Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3738/2022 12.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, X1 Cavabdehnə qarşı borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus qaz hesabında əsassız hesablanmış 1859,6 manat borcun silinməsi və ilkin mediasiya sessiyasına görə ödənilmiş məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinin təbii qazla təmin edilməsi üçün təlimata uyğun şəkildə Cavabdehnə müraciət edərək lazımi sənədləri hazırlamışdır. Bundan sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmaqla təbii qaz təchizatı həyata keçirilmişdir. Aylıq istifadə olunan qazın dəyəri təqdim edilən hesab-faktura əsasında tam şəkildə ödənilməkdədir və iddiaçının heç bir borcu olmamışdır. Lakin, sonuncu dəfə təqdim edilmiş hesab-fakturada iddiaçının 1859,6 manat borc olduğu göstərilmiş, həmin borc da ödənilmədiyi halda sahənin qaz təminatı dayandırılacağı bildirilmişdir. Yerli qaz idarəsi ilə əlaqə saxlayarkən, qeyri-yaşayış sahəsinin bir neçə ay öncə sökülən sayğacın yoxlama zamanı nasaz olduğu müəyyən edildiyi və bu səbəbdən cəriməyə əsasən borc yarandığı bildirilmişdir. ********** saylı vergi qeydiyyatında olan sahibkar kimi bugünə kimi cavabdehlə borcla bağlı heç bir anlaşılmamazlıq olmamış, hər ay ödənişlər edilmişdir. Məhkəməyə qədər qarşı tərəfə məktublar göndərilsə, eyni zamanda 29 sentyabr 2021-ci il tarixli mediasiya prossesinin tətbiqi barədə təklif göndərilməsinə baxmayaraq heç bir münasibət bildirilməmişdir. Bundan əlavə 11 fevral 2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də cavabdeh təşkilat iştirak etməmiş və bu barədə 2021-003050 saylı arayış verilmiş, ilkin mediasiyanın keçirilməsi ilə bağlı 60 manat rüsum ödənilmişdir. İddiaçı X3 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh İB tərəfindən iddia tələbinə etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, iddiaçı X2 məxsus qeyri-yaşayış sahəsinin **********00063 saylı qaz hesabında 18 iyul 2022-ci il tarixə 3583,96 manat borc vardır, həmin borcun 1724,36 manat hissəsi hazırda istismarda olan G-40 markalı ********** nömrəli qaz sayğacının 84423 m3 göstəricisinə, 1859,6 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissə də olan borc məbləğini mübahisələndirməkdədir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən fiziki şəxs X2 məxsus qeyri-yaşayış sahəsində istismara verilmiş G-40 markalı ********** nömrəli qaz sayğacı baxış keçirilməsi üçün ünvanından açılmış və ********** nömrəli sayğac quraşdırılmışdır. Sözügedən sayğac 22 fevral 2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və baxış zamanı sayğacın rotorlarının balansdan çıxdığı, sayğacdan hava keçir lakin sayğac sərfiyyatı qeyd etmədiyi müəyyən olunmuşdur. Bu barədə qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29 mart 2021-ci il tarixli 29/1640-00341 saylı akt tərtib edilmişdir. Bundan sonra mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh İB-nin İSQNŞ-nın 30 iyun 2021-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın həcmi 9298 m3 və ya onun pul dəyəri olan 1859,6 manat həcmində müəyyən edilmiş və hazırkı iddiaçıdan tələb olunmuşdur. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərərin hesablanmasına gəldikdə isə tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cu bəndinə əsasən, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. İş materiallarında olan: 30 iyun 2021-ci il tarixli ******* saylı akt ilə baxış keçirilən zaman Cavabdeh İB-nin Metologiya Departamentinin qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 29 mart 2021-ci il tarixli SNN 29/1640-00341 nömrəli aktına əsasən ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, itirilmiş qazın həcmi hesablanaraq ödənilməsi tələb olunmuşdur; 29 mart 2021-ci il tarixli, SS 29/1640-00341 saylı akta əsasən xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış G40 markalı rotor tipli “İTRON” qaz sayğacı 22 fevral 2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində rotorların balansdan çıxdığı, sayğacın sərfiyyatı qeyd etmədiyi, termo naqilin başlıq olan hissəsində izolasiya qatının pozulduğu müəyyən edilmişdir; 30 iyun 2021-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnaməyə əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən X2 məxsus obyektdə olan G-40 markalı ********** saylı sayğacda “rotorlar balansdan çıxıb, hava vuruldu, sayğacdan hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir” nöqsanların aşkar olunduğu və dəymiş ziyan 9298 kub metr qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən Qəbələ rayonu, Nohurqışlaq kəndinə yerləşən iddiaçıya məxsus çörək sexində yoxlama aparılmış və 30 iyun 2021-ci il tarixli ******* saylı akt ilə 22 fevral 2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların Müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində rotorların balansdan çıxdığı, sayğacın sərfiyyatı qeyd etmədiyi, termo naqilin başlıq olan hissəsində izolasiya qatının pozulduğu nəticəsində sayğacın sərfiyyatı qeydə alınmaması nəticəsində dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur; 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 1859,6 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, i ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdehnə qarşı borcun silinməsi barədə iddiası təmin edilsin. Cavabdeh tərəfindən X2 hesablanmış 1859,6 manat məbləğində borc silinsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3738/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3738/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver