Məhkəmə qərarları › İş №e-2-2(113)-3733/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3733/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3733/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 22.649,98 manat, cərimə borcu üzrə 21.925,18 manat və mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pulun Cavabdeh MMCdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 30 mart 2020-ci il tarixli “18S2020/SB” nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 30 mart 2020-ci il tarixli “18S-2020/SB” üzrə X1 əsasən satıcı İddiaçı ASC, alıcı Cavabdeh MMC-ni müxtəlif növ toyuq əti məhsulları ilə sifarişlərə əsasən tam təmin etmiş, sifariş verilmiş mallar vaxtlıvaxtında İddiaçı ASC-nin hesabına Cavabdeh MMC-yə göndərilmişdir. Beləliklə də, satıcı İddiaçı ASC tərəfindən Müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmuş və Cavabdeh MMC tərəfindən sifariş verilmiş mallar vaxtı-vaxtında onlara təmin olunmuşdur. Cavabdehnə iddia qaldırmadan öncə ödəniş etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. İddiaçı ASC, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 18S-2020/SB saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokolunda və ya qaimələrdə göstərilən malları, bu müqavilə və qaimələrdə göstərilən miqdarda və həmin qiymətlərlə alıcıya təqdim etməyi, alıcı isə malları qəbul edib dəyərini bu müqavilə şərtləri əsasında ödəməyi öz öhdəsinə götürmüşdür.

13. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə satılacaq malların qiymətləri müqavilənin bağlandığı anda qaimələrdə və daha sonra dəyişikliklər olduqca müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimələrdə göstəriləcəkdir.

14. Müqavilə və qiymət razılaşdırma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək tərəflər arasında təhvil-təslim aktının imzalanmadığını, malların cavabdehə təhvil verilməsinin e-qaimələrlə təsdiq olunduğunu bildirmişdir.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

17. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı QSC-nin üzərinə düşür.

18. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilələrin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir.

19. Müqavilələrin 1.1-ci bəndinin məzmunundan aydın olur ki, tərəflər özləri malların verilməsinin rəsmiləşdirilməsi və verilmiş mallara görə ödənişlərin məhz göndərilmiş qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər.

20. İşdən görünür ki, İddiaçı QSC tərəfindənCavabdeh MMC-yə EBAJ 939080 saylı xx.xx.2020-ci il tarixli dəyəri 9.073,06 manat olan, EBAİ 427395 saylı xx.xx.2020-ci il tarixli dəyəri 3.718,94 manat olan, EBAİ 426301 saylı xx.xx.2020-ci il tarixli dəyəri 14.657,98 manat olan elektron qaimələr alıcı göndərilmişdir.

21. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdə göstərilmiş mələğlərin cəmi sadə riyazi hesablama ilə 27.449,98 manat təşkil edir.

22. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən (kassa mədaxil orderindən) görünür ki, cavabdeh tərəfindən iddiaçıya 4.800 manat ödəniş edilmişdir.

23. Göründüyü kimi, cavabdeh ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişləri etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin elektron qaimə üzrə həyata keçirildiyini və qeyd edilmiş malların verildiyini qəbul etmişdir.

24. Göründüyü kimi, cavabdehə verilmiş olan 27.449,98 manat dəyərində olan mallara görə 4.800 manat məbləğində ödəniş edildiyindən qalıq borc məbləği 22.649,98 (27 449,98-4800) manat təşkil edir.

25. Beləliklə, Məhkəmə hesab edir ki, iddia əsas borcun yəni 22.649.98 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.

26. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

27. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən müqavilənin 2-ci bəndinin tələblərini icra etməsini alıcıdan tələb etmək və alıcı tərəfindən icra edilmədikdə, malların verilməsini dayandırmaq, ödənişi gecikdirilən məbləğin 0,01%-i həcmində dəbə pulu tələb etmək satıcının hüququdur.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

31. Hazırki işin hallarından görünür ki, cavabdehin 22.649,98 manat məbləğində əsas borcuna münasibətdə 1100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

32. Ona görə də cərimə borcu üzrə 1.100 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir.

33. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı QSC tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə 200 manat məbləğində pul Bakı 10 saylı Mediasiya təşkilatına ödənmişdir.

34. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin.

35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 18S-2020/SB saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 22.649 (iyirmi iki min altı yüz qırx doqquz) manat, 98 (doxsan səkkiz) qəpik, cərimə borcu üzrə 1100 (bir min yüz) manat, cəmi 23.749 (iyirmi üç min yeddi yüz qırx doqquz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar