Məhkəmə qərarları › İş №e-2-2(113)-3747/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3747/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3747/2021 20.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X3 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının xeyrinə 19740 ABŞ dollarının, 7678,86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27418,86 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçının xeyrinə 19740 ABŞ dollarının, 7678,86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27418,86 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında mal alınıb satılması məqsədilə 15 iyul 2019-cu il tarixli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Satıcı Alıcıya 19740 ABŞ dolları dəyərində mal satmışdır. Alıcı tərəfindən satıcıya pul ödənilməmişdir. Alıcının satıcıya 19740 ABŞ dolları borcu qalmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu dövrdə hər dəfə alqı-satqı zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan kənd təsərrüfatı məhsullarını satmağı, alıcı isə öz növbəsində həmin malları hazırki müqavilənin və İnkoterms 2010 şərtlərinə uyğun olaraq qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.4-cü bəndinə əsasən,alıcı çatdırılmış Malları bu müqavilənin və bu müqaviləyə əlavələrin şərtlərinə uyğun olaraq qəbul etməyə və dəyərini ödəməyə borcludur. Həmin müqavilənin 11-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi 19740 ABŞ dolları dəyərində təşkil edir. Həmçinin mövcud borcun ödənişi gecikdirildiyi üçün iddiaçının cavabdehdən müqavilənin 7.2-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən 7678,86 ABŞ dolları məbləğində cərimə tələb etmək hüququ yaranmışdır. Müqavilənin 11.2-ci bəndinə əsasən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq tənzimlənəcəkdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: “Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən” Çıxarışdan və “Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında” Şəhadətnamədən görünür ki, İddiaçı 08 iyun 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 15 iyul 2019-cu il tarixli, BM/06 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə müvafiq əlavələrdə qeyd olunan kənd təsərrüfatı məhsullarını satmağı, alıcı isə həmin malları hazırki müqavilənin və İnkoterms 2010 şərtlərinə uyğun olaraq qəbul edib, dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 15 iyul 2019-cu il tarixli 003 saylı fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 19740 ABŞ dolları dəyərində mal satılmışdır. Gömrük bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 19740 ABŞ dolları dəyərində mal göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 15 iyul 2019-cu il tarixli, BM/06 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə müvafiq əlavələrdə qeyd olunan kənd təsərrüfatı məhsullarını satmağı, alıcı isə həmin malları hazırki müqavilənin və İnkoterms 2010 şərtlərinə uyğun olaraq qəbul edib, dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 19740 ABŞ dolları dəyərində mal göndərilmiş, lakin cavabdeh tərəfindən malların dəyəri ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən müqavilə ilə cavabdehə verilmiş malın ödənilməmiş 19740 ABŞ dolları məbləğin cavabdehdən tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, Müqavilənin 7.2-ci bəndinə əsasən, cavabdeh cərimə ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, tələb olunan 7678,86 ABŞ dolları cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 19740 ABŞ dolları, 7678,86 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 27418,86 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar