Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3761/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı “pul tələbi” barədə kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbi barədə” kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, RN001774 nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. 1.1, 1.2 və 1.3-cü bəndlərinə görə "Satıcı" "Alıcı”nın sifarişi əsasında malların (bundan sonra "Mal(lar)”) nisyə satışını həyata keçirir. "Alıcı" tərəfindən alınmış Mal(lar)ın adı, rekvizitləri, miqdarı, qiyməti və s. "Satıcı"nın verdiyi sənədlərlə müəyyən olunur. Müqaviləyə əsasən “Satıcı” “Alıcı’ya, 1 ədəd Tikinti materialları satır, “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir; 1.2. 2.1-ci bəndinə görə Bu müqavilənin 1.3-cü bəndində qeyd edilmiş Mal(lar)ın qiyməti. Tikinti materialları Cəmi 2640 manat təşkil edir; 1.3. 2.2-ci bəndinə görə "Alıcı" tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin 0 (sıfır) manat məbləği ilkin ödəniş olaraq nağd şəkildə “Satıcı” ya ödənilir. 1.4. 2.3-cü bəndinə görə "Alıcı" tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin qalıq məbləği Müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə “Satıcı'ya ödənilir.
2. Tərəflərin xx.xx.2022-ci il tarixdə imzaladıqları Əlavə nömrə 1 – Ödəniş cədvəlinə əsasən satılan malların qiyməti 2640 manat, ödəniş müddəti 12 ay (xx.xx.2022 – xx.xx.2023) və aylıq ödəniş 220 manat olaraq müəyyən edilmişdir.
3. Həmçinin, 2640 manat dəyərində tikinti materiallarının təhvil verilməsi barədə tərəflər arasında xx.xx.2022-ci il tarixli, MQ RN001774 saylı Təhvil-təslim aktı imzalanmış, iddiaçıya aid möhürlə təsdiq edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 2200 manat, cərimə üzrə 150 manat, cəmi 2350 manat ödənilməmiş borcun və ödənilmiş 43,5 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə tikinti materiallarının alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən o, həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 2200 manat, cərimə üzrə 150 manat, cəmi 2350 manat borcu vardır..
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
8. Cavabdeh məhkəmə iclasında bildirdi ki, kompüteri Aytən adlı bir qohumu üçün öz adına nisyə alqı-satqı müqaviləsi əsasında götürmüşdü. Həmin adam 12 ay heç bir problem yaratmadan ödənişləri etmiş, lakin, sonradan həmin adamın yaxını öldüyünə görə ödənişləri vaxtında etməməyə başladı.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 601. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
20. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
21. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı öhdəliyini yerinə yetirərək müqavilədə göstərilən 2640 manat məbləğində tikinti materialları cavabdehə təhvil vermişdir. İşin bu halı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, MQ RN001774 saylı Təhvil-təslim aktının tərəflərin imzalaması ilə də öz təsdiqini tapır.
23. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmiş, ödəniş cədvəli üzrə yalnız 240 manat ödəniş etsə də, qalan 2200 manat pulu isə ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən tikinti materiallarını almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
24. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
26. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə görə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə alıcı hər gecikdirilən gün üçün aylıq ödənişin 2 %-i həcmində əlavə cərimə ödəməlidir. İş materiallarına əlavə edilmiş Maliyyə arayışından da aydın olur ki, iddiaçı tərəfindən öhdəliyini vaxtında icra etmədiyi üçün cavabdehə 150 manat cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, tələb edilən cərimə qanunauyğun olmaqla, həm də ağlabatandır.
27. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan dövlət rüsumu iddianın təmin olunması nisbətində cavabdehdən tutulmalıdır.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2200 manat əsas borc, 150 manat cərimə olmaqla, cəmi 2350 manat pul və ödənilmiş 43,5 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı