cavabdehin "xxxx" ASC ilə bağladığı 27 mart 2013-cü il tarixli “31-LD/13” nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən 2021-ci ilin ikinci rübündə cavabdehin ödəməli yekun məbləğ 55566,29 manat təşkil edir. 10.06.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 27 mart 2013-cü il tarixli 31-LD/13 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 24513,54 manat, cərimə borcu 55566,29 manat, cəmi 80079,83 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna əsasən tərəflər arasında bağlanmış 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli müqavilə üzrə 24513,54 manat gecikdirilmiş borcu və hesablanmış 55566,29 manat cərimə məbləğini qısa zaman ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsini tələb etmiş, əks təqdirdə hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 27 mart 2013-cü il tarixli 329/ü saylı əmrdən görünür ki, cavabdehin 2013-cü il 27 mart tarixli s/220 nömrəli sifarişinə, 2013-cü il 27 mart tarixli 31-LD/13 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə göstərilən cins damazlıq hevanlar Gəncə Rayonlararası Təchizat Bazasından ona lizinqə verilmişdir. Lizinq alanın 35882,08 manat ödədiyi nəzərə alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-592/2017 saylı, 31.08.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “lizinq müqaviləsi üzrə dəymiş zərərin lizinq öhdəliyindən çıxarılması” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-36/2018 saylı 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şiakyəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 215-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (üçüncü şəxs Cavabdeh və X2) “sığorta ödənişi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-1289/2015 saylı 6 iyul 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-1289/2015 saylı 06 iyul 2015-ci il tarixli qətnaməsi qismən – iddiaçı "xxxx" ASC-nin xeyrinə “29.11.2012-ci il tarixli, 92-LD/12 nömrəli, 30.12.2012-ci il tarixli, 124-LD/12 nömrəli, 09.01.2013-cü il tarixli, 03-LD/13 nömrəli və 17.01.2013-cü il tarixli, 12-LD/13 nömrəli lizinq müqavilələrinə əsasən Göygöl rayon sakini X1 lizinqə verilmiş damazlıq heyvanlardan 9 başı üçün 16410,46 manat və 640 manat şərtsiz azadolma məbləği olmaqla cəmi 17050,46 manat sığorta ödənişinin verilməsi; 27.03.2013-cü il tarixli, 31-LD/13 nömrəli lizinq müqaviləsinə əsasən Bakı şəhər sakini Cavabdeh lizinqə verilmiş damazlıq heyvanlardan tələf olmuş 2 başı üçün şərtsiz azadolma məbləği olan 160 manat sığorta ödənişinin verilməsi; 14.05.2013-cü il tarixli 69-LD/13 nömrəli lizinq müqaviləsinə əsasən "xxxx" MMC-yə lizinqə verilmiş damazlıq heyvanlardan tələf olmuş 1 başı üçün 1738,30 manat və 1680 manat şərtsiz azadolma məbləği olmaqla cəmi 3418,30 manat sığorta ödənişinin verilməsi hissələrində ləğv edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. "xxxx" ASC-nin 175600 nömrəli kassa mədaxil orderinə əsasən Cavabdeh tərəfindən damazlıq heyvanların ilkin müqaviləyə əsasən ilkin ödənişi üçün 6000 manat, 286545 nömrəli kassa mədaxil orderinə əsasən damazlıq heyvanların üstəlik xərci üçün 8000 manat, 286546 nömrəli kassa mədaxil orderinə əsasən damazlıq heyvanların sığorta haqqı üçün 8267,23 manat, 286547 nömrəli kassa mədaxil orderinə əsasən damazlıq heyvanların ilkin ödənişi üçün 29882,08 manat, 362001 nömrəli kassa mədaxil orderinə əsasən damazlıq heyvanların lizinq ödənişi üçün 2883 manat, 479439 nömrəli kassa mədaxil orderinə əsasən damazlıq heyvanların lizinq ödənişi üçün 3450 manat, 782077 nömrəli kassa mədaxil orderinə əsasən damazlıq heyvanların lizinq ödənişi üçün 1800 manat pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli lizinq müqaviləsi imzalanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 24513,54 manat gecikdirilmiş borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi onlar arasında bağlanmış 27.03.2013-cü il tarixli 31-LD/13 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 55566,29 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Materiallara əlavə edilmiş 17.07.2021-ci il tarixli 000İPX1211981D6C nömrəli ödəniş tapşırığından məlum olur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosuna 500 manat məbləğində vəsait ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, “Azerlex Group” MMC tərəfindən 5 saylı vəkil bürosunun hesabına 500 manat pul köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qarşılıqlı iddia ərizəsinin 3 baş tələf olmuş heyvanlarla əlaqədar dəymiş ziyanın, yəni 5405 manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh hazırkı iddia tələbi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-2(82)-592/2017 saylı, 31.08.2017-ci il tarixli qətnaməsinə əsasən onun cavabdeh "xxxx" ASC-yə qarşı “lizinq müqaviləsi üzrə dəymiş zərərin lizinq öhdəliyindən çıxarılması” tələbinə dair iddiası (5405,48 manat zərərin lizinq müqaviləsi üzrə öhdəliyindən çıxarılması) rədd edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində “Kənd Təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19.12.2018-ci il tarixli 413 saylı Fərmanı, habelə Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydalarına əsasən lizinqə verilmiş heyvanların dəyərinin 60 faizinin güzəşt edilməli olması göstərilmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin bu dəlilinə cavab olaraq bildirir ki, adıçəkilən Qaydaların 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən sahibkarlıq subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). Qarşılıqlı iddia ərizəsinə cavabdehin güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət etməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmə iclasında da təqdim edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili də izahatında onlara bu barədə rəsmi qaydada müraciət edilmədiyini göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 24513,54 manat, 2000 manat cərimə, hüquqi yardıma görə 500 manat, cəmi 27013,54 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 24513,54 manat (iyirmi dörd min beş yüz on üç manat əlli dörd qəpik), 2000 (iki min) manat cərimə, hüquqi yardıma görə 500 (beş yüz) manat, cəmi 27013,54 manat (iyirmi yeddi min on üç manat əlli dörd qəpik) məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3722/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3722/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver