Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3725/2022 04.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borc tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3280 manat əsas borcun, 1628,4 manat cərimə, 65 manat mediasiya xərclərinin, 4,1 manat dövlət rüsumunun, cəmi 4977,5 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X1” QSC ilə "Paşasoy İnşaat” MMC arasında 19 aprel 2021-ci il tarixində 075-Pİ-CEC/21 nömrəli "Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Bu müqavilənin 1.1.-ci maddəsinə əsasən, "satıcı” – "X1” QSC bu müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə qeyd olunacaq malları satmağı və "alıcı” – "Paşasoy İnşaat” MMC isə öz növbəsində qeyd edilən malları alaraq dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı tərəfindən Müqavilə və "Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” aktlara uyğun olaraq ümumi dəyəri 4720 manat olan mallar alıcıya təhvil verilmişdir. Qeyd olunan borcla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı bağlanılmış və 4720 manat borcun mövcudluğu təsdiq edilmişdir. Lakin cavabdeh müqavilənin 2.6-cı maddəsinin tələblərini pozaraq, malların təhvil verilməsinə baxmayaraq, malın dəyərinin yalnız 1440 manat olan hissəsini ödəmiş, qalan 3280 manat borc isə hələ də ödənilməmişdir. Müqavilənin 4.1.3-cü maddəsinə əsasən, əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, satıcının alıcıdan hər ləngimə günü üçün ödəniləcək məbləğin 0,1%-ni həcmində cərimə tələb etmək hüququ vardır. Beləliklə, cavabdehin müqavilənin dəyərinin ödənilməsinin gecikdirilməsinə görə yaranmış cərimə borcunun 1628,4 manat təşkil edir. Cavabdeh "Paşasoy İnşaat” MMC-nin bugünki tarixədək iddiaçı "X1” QSC-yə borcu toplam 4908,4 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə 10 mart 2022-ci il tarixli, 00344 nömrəli pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 19 aprel 2021-ci il tarixli, 075-Pİ-CEC/21 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "Satıcı” – "X1” QSC müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcıya satmağı və "Alıcı” – "Paşasoy İnşaat” MMC isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. - 04 oktyabr 2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin "X1” QSC-yə olan borcunun məbləği 4720 manat təşkil edir. - 27 aprel 2021-ci il tarixli, 01 nömrəli; 20 may 2021-ci il tarixli, 02 nömrəli; 26 may 2021-ci il tarixli, 03 nömrəli aktlardan və EBBB seriyalı, 078955 nömrəli, 01 may 2021-ci il tarixli, EBBC seriyalı, 646263 nömrəli, 02 iyun 2021-ci il tarixli və EBBC seriyalı, 354102 nömrəli, 27 may 2021-ci il tarixli elektron qaimələrdən görünür ki, dəyəri müvafiq olaraq 1440 manat, 2560 manat və 720 manat təşkil edən mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.3-cü maddəsinə əsasən, əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1%ni həcmində cərimə ödəyəcək. Lakin, məhkəmə 3280 manat əsas borca 1628,4 manat cəriməni hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 1628,4 manat cərimə miqdarı azaldılaraq 300 manat miqdarında müəyyən edilməlidir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır və elektron qaiməyə, habelə üzləşmə aktına əsasən borcun mövcudluğu təsdiqini tapır. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 69,1 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. 3280 manat əsas borc və 300 manat cərimə olmaqla, ümumilikdə 3580 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3725/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3725/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver