Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-376/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" ASC ilə (iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi sələfi) Cavabdeh MMC arasında texnoloji avadanlığın lizinqə verilməsinə dair 28-LA/13 saylı xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən dəyəri 735.530 manat olan fındıq emalı avadanlığı "xxxx" ASC tərəfindən 10 il müddətinə Cavabdeh MMC-yə lizinqə verilmişdir. Həmin müqavilənin əlavəsi olan ödəniş qrafikinə əsasən lizinq alan Cavabdeh MMC tərəfindən 36800 manat qabaqcadan ödəniş, 2013-cü ilin 4-cü rübü üçün 36753 manat, 2014-cü ilin 4-cü rübündən başlayaraq 2023-cü ilin 2-ci rübünə qədər hər rüb 18.500 manat (2023-cü ilin 3-cü rübü 0 manat) olmaqla ümumilikdə 721.053 manat məbləğində lizinq ödənişləri edilməli idi.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-559/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC (hazırda Aqrar Kredit və İnkişaf Agentliyi) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 35-LA/12 və xx.xx.2013-cü il tarixli 28- LA/13 nömrəli müqavilələr üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehndən xx.xx.2012-ci il tarixli 35-LA/12 və xx.xx.2013-cü il tarixli 28-LA/13 nömrəli müqavilələr üzrə (2020-cü ilin dördüncü rübünədək olan müddət üçün) 1.120.838 manat məbləğində gecikdirilmiş əsas borc və 50000 manat məbləğində cərimə, cəmi 1.170.838 manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilir ki, ödənilməsi qət edilmiş 1.120.838 manat məbləğində əsas borc xx.xx.2012-ci il tarixli 35-LA/12 nömrəli və xx.xx.2013-cü il tarixli 28-LA-13 nömrəli lizinq müqavilələri üzrə qətnamənin qəbul edildiyi tarixədək (yəni 2020-ci ilin üçüncü rübün ödənişi də daxil olmaqla) olan müddət üçün hesablanmış gecikdirilmiş borc məbləğidir.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2013-cü il tarixli 28-LA-13 saylı lizinq müqaviləsi üzrə müqavilə məbləği 735530 manat, 110553 manat ödəniş edilib, lizinq alan Cavabdeh MMC-nin gecikdirilmiş borcu 205920 manat (Qeyd: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-559/2020 saylı qətnaməsindən ödənilməmiş 404.580 manat daxil deyil), hesablanmış cərimə pulu 100.972,08 manat cəmi borc 306.892,08 manat təşkil edir.
4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 28-LA/13 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 205.920 manat gecikdirilmiş borcun və hesablanmış 100.972,08 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi: 307.792,08 manat pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28-LA/13 nömrəli müqaviləyə əsasən cavabdeh fındıq emalı avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2013-cü il tarixli 28-LA/13 nömrəli müqavilə üzrə 205920 manat gecikdirilmiş borcu və hesablanmış 100.972,08 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2 və 747.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
15. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
16. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəflər arasında xx.xx.2013-cü il tarixli 28-LA/13 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 205920 manat gecikdirilmiş borcu Cavabdeh MMC-dən tələb edir.
19. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-559/2020 nömrəli xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflər arasında mübahisəli lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərinin yarandığı, lizinq verənin həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyini, lizinq alan Cavabdeh MMC-nin isə lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi, Cavabdeh MMC-nin müqavilə üzrə gecikdirilmiş borcunun yarandığı müəyyən edilmiş və mübahisəli lizinq müqaviləsi üzrə qətnamənin çıxarıldığı tarixə (2020-ci ilin üçüncü rübü daxil olmaqla) olan gecikdirilmiş borcun və dəbbə pulunun tutulması qət edilmişdir.
20. Odur ki, mübahisəli müqavilə üzrə 2020-ci ilin 4-cü rübünədək olan müddət üçün hesablanmış borcun tutulması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin müqavilə üzrə yalnız 2020-ci ilin 4-cü rübündən başlayaraq yaranmış borcun ödənilməsini tələb edə bilər.
21. 2020-ci ilin 4-cü rübündən xx.xx.2023-cü il tarixədək olan (yəni 2023-cü ilin 2-ci rübü daxil olmaqla) 11 rüblük müddət üçün ödəniş qrafiklərinə uyğun lizinq alanın ödəməli olduğu lizinq ödənişlər isə 203.500 (11x18.500 manat rüblük ödəniş) təşkil edir.
22. Belə olan halda iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2013-cü il tarixli, 28-LA/13 saylı müqavilə üzrə 203.500 manat məbləğində gecikdirilmiş əsas borc tutulmalıdır.
23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 100.972,08 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
24. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
25. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 10000 manat məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 596,89 manat təşkil edir.
28. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
29. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 270 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddianın verilməsinə görə ödənilməli olan 196,89 (596,89-400 mediasiya xərci = 196,89) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2013-cü il tarixli, 28-LA/13 saylı müqavilə üzrə 203.500 manat məbləğində gecikdirilmiş əsas borc, 10.000 manat məbləğində dəbbə pulu; cəmi 213.500 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 270 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddianın verilməsinə görə ödənilməli olan 569,89 manat məbləğində dövlət rüsumunun kəsiri olan 196,89 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva