Məhkəmə qərarları › İş №e-2-2(113)-3763/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3763/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3763/2021 22.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X2 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 15.01.2020-ci il tarixli sığorta müqaviləsinə əsasən BB251813 saylı Daşınmaz Əmlakın icbari sığorta Şəhadətnaməsi üzrə sığortalanan məbləğin dəyəri kimi 57895 manatın və əmlakın yanğından və digər əlavə risklərdən sığortası barədə 065759 saylı şəhadətnamə üzrə 37500 manatın, ümumilikdə 95359 manat sığorta məbləğininin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Xocəhəsən-Lökbatan yolu 1169 saylı ərazidə torpaq sahəsi götürərək kafe, ərzaq və avtomobil ehtiyat hissələrinin satış mağazasını açmış, qeyd olunan ərazidə 2020-ci il yanvar ayında kafe və mağazaların tikintisi, təmiri üçün “BTB Bank”dan 56000 manat kredit götürərək obyektləri istifadəyə vermiş, 3-4 ay işlədikdən sonra, 28 may 2020-ci il tarixində saat 11:30 radələrində obyektdə yanğın baş vermiş, obyekt istifadəyə tamamilə yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda satış məqsədi ilə ayrı-ayrı şirkətlərdən götürülmüş ərzaq malları və avtomobil ehtiyyat hissələri məhv olmuşdur. Satış məqsədi ilə nisyə almış olduğu mallarla bağlı cavabdehlə 15.01.2020-ci il tarixli sığorta müqaviləsi bağlamış, sığorta müqaviləsinə əsasən ona BB 251813 saylı Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsi verilmiş və həmin şəhadətnamədə sığortalanan məbləğin dəyəri 57895 manat göndərilmişdir. Eyni zamanda Əmlakın yanğından və digər Əlavə risklərdən sığortası barədə 065759 saylı şəhadətnamədə sığorta məbləği 37500 manat göstərilmişdir Qeyd olunan sığorta şəhadətnamələrinə baxmayaraq cavabdeh sığorta şəhadətnamələri üzrə sığortalanan məbləği ödəməkdən imtina edir. Bundan əlavə, Qaradağ Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı cavabdehin əməkdaşı yanlışlıq nəticəsində yanğın baş vermiş ərazinin deyil, həmin sahənin yaxınlığında olan obyektin sığortalanmasının həyata keçirildiyini göstərmiş, qeyd olunan yanlışlıq sığorta şirkətinin əməkdaşı tərəfindən baş vermişdir. Tərəflərin izahatı: Əvvəlki məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, 116B saylı sahə (0,1204 ha) onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə DƏDRX tərəfindən verilmiş çıxarışı olsa da, onun üzərində inşa edilmiş tikililərin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin torpaq sahəsində olan bütün tikililər hazırkı sığorta müqaviləsi ilə sığortalanmış, lakin araşdırma zamanı cavabdehin nümayəndəsi tərəfindən səhvən kafe və ofisin sığortandığı müəyyən edilmişdir. Yanğın təkər təmiri sexində baş vermiş, müqavilədə adıçəkilən kafe və ofisə hər hansı zərər dəyməmişdir, belə ki, həmin tikililər yanğın baş verən ərazidən aralıda yerləşir. Yanğın zamanı onlara külli miqdarda ziyan dəymişdir. Lakin cavabdeh sığorta ödənişlərini ödəməkdən yayındığı üçün məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında göstərdi ki, yanğın təkər təmiri sahəsində baş vermiş, həmçinin qonşuluqda yerləşən sığortaya cəlb edilməyən 3 mərtəbəli qeyri-yaşayış sahəsinin konstruktiv elementləri 150 kv.metr sahədə yanğının təsirinə məruz qalmışdır. Sığorta predmeti olan kafe və ofis binası isə yanğın baş verdiyi tikilidən 30-40 metr aralıda yerləşir. Qeyd olunan halı, ibtidai araşdırma zamanı iddiaçının qeyri-rəsmi əri Nümayəndə da təsdiq etmişdir. Bu səbəbdən sığorta təminatı verilməyən predmet üzrə sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Sübutların tədqiqi: BB seriyalı, 251813 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən cavabdeh (sığortaçı) tərəfindən BB 251813 saylı müqaviləyə əsasən iddiaçıya (sığortalı) məxsus ümumi sahəsi 400 kv.metr olan kafe və ofis sığortalanmış, sığorta müqaviləsinin müddəti 15.01.2020-ci ildən 14.01.2021-ci il tarixədək, sığorta məbləği 57895 manat, sığorta haqqı 200 manat müəyyən edilmişdir. AZ seriyalı, 065759 nömrəli Əmlakın yanğından və digər əlavə risklərdən sığortası Şəhadətnaməsinə əsasən sığortaçı (cavabdeh) tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu 18 km yerləşən kafe və ofis sığortalının (iddiaçı) xeyrinə 15.01.2020-ci il tarixdən 14.01.2021-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 37500 manat, sığorta haqqı 150 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş A 381087 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, 116B saylı sahə (0,1204 ha) iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29.09.2020-ci il tarixli 1238 nömrəli məktubdan görünür ki, Qaradağ rayonu, Xocahəsən yolunun 18-ci km-liyində yerləşən obyektə 28 may 2020-ci il tarixində yanğın hasisəsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə iddiaçının müraciəti üzrə araşdırma aparılmış, baxış keçirilərkən, sığortalı tikiliyə hər hansı zərər dəymədiyi müəyyən edilmişdir. Sığorta tələbinin məzmununda qeyd edilən yanğın nəticəsində zərər dəymiş ticarət obyektinə, cəmiyyət tərəfindən hər hansı sığorta təminatı verilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi mümkün deyil. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsi ilə iddiaçıya məxsus ümumi sahəsi 400 kv.metr olan kafe və ofis sığortalanmış, bundan əlavə, tərəflər arasında həmin əmlakın yanğından və digər əlavə risklərdən sığortası müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində yanğın hadisəsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona müvafiq sığorta ödənişlərinin verilmədiyini göstərmiş, cavabdeh iddiaya etiraz edərək həmin yanğın hadisəsinin sığorta olunan əmlakda deyil, həmin əmlakın (kafe və ofis) yaxınlığında olan, təxminən 30-40 metr aralıda yerləşən təkər təmiri sexində baş verdiyini göstərmişdir. Yanğın hadisəsinin iddiaçıya məxsus təkər təmiri sahəsində baş verməsi, həmin sahənin əsas təyinatı kafe və ofis olan əmlakdan aralıda yerləşməsi, həmin yanğından hər hansı zərər çəkməməsi iddiaçının məhkəmə iclasında verdiyi izahatı, habelə materiallarda olan cinayət işinin başlanmasının rədd olunması barədə 19.09.2020-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi A.Həsənovun qərarı ilə öz təsdiqini tapmışdır. İddia ərizəsində əmlakın sığortalanması zamanı cavabdehin məsul işçisinin yanlışlığa yol verildiyi, səhvən yanğın baş verən ərazi deyil, həmin sahənin yaxınlığında yerləşən obyektin sığortalandığı göstərilsə də, materiallarda olan sığorta şəhadətnamələrində sığortalan əmlak kimi təyinatı, yəni istifadə məqsədi kafe və ofis olan əmlakın (ümumi sahəsi 400 kv.metr) sığortalanması göstərilmiş, müqavilə bağlanan zaman belə bir yanlışlığa yol verilməsi barədə cavabdehə rəsmi qaydada müraciət edilməsi, habelə yanğının baş verdiyi tikilinin də sığortalandığı barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında sığorta ödənişinin verilməsi ilə bağlı öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. Halbuki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını rəhbər tutub, iş üzrə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar