Məhkəmə qərarları › İş №e-2-2(113)-3731/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3731/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3731/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən - 8 285 054,57 (səkkiz milyon iki yüz səksən beş min əlli dörd manat 57 qəpik) AZN (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 4 873 561.51 ABŞ dolları) əsas borc, 9 128 391,40 (doqquz milyon yüz iyirmi səkkiz min üç yüz doxsan bir manat 40 qəpik) AZN (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 5 369 642 (beş milyon üç yüz altmış doqquz min altı yüz qırx iki) ABŞ dolları) məbləğində dəbbə pulu, 828 505 (səkkiz yüz iyirmi səkkiz min beş yüz beş) manat pul öhdəliyinin icra edilməməsi üçün təzminat, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 (dörd yüz on) manat dövlət rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 5.000 (beş min) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 9913,68 (doqquz min doqquz yüz on üç manat 68 qəpik) manat dövlət rüsumu, həmçinin müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə köçürülmüş 991,37 (doqquz yüz doxsan bir manat 37 qəpik) manat dövlət rüsumu cəmi 18 258 266,02 (on səkkiz milyon iki yüz əlli səkkiz min iki yüz altmış altımanat, 02 qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vərərək, Cavabdeh MMC-dən 4.873.561,51 ABŞ dolları əsas borc, 6.856.125 ABŞ dolları məbləğində dəbbə pulu, məhkəmə qərarının qət olunduğu gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsini əsas götürməklə əsas borc məbləğinin faizi, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat dövlər rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 5000 (beş min) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 10.763,43 manat dövlət rüsumu, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə köçürülmüş 991,37 (doqquz yüz doxsan bir manat 37 qəpik) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə Nəqliyyat ekspedisiya xidmətlərin görülməsinə dair CRM-002 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməliyyatların (bundan sonra “Xidmətlər” adlandırılacaq) icrasını və ya icrasının təşkilini, sifarişçi isə sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, ekspeditorun bank hesabına 100% öncədən ödəməyi öz öhdəsinə gotürür. Həmin Müqavilənin 4.1.7-ci maddəsinə əsasən, tərəflər hər növbəti ayın 5 (beş) iş günü ərzində əvvəlki ay ərzində göstərilmiş xidmətlərlə bağlı üzləşmə aparmalı və müvafiq üzləşmə aktı imzalamalıdırlar. Cavabdeh MMC imzalanmış müqaviləyə istinad edilməklə 22 dekabr 2020-ci il tarixli yük daşımaları üzrə üzləşmə aktını imzalamışdır. Həmin aktla tərəflər ekspeditor tərəfindən xx.xx.2020xx.xx.2020-ci il dövr ərzində 6 745 393.45 ABŞ dolları məbləğində cavabdehə dəmir yolu ilə beynəlxalq yük daşımalarını göstərilməsini, bunun müqabilində cavabdeh 1.483.282.41 ABŞ dollar məbləğində ödəniş etdiyini və nəticədə 5 262 111.04 ABŞ dolları məbləğində öhdəliyi olduğunu təsdiqləmişdirlər. Tərəflər arasında aparılan danışıqlara əsasən razılıq nail olunmuşdur və 03 fevral 2021-ci il tarixində tərəflər arasında Əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh 28 oktyabr 2020-ci il tarixinə olan borc öhdəliyini təsdiq etmiş və həmin məbləği 2022-ci ilin fevral ayınadək hissələrlə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, həmin razılaşma ilə hesabların müəyyən edilmiş müddət ərzində ödənilməsində gecikmələr baş verdiyi halında, sifarişçi ekspeditora ödənişin gecikdirildiyi hər gün üçün ödənilməmiş hesabların məbləğinin 0.5% məbləğində dəbbə pulun ödənilməsi ilə razılaşmışdı. Cavabdeh qeyd olunan əlavə razılaşmasına əsasən ilk ay 200 000 ABŞ dolları ödəmək əvəzinə cəmi 153 000 ABŞ dolları ödəmişdir, sonrakı aylarda ümumiyyətlə heç bir ödəniş etməmişdir və beləliklə qeyd olunan razılaşma şərtlərini pozmuşdur. Daha sonra tərəflər arasında 23 noyabr 2021-ci il tarixində imzalanmış üzləşmə aktına əsasən xx.xx.2021-ci il tarixinə olan 4 867 079.78 ABŞ dolları məbləğində borc cavabdeh tərəfindən təsdiqlənmişdir. Son olaraq cavabdehə görülmüş işlər əvəzində 4 873 713.32 ABŞ dolları məbləğində yaranmış borc öhdəliyinin təsdiqi ilə bağlı iddiaçı 11 may 2022-ci il tarixində Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixinə olan borc məbləği barədə üzləşmə aktı göndərmişdir, lakin tərəf indiki günədək təsdiqləməmişdir. Hazırki gündə cavabdehin 8 285 054.57 (səkkiz milyon iki yüz səksən beş min əlli dörd manat 57 qəpik) AZN (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 4 873 561.51 ABŞ dolları) məbləğində borc öhdəliyi mövcuddur. Cavabdeh MMC İddiaçı MMC-nın qarşısında olan borc öhdəlklərinin ödənilməsinin təminatı olaraq "xxxx" MMC-ni (Rusiya Federasiyası) (ООО «Сан Лайт- Астрахань) zamin qismində təqdim etmişdir və buna dair 03 fevral 2020-ci il tarixində tərəflər arasında üçtərəfli zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən: a) Zamin ("xxxx" MMC-ni (Rusiya Federasiyası)) bütün pul vəsaitləri, daşınar və daşınmaz əmlakı ilə kreditor (İddiaçı MMC) qarşısında xx.xx.2019-cu il tarixli CRM-002 nömrəli müqavilədən irəli gələn öhdəliklər üzrə məsuliyyət daşıyır; b) Cavabdeh (Cavabdeh MMC) tərəfindən xx.xx.2019-cu il tarixli CRM-002 nömrəli müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə zaminlə birgə məsuliyyət daşıyırlar; c) Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu günə nə kreditor nə də zamin öhdəliklərini yerinə yetirməmişlər. Müqavilənin 4.1.5-ci maddəsinə əsasən daşınma üçün təqdim edilmiş hesab-fakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında gecikmə cəriməsi nəzərdə tutulmuşdur. 03 iyun 2022-ci il tarixə cavabdehə 9 128 391,40 (doqquz milyon yüz iyirmi səkkiz min üç yüz doxsan bir manat 40 qəpik) AZN ( Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 5 369 642 (beş milyon üç yüz altmış doqquz min altı yüz qırx iki) ABŞ dolları) məbləğində dəbbə pulu hesablanmışdır. Tərəflər arasında imzalanmış müqaviləyə, əlavə razılaşmaya istinad edilməklə iddiaçı Cavabdeh MMC-yə müxtəlif tarixlərdə borcun və hesablanmış dəbbə pulunun ödənilməsinə dair xəbərdarlıqlar, hesab fakturalar və tələblər, məsələnin məhkəmədənkənar həll edilməsinə dair məktublar göndərilmişdir lakin, cavabdeh, müxtəlif bəhanələri əsas tutaraq borcun ödənilməsindən yayınmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, qarşı tərəf xidmətin göstərilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Üzləşmə aktları qanunsuzdur. Rəhbərliyin üzləşmə aktından xəbəri yoxdur. Tərəflər arasında imzalanmış müqavilədə ödənişlərin avans qaydasında ödənilməsi qeyd olunmuşdur. İddiaçı tərəfindən ödənişlər olmadığı üçün xidmətlərin göstərilməsi mümkün deyildir. Cavabdehin nümayəndəsi iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, tərəflərin izahatlarını dinləyib,toplanmış sübutların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC “ekspeditor” Cavabdeh MMC “sifarişçi” olmaqla imzalanmış xx.xx.2019cu il tarixli CRM-002 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən aşağıdakı əməliyyatların icrasını vəya icrasının təşkilini, sifarişçi isə həmin xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Hər göstərilən xidmət üzrə şərtlər və qiymətlər müqaviləyə əlavədə öz əksini tapır. 2.2-ci bəndə əsasən sifarişçi sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesabfaktura təqdim edilən andan dərhal, hər bir halda xidmətlərin göstərilməsinin başlanmasına 3 gün qalmış, ekspeditorun bank hesabına 100% ödəməyi öhdəsinə götürür. 4.1.5-ci bəndə əsasən ekspeditorun hesab-fakturasının vaxtında ödənilməməsi hallarında, sifarişçi hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında cərimə ödəməyə borcludurlar. xx.xx.2019-cu il tarixli CRM-002 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə 03 fevral 2021-ci il tarixli əlavə razılaşmaya əsasən CRM-002 saylı 09 yanvar 2019-cu il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinin müddəti 01 fevral 2022-ci il tarixinədək uzadılır. 2-ci bəndə əsasən sifarişçi CRM-002 saylı 09 yanvar 2019-cu il tarixli nəqliyyat ekspedisiyası müqaviləyə əsasən 28 oktyabr 2020-ci il tarixə yaranmış 5.262.111,04 ABŞ dolları məbləğində borcu ödəyir. İddiaçı MMC və Cavabdeh MMC olmaqla imzalanmış 23 noyabr 2021-ci il tarixli üzləşmə aktının surətinə əsasən xx.xx.2021-xx.xx.2021 tarixinə CRM-002, xx.xx.2019 tarixli müqavilə üzrə xx.xx.2021 tarixinə Cavabdeh MMC-nin borcu 4.867.079,78 ABŞ dolları təşkil edir. İddiaçı MMC və Cavabdeh MMC olmaqla imzalanmış 11 may 2022-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2021-xx.xx.2021 tarixinə CRM-002, xx.xx.2019 tarixli müqavilə üzrə xx.xx.2021 tarixinə Cavabdeh MMC-nin borcu 4.873.713,32 ABŞ dolları təşkil edir. Qeyd olunan üzləşmə aktı İddiaçı MMC tərəfindən imzalanmış, təsdiqlənmişdir. "xxxx" MMC-nin direktoru M.İ,Qədimalıyev tərəfindən İddiaçı MMC-nin direktrou Kamran Hüseynova ünvanlanan 10 dekabr 2019-cu il tarixli məktubda borcun vaxtında ödənilməməsinin əsas səbəbi yüklərini daşıdıqları ayrı-ayrı hüquqi və fiziki şəxlərin ödənişi maliyyə çətinliklikləri ilə əlaqədar gecikdirmədədir. Yaranmış borc öhdəliyinin 2020-ci ilin 1ci rübündə tam olaraq ödəniləcəkdir. "xxxx" MMC-nin direktoru M.İ,Qədimalıyev tərəfindən İddiaçı MMC-nin direktrou Kamran Hüseynova ünvanlanan 25 sentyabr 2020-ci il tarixli məktubda hazırki vaxta borcun birdəfəlik ödənilməsinin mümkün olmadığı noyabr 2020-ci il üzrə 500.000 ABŞ dolları, dekabr 2020-ci il üzrə 1.000.000 ABŞ dolları qalan borcun 2021-ci ilin fevral ayından başlayaraq hər ay 500.000 ABŞ dolları etməklə 7 ay ərzində borcun tam ödənilməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 5.000 manat “LCG” Vəkil Bürosuna məxsus hesaba İddiaçı MMC tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yük danşınma müqaviləsi imzalanmışdır. Qeyd olunan müqavilə üzrə iddiaçı müqavilə öhdəliklərini icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəyə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3-cü maddəyə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı iddia tələbinə etirazını tərəflər arasında imzalanmış üzləşmə aktlarının qanunsuz olması, rəhbərliyin üzləşmə aktlarından xəbərsiz olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan üzləşmə aktları hər iki tərəfin səlahiyyətli şəxsləri (direktorları) tərəfindən imzalanmış və müvafiq qaydada möhürlənmişdir. Cavabdehin nümayəndəsi üzləşmə aktlarının əsassız olmasını bildirsə də bunu sübuta yetirəcək hərhansı dəlilləri məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiaçıya olan borcu hər iki tərəfin təsdiqdlədiyi üzləşmə akları, eləcə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. Əlavə olaraq iddiaçı 6.856.125 ABŞ dolları məbləğində dəbbə pulu da tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 487.356 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, ilkin mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat dövlət rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 2.000 (iki min) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 10.763,43 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulamlıdır. Məhkəmə müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş 991,37 manat dövlət rüsumunun tələb edilməsinə münasibətdə qeyd edir ki, AR MPM-nə əsasən müvəqqəti təminat tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasına əsaslı şübhələr yaranacağı halda tətbiq edilir. Müvəqqəti təminat tədbiri barədə ərizə tərəfin öz seçimi əsasında verilir. Bu baxımdan məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4.873.561,51 ABŞ dolları əsas borc, 487.356 ABŞ dolları cərimə məbləği (ödəniş gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla), ilkin mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat dövlət rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 2.000 (iki min) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 10.763,43 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar