Məhkəmə qərarları › İş №e-2-2(113)-3735/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3735/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3735/2022 27.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul öhdəliyin icra edilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 199,874.17 manat (AR Mərkəzi Bankın bugünki məzənnəsinə əsasən 117573.04 ABŞ dolları) əsas borc, 443,720 manat ( 261012 ABŞ dolları) məbləğində dəbbə pulu, 19874 manat pul öhdəliyinin icra edilməməsi üçün təzminat, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat dövlət rüsumu , vəkil xidmətləri üçün ödənilmiş 2000 manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 955.88 manat dövlət rüsumu, həmçinin müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə köçürülmüş 95,59 manat dövlət rüsumu, cəmi 666,930.04 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmşdır və Sifarişçinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyatekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərir.Cavabdeh müvafiq yüklərin dəmir yolu vasitəsi ilə daşınması məqsədi ilə Ekspeditor ilə 18 dekabr 2018-ci il tarixli ALM-048 saylı Nəqliyyat ekspedisiya Müqaviləsi imzalanmşdır, bununla da müqavilənin şərtlərinə uyğun olaraq yerləşdirilmiş sorğuya əsasən Ekspeditora işlərin ilkin dəyərinin 100% əvvəlcədən ödənişini etməklə görülmüş işlərin və xidmətlərin vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "KDYLOGİSTİK” MMC arasında xx.xx.2018-ci il tarixdə Nəqliyyat ekspedisiya xidmətlərin görülməsinə dair ALM-048 saylı müqavilə imzalanmışdır.Həmin Müqavilənin şərtlərinə əsasən Ekspeditor Sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməliyyatların (bundan sonra “Xidmətlər” adlandırılacaq) icrasını və ya icrasının təşkilini, Sifarişçi isə sifariş edilən Xidmətlərin dəyərini Ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda Xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış. Ekspeditorun bank hesabına 100% öncədən ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.1,7-ci maddəsinə əsasən, tərəflər hər növbəti ayın 5 (beş) iş günü ərzində əvvəlki ay ərzində göstərilmiş xidmətlərlə bağlı üzləşmə aparmalı və müvafiq Üzləşmə Aktı imzalamalıdırlar. Cavabdeh MMC imzalanmış müqaviləyə istinad edilməklə son olaraq 15 mart 2021-ci il tarixli yük daşmaları üzrə Üzləşmə aktını imzalamışdır. X6 Ekspeditor tərəfindən 01xx.xx.2021-ci dövr üzrə 117573,04 ABS dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 199874,17 manat) məbləğində«rabdehə dəmiryolu ilə beynəlxalq yük daşımalarını göstərilməsini, bunun müqabilində cavabdeh tərəfindən heç bir ödəniş jtmədiyini və nəticə olaraq 117573,04 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 199874,17 manat) məbləğində öhdəliyi olduğunu təsdiqləmişdirlər. Həmin Müqavilənin 4.1,5-ci maddəsinə əsasən daşınma üçün təqdim edilmiş hesab-fakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında gecikmə cəriməsi nəzərdə tutulmuşdur. 03 iyun 2022-ci il tarixə Cavabdehə 443 720,40 AZN (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 261 012,00 məbləğində dəbbə pulu hesablanmışdır. Tərəflər arasında imzalanmış müqaviləyə istinad edilməklə Cavabdeh MMC-yə müxtəlif tarixlərdə borcun ödənilməsinə dair xəbərdarlıqlar və tələblər, məsələnin məhkəmədənkənar həll edilməsinə dair məktublar göndərilmişdir lakin, cavabdeh, müxtəlif bəhanələri əsas tutaraq borcun ödənilməsindən yayınmaqdadır. Bakı 1 saylı mediasiya təşkilatı vasitəsi ilə “Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün MMC-yə tarixdə təklif göndərilmişdir, ilkin mediasiya sessiyalarında ağlabatan nəticə əldə olunmadığı üçün Mediasiya təşkilatı tərəfindən “Mediasiya prosesinə xitam verilməsi barədə protokol" təqdim edilmiş və bununla da mediasiya prosesinə xitam verilmişdir. 29 avqust 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 98,054.17 manat (AR Mərkəzi Bankın bugünki məzənnəsinə əsasən 57,678.92 ABŞ dolları) əsas borc, 443,720.40 manat (261012 ABŞ dolları) məbləğində dəbbə pulu, 19874 manat pul öhdəliyinin icra edilməməsi üçün təzminat, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat dövlət rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 2000 manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 545.88 manat dövlət rüsumu, həmçinin müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə köçürülmüş 95,59 manat dövlət rüsumu, cəmi 564,700.04 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 verdiyi izahatda bildirdi ki, tərəflərindən 60,000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Demək olar ki, borcun yarısından çoxu ödənilmişdir. Qalan hissəsinin ödənişi isə qısa bir zamanda həyata keçiriləcəkdir. Hal-hazırda bank hesablarına həbs qoyulduğundan heç bir tədbir həyata keçirilməsi mümkün deyildir. Odur ki, banklarda olan hesablardan ödəniş edə bilmirlər. Qeyd edilənlərə əsasən yalnız əsas borcla bağlı olan hissədə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Ekspeditor qismində İddiaçı MMC və sifarişçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ALM-048 nömrəli müqaviləyə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən nəqliyyat və nəqliyyat ekspedisiya xidmətləri, hər növ stansiya xidmətləri ( o cümlədən yükləmə və yüklərin göndərilməsi üçün naryad alınma, vaqonların/nəqliyyat vasitələrinin verilib-götürülməsi, nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi, stansiya xidmətlərindən irəli gələn xərclərin ödənilməsi, muhafizə, yükləmə/boşaltma xidmətləri), gömrük rəsmiləşdirilməsi və ya digər rəsmiləşdirmələr, keyfiyyət və kəmiyyət ölçüləri, yüklərin/malların saxlanılması/anbarlaşdırılması, yüklərin/malların aşırılması əməliyyatlarının icrasını və ya icrasının təşkilini, Sifarişçi isə həmin Xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1.2. Göstərilən xidmətlərin siyahısı və müddəti, daşınacaq yüklərin/malların adı, növü, miqdarı və marşrutu bu müqaviləyə Əlavələr ilə müəyyən olunur. Sifarişçi göstərilən xidmətlərə görə ekspeditorun təqdim etdiyi hesab-fakturalara əsasən ödəməyi öz öhdəsinə götürür. 2.7. Sifarişçi tərəfindən ödəmə yerinə yetirilmədiyi və ya ödəmədə gecikdirilmə olduğu təqdirdə, ekspeditor xidmətlərin göstərilməsindən imtina etmək, dayandırmaq və ya yüklərin /malların vaqonların hərəkətdə olduqları istiqamələrdə saxlamaq hüququna malikdir. Bununla bağlı yaranmış əlavə ödəniş və xərclər, bütün cərimələr sifarişçi tərəfindən ödənilir. - Bir tərəfdən İddiaçı MMC-nin direktoru Teymur Musayev, digər tərəfdən "xxxx" MMC-nin direktoru M.İ.Qədimalıyev tərəfindən imzalanmaqla və hər iki hüquqi şəxsin möhürü vurulmaqla tərtib edilmiş yük daşınmaları üzrə üzləşmə aktına əsasən xx.xx.2021-ci il tarixinə "xxxx" MMC-nin ödənilməmiş borc məbləği 117,573.04 ABŞ dolları təşkil edir. - İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 117573,04 ABŞ dolları məbləğində pulun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. - xx.xx.2022-ci il tarixli, İPT seriyalı 059986 nömrəli kassa mədaxil orderinə əsasən "xxxx" MMC tərəfindən 101820 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, göstərilmiş xidmətlərin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ALM-048 nömrəli nəqliyyat ekspedisiya müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya tərəflər arasında bağlanmış müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli ALM-048 saylı nəqliyyat ekspedisiya müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 199,874.17 manat (117,573.04 ABŞ dolları) dəyərində daşıma xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəlik lazımı qaydada icra edilməsinə baxmayaraq, cavabdeh göstərilmiş xidmətin dəyərini ödəməmişdir. Qeyd edilən fakt hər iki hüquqi şəxsin direktorları tərəfindən imzalanmaqla və möhürlənməklə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə də öz təsdiqini tapır. Belə ki, həmin aktdan görünür ki, xx.xx.2021-ci il tarixə cavabdehin ödənilməmiş borcunun məbləği 117,573.04 ABŞ dolları təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatda cavabdeh hüquqi şəxsin göstərilən xidmətlərin əvəzini ödəmədiyini təsdiqləmişdir. xx.xx.2022ci il tarixdə "xxxx" MMC tərəfindən 101820 manat məbləğində ödəniş həyata keçirilmiş, bununla da ödənilməmiş əsas borc məbləğinin qalığı 98,054.17 manat təşkil etmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 98,054.17 manat (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 57,678.92 ABŞ dolları) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. İddiaçı eyni zamanda iddia tələbində cavabdehdən 443,720.40 manat məbləğində dəbbə pulunun və pul öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 19874 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə iddia tələbini 19874 manat pul öhdəliyinin icra edilməməsi üçün təzminat ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445-ci maddəsi ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Göründüyü kimi, MM-in 445-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddiaçı eyni zamanda iddia tələbində 410 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 545.88 manat və müvəqqəti təminat tədbirinin verilməsinə görə ödənilmiş 95.59 manat və hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 2000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı tərəfindən mediasiya xərci və dövlət rüsumu, eyni zamanda hüquqi yardımın göstərilməsi ilə bağlı 2000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehin təqsiri üzündən iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi 2000 manat məbləğində hüquqi yardım xərcləri tutulması hissəsində qismən əsaslı hesab edir və Cavabdehdən İddiaçının xeyrinə 1000 manat pulun tutulmalı olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 98,054.17 (doxsan səkkiz min əlli dörd manat on yeddi qəpik) (AR Mərkəzi Bankın bugünki məzənnəsinə əsasən 57,678.92 ABŞ dolları) əsas borc, 5000 manat dəbbə pulu, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat, vəkil xidmətlərinə görə 1000 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 545.88 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinin verilməsinə görə ödənilmiş 95.59 manat olmaqla, cəmi 105,105.64 (yüz beş min yüz beş manat altmış dörd qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar