Məhkəmə qərarları › İş №e-2-2(113)-3755/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3755/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3755/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi və iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi məhkəməyə müraciət edərək, 13.12.2017-ci il tarixli 07-LA/17 nömrəli müqavilə üzrə 114000 manat gecikdirilmiş borcun və hesablanmış 54162 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat cəmi 168662 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 13.12.2017-ci il tarixli 07-LA/17 nömrəli müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnoloji avadanlığı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 18.05.2021-ci il tarixə 13.12.2017-ci il tarixli 07-LA/17 nömrəli müqavilə üzrə 114000 manat gecikdirilmiş borcu və hesablanmış 54162 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh və cavabdehin nümayəndəsi, vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Vəkil2 tələbi qəbul etməyərək izahatında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 13.12.2017--ci il tarixli, 07-LA/17 nömrəli texnoloji avadanlığın lizinqə verilməsi barədə müqavilədən və həmin müqaviləyə 1 saylı və 2 saylı əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh oğluna ümumi dəyəri 365260 manat olan broyler kəsim xətti avadanlıqlarını ilkin ödəniş 18300 manat olmaqla, 2018-ci il tarixə 3 rüb üçün hər rüb 9000 manat, 2019-cu il tarixə hər rüb 10000 manat, sonuncu rüb, yəni, 31.12.2024-cü il tarixdə 19 990,00 manat ödəməyi öhdəsinə götürməklə lizinqə verilmişdir. 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğivə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən görünür ki, Cavabdeh 2018-ci il tarixə 4-cü rübə görə hər rüb gecikdirilmiş günlərin sayı 90 olmaqla 810,00 manat, 2019-cu il tarixə 1-ci rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 1620,00 manat, 2019-cu il tarixə 2-ci rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 2520,00 manat, 2019-cu il tarixə 3-cü rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 3420,00 manat, 2019-cu il tarixə 4-cü rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 4320.00 manat, cəmi 11880,00 manat məbləğində, 2020-ci il tarixə 1-ci rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 5220,00 manat, 2020-ci il tarixə 2-ci rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 6210,00 manat, 2020-ci il tarixə 3-cü rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 7200 manat, 2020-ci il tarixə 4-cü rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 8190,00 manat cəmi 26820,00 manat məbləğində 2021-ci il tarixə 1-ci rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 9180,00 manat, 2021-ci il tarixə 2-ci rübə görə gecikdirilmiş günlərin sayı 48 olmaqla 5472,00 manat cəmi 14652,00 manat məbləğində yekun olaraq isə 54162,00 manat cərimə borcu hesablanmışdır. 18.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 114000 manat gecikdirilmiş borcu və 54162 manat cərimə borcu vardır. Kapital Bankın 17.07.2021-ci il tarixli Ref 000İPX1211981B33 nömrəli ödəniş qəbzindən görünür ki, 5 saylı Vəkil Bürosuna 02062021 1087 nömrəli müqaviləyə əsasən hüquqi xidmət üçün 500 manat ödənilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 13.12.2017ci il tarixli 07-LA/17 nömrəli lizinq müqaviləsi üzrə 114000 manat əsas borc, 54162 manat cərimə olmaqla, cəmi 168162 manat məbləğində borcu vardır. 13.12.2017-ci il tarixli 07- LA/17 nömrəli broyler kəsim xətti avadanlıqlarının lizinqə verilməsi barədə müqavilə və həmin müqaviləyə 1 saylı və 2 saylı əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh ümumi dəyəri 365 260, 00 manat olan broyler kəsim xətti avadanlıqlarını ilkin ödəniş 18300 manat olmaqla yekunda yəni 2024-cü ilin sonuna hər iki texnikaya cəmi 365260,00 manat ödəməyi öhdəsinə götürməklə (texnikanın dəyəri tam ödənildikdən sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2, 467-ci və 747.1-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh lizinq obyektinə görə ödənişləri etmədiyinə görə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə 18.05.2021-ci il tarixə 114000 manat məbləğində gecikdirilmiş borc yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əsas borc və hüquqi xidmətə görə ödənilmiş vəsaitin tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçının müqavilənin 4.2-ci bəndinə əsasən 54162 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 6000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.12.2017-ci il tarixli 07-LA/17 lizinq müqaviləsi üzrə 18.05.2021-ci il tarixə 114000 manat əsas borc, 6000 manat cərimə və hüquqi yardım üçün 500 manat cəmi 120500 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi dövlət rüsumunun ödənilməsindən azad olunduğuna görə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13.12.2017-ci il tarixli 07-LA/17 lizinq müqaviləsi üzrə 18.05.2021-ci il tarixə 114000 manat əsas borc, 6000 manat cərimə və hüquqi yardım üçün 500 manat cəmi 120500 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar