Məhkəmə qərarları › İş №e-2-2(113)-3767/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3767/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3767/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra- iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023-AZE-018 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış ƏDV daxil olmaqla 19.502,99 manat borcun, 6084,99 manat cərimənin, ümumilikdə 25.587,98 manat məbləğin, 320 manat vəkil xərcinin və ödənilmiş 167 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 2023-AZE-018 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə mal-material satmışdır. Həmin 2023-AZE-018 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə cavabdeh arasında 11 ayrı qiymət razılaşdırma protokolu imzalanmış və həmin protokollarda əks olunan materiallar təhviltəslim aktları əsasında cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən ilk 2 qiymət razılaşdırma protokolu ilə təhvil verilmiş materialların dəyəri tam ödənilsə də, sonrakı 9 protokolla verilmiş materialların dəyəri ödənilməmişdir. Sonrakı 9 protokolda əks olunan materialların ümumi dəyəri ƏDV daxil olmaqla 20.583,34 manat təşkil etmişdir. Həmin məbləğin ƏDV daxil olmaqla 19.502,99 AZN hissəsi müvafiq e-qaimələrin göndərilməsinə baxmayaraq hələ də cavabdeh tərəfindən ödənilməmişdir. (e-qaimələrdən yalnız Seriya: EBDE №: 880125, xx.xx.2023 tarixli eqaimənin ƏDV daxil 1080,35 azn hissəsi ödənilmişdir.) İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq 19.502,99 AZN məbləğin ödənilməsini,əks təqdirdə müqavilədə nəzərdə tutulan cərimələr hesablanmaqla həmin məbləğə əlavə edilərək ondan məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh hazırki vaxtadək hər hansı ödəniş etməmişdir. Göründüyü kimi cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliyini icra etmir. Tərəflər arasındakı 2023-AZE-018 nömrəli alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən ödəmələrdəki gecikmə halında “Alıcı” hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1%-i həcmində penya ödəməyi qəbul və təsdiq edir. Hazırda cavabdeh 10 ayrı e-qaimə üzrə ödəmələri gecikdirir. Həmin e-qaimələr üzrə gecikən günlərə uyğun hesablanmış penyanın ümumi dəyəri 6084,99 AZN təşkil edir.

Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. II. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 23-AZE-018 nömrəli müqaviləyə görə satıcı tərəflər arasında bağlanılmış protokollarda göstərilən inşaat kimyəvi məhsullarını müqavilə müddəti dövründə alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə satıcıya ödənilməsini öhdəsinə götürmüşdür.

9. Müqavilənin 3.1-ci maddəsinə görə malın razılaşdırılmış qiyməti qaiməfakturalarda və ya bu müqaviləyə əlavə protokollarda öz əksini tapır.

10. Müqavilənin 3.2-ci maddəsinə görə ödəmə hər dəfə malın təhvili zamanı tərtib edilən qaimə fakturalar əsasında yetirilir.

11. Müqavilənin 3.3-cü maddəsinə görə satıcı malı alıcıya verir. Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən QRP-də qeyd olunan 21 (iyirmi bir) gün müddətində satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1%-i məbləğində penya ödəməyi qəbul və təsdiq edir.

12. 02.05.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDE seriyalı 880125 nömrəli elektron qaimə-fakturaya görə 2990,59 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

13. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDJ seriyalı 195241 nömrəli elektron qaimə-fakturaya görə 2197,75 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

14. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDK seriyalı 091956 nömrəli elektron qaimə-fakturaya görə 2253,27 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

15. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDG seriyalı 961645 nömrəli elektron qaimə-fakturaya görə 3170,42 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

16. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktları və həmin tarixli EBDE seriyalı 926883 nömrəli və EBDE seriyalı 958767 nömrəli elektron qaimə-fakturalara görə ümumilikdə 2644,09 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

17. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDJ seriyalı 677810 nömrəli elektron qaimə-fakturaya görə 1882,10 manat dəyərində mal Cavabdeh MMC-yə təhvil verilmişdir.

18. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDK seriyalı 547396 nömrəli elektron qaimə-fakturaya görə 981,76 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

19. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDF seriyalı 711480 nömrəli elektron qaimə-fakturaya görə 3812,88 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

20. xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktı və həmin tarixli EBDH seriyalı 383120 nömrəli elektron qaimə-fakturaya görə 650,48 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, müqavilənin əlavələri olan qiymət razılaşma protokollarında nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, təhvil alınmış malların dəyəri tam şəkildə ödənilməmişdir.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən hesablanmış 6084,99 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 900 manat müəyyən edilməlidir.

34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 19502,99 manat məbləğində əsas borc, 900 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehə aid edilməlidir.

36. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Alyans” Vəkil Bürosunun hesabına 320 manat vəsait köçürülmüşdür.

37. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, 67 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19502,99 manat məbləğində pul (ƏDV daxil olmaqla), 900 manat dəbbə pulu, 320 manat vəkil xərci, 100 manat dövlət rüsumu, ümumilikdə 20822,99 (iyirmi min səkkiz yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat məbləğində tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar