Məhkəmə qərarları › İş №e-2-2(113)-3748/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3748/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3748/2023 25.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı “X2 Makina ve Ekipmanları Sanayi Ticaret Limited” Şirkəti Cavabdehnə qarşı “təchizat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2 Makina ve Ekipmanları Sanayi Ticaret Limited” Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2018-ci il tarixli təchizat müqaviləsi üzrə 140 539,62 ABŞ dolları əsas borc, 5270 ABŞ dolları faiz borcu, 2810 ABD dolları əlavə xərc olmaqla ümumilikdə 148 619,62 ABD dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2018-ci il tarixli, 09/18-SMM- 238 nömrəli təchizat müqaviləsinin 14.1-ci bəndinə əsasən, tərəflər bu müqavilədən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Danışıqlar müsbət nəticə vermədikdə, mübahisə Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaq. Məhkəmə müəyyən edir ki, tərəflər sözügedən müqavilədən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər nizama salınması barədə razılığa gəlmişdir. Eyni zamanda cavabdeh xx.xx.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemindən qeydiyyatdan keçmiş və həmin sistemdə elektron kabinetə malikdir. Lakin iş materiallarına əlavə edilmiş 10 aprel 2023-cü il tarixli bildiriş (pretenziya məktubu) poçt rabitəsi vasitəsilə cavabdehə göndərilmişdir. Halbuki, cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmaqla sahibkarlıq fəaliyyəti subyektidir və müvafiq məktub cavabdehə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş çatdırılma qaydasında – hazırkı halda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehlərlə mübahisənin qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı “X2 Makina ve Ekipmanları Sanayi Ticaret Limited” Şirkəti Cavabdehnə qarşı “təchizat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar