Məhkəmə qərarları › İş №e-2-2(113)-3748/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3748/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3748/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı ödənilmiş vəsaitin geri qaytarılması və dəymiş zərərin tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 779 manat məbləğində vəsaitin, 77,90 manat məbləğində zərər olmaqla, cəmi 856,90 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC iləCavabdeh MMC arasında 02 iyul 2018-ci il tarixdə “Təlim xidmətlərinin göstərilməsi haqqında” HBC-007/18№-li Müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə 2358 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin Müqavilənin 1-ci və 2-ci Razılaşma protokollarına əsasən Cavabdeh İddiaçının işçilərinə müəyyən edilmiş tarixlərdə təlim xidmətlərini həyata keçirməyə öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, bu müqavilə üzrə aldığı haqq müqabilində razılaşdırılmış tarixlərdə təlimləri tam olaraq icra etməmişdir. Belə ki, Cavabdehin təqdim etdiyi 02.07.2018-ci il və 14.12.2018-ci tarixli Hesab-Fakturalara əsasən ayrı ayrılıqda 1350 manat və 1008 manat olmaqla, cəmi 2358 manat məbləğində pul vəsaiti əvvəlcədən Cavabdehin hesabına ödənilmişdir. Ödənilmiş vəsaitin müqabilində Müqavilə üzrə təlimlərin keçirilməli olduğu 240 (iki yüz qırx) saatdan cəmi 120 (yüz iyirmi) saat təlim keçirilmişdir. Əlavə olaraq, təlim iştirakçılarına cavabdeh tərəfindən dəyəri 800 (səkkiz yüz) manat olan dərs ləvazimatları verilmişdir. Beləliklə, müqavilə üzrə yaranmış öhdəliklərin 1579 manat dəyərində olan hissəsi icra edilmiş, lakin 779 manat məbləğində hissəsi qarşılığında xidmət göstərilməmiş və Müqavilə tam icra edilməmişdir. (2358 (ödənilmiş xidmət haqqı) – 800 (verilmiş dərs ləvazimatları)) / (240/120)=779 manat Xidmətlərin icra olunmalı olan 16 dekabr 2018-cü il tarixdən bu günədək Cavabdeh özgə vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə mülki qanunvericiliyə əsasən həmin vəsaitin məbləğindən müəyyən faizlər ödəməlidir. Bankın pul vəsaitdən qanunsuz istifadə nəticəsində ona vurulmuş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə cavabdeh borclu olduğu 779 manat pula görə illik 5 (beş) faiz yəni illik 38,95 manat faiz ödəməlidir. Cavabdehin 2 il müddətində borcunu qaytarmaması nəticəsində iddiaçıya 77,90 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.4.-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində 779 manat borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 77,90 manat dəymiş zərər tələbi ilə bağlı mübahisə olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı ödənilmiş vəsaitin geri qaytarılması və dəymiş zərərin tutulması tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 16.04.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar