Məhkəmə qərarları › İş №e-2-2(113)-3723/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3723/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3723/2021 15.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Bakı Otis Lift” QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 158930 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 oktyabr 2019-cu il tarixli, № 06D/19 nömrəli müvafiq xidmətlərin və işlərin görülməsini özündə əks etdirən müqavilələr bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, İcraçı (iddiaçı) tərəfindən 21 oktyabr 2019-cu il tarixindən etibarən görülmüş xidmətlərin əvəzi olaraq, sifarişçi (cavabdeh) tərəfindən 26 noyabr 2019-cu il tarixli №01 saylı Təhvil-Təslim aktından başlayaraq 23 oktyabr 2020-ci il tarixli №011 saylı Təhvil-Təslim aktına qədər olan müddət ərzində ödənilməli olan, ümumilikdə 158.930 manat məbləğində ödənişlər həyata keçirilməmişdir. İcraçı tərəfindən görülən işlər təhvil-təslim aktına əsasən sifarişçi tərəfindən təhvil alınmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən ödənişlərlə bağlı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda həmin müqavilə və təhvil-təslim aktları üzrə hər hansı məbləğdə ödəniş edilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi təhvil-təslim aktlarındakı imzanın əvvəlki direktora məxsus olmadığını, həmin imzanın saxtalaşdırıldığını, həmin imzanın faksimile olduğunu, artıq işdən azad edilmiş işçiləri tərəfindən istifadə edildiyini, lakin hazırda tərəflərindən həmin faksimilenin məhv edildiyini göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmir, göstərdiyi arqumentlər borcun ödənilməsindən yayınmaq məqsədi daşıyır. Belə ki, onlara bununla bağlı hər hansı pretenziya bildirilməmiş, hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Təhvil-təslim aktlarının əsli iddiaçıda, surəti isə cavabdehdədir, hazırda mübahisə yarandığından həmin aktların əsillərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Çələbiyev iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə onların əvvəlki direktoru tərəfindən imzalanmışdır, lakin müqavilə üzrə razılaşdırılmış işlər tam şəkildə görülməmiş, onlara təhvil verilməmişdir. Belə ki, həmin müqavilə üzrə onların iddiaçıya ümumilikdə 16600 manat borcları vardır, lakin həmin borc hələ ödənilməmişdir. Bundan əlavə, onlarda olan təhvil-təslim aktlarında tarix yoxdur, həmin sənədlər surətdir, təhviltəslim sənədlərində olan onların direktor müavininin imzası saxtalaşdırılıb, iddiaçı onların artıq işdən azad edilmiş işçisi ilə əlbir olub həmin işçidə saxlanılan faksimiledən istifadə etməklə həmin sənədləri tərtib etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 06D/19 saylı müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdeh) müxtəlif növ malları (işləri və ya xidmətləri) təchiz edir. Sifarişçi isə həmin malları (işləri və ya xidmətləri) qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada dəyərini icraçıya ödəyir. Malın (işləri və ya xidmətlərin) qiyməti, növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma və ya sifariş orderi ilə müəyyən olunur. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 26 noyabr 2019-cu il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən ümumilikdə 7778 manat, 26 dekabr 2019-cu il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən 12229 manat, 28 yanvar 2020-ci il tarixli 03 nömrəli təhviltəslim aktına əsasən 4446 manat, 25 fevral 2020-ci il tarixli 04 nömrəli təhvil-təslim aktına əsasən 2228 manat, 27 mart 2020-ci il tarixli 05 nömrəli təhvil-təslim aktına əsasən 2228 manat, 29 aprel 2020-ci il tarixli 06 nömrəli təhvil-təslim aktına əsasən 6684 manat, 26 may 2020-ci il tarixli 07 nömrəli təhvil-təslim aktına əsasən 23339 manat, 29 iyun 2020-ci il tarixli 08 nömrəli təhvil-təslim aktına əsasən 16685 manat, 27 iyul 2020-ci il tarixli 09 nömrəli təhvil-təslim aktına əsasən 10001 manat, 26 avqust 2020-ci il tarixli 10 nömrəli təhvil-təslim aktına əsasən 17784 manat, 23 oktyabr 2020-ci il tarixli 11 nömrəli təhviltəslim aktına əsasən 55528 manat məbləğində iş və xidmətlər yerinə yetirilmişdir. Müqavilə və təhvil-təslim aktları tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərək aralarında bağlanmış müqavilə üzrə yaranmış 158930 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 06D/19 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 158960 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 158960 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi izahatında hazırda müqavilə üzrə onların ödənilməli olan borcunun məbləğinin 16600 manat olduğunu göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi izahatında göstərdiyi hüquq pozuntusu barəsində hansı hər hansı hüquq mühafizə oqanına müraciət edilməməsinin səbəbini izah edə bilməmiş, göstərilənlərlə bağlı iddiaçıya yazılı şəkildə deyil, şifahi şəkildə məlumat verildiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 158930 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 158930 (bir yüz əlli səkkiz min doqquz yüz otuz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar