Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3767/2025 21.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət, tərəflər arasında bağlanmış 26 iyul 2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə 13370 manat əsas borc, 6890 manat dəbbə pulu və ödənilmiş 150,78 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2024-cü il tarixli 3500 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı Alıcının sifarişi əsasında Mallarıı Alıcıya satır. Alıcı isə Malların dəyərini Müqaviləyə uyğun şərtlərlə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.6-cı maddəsinə əsasən ödəniş Satıcı tərəfindən Malların Alıcıya hər bir qaimə-faktura və ya qol qaiməsi və ya təhvil-təslim aktı (və ya elektron qaimə-faktura) əsasında, təqdim edildiyi gündən Alıcı tərəfindən gecikmələrə yol verilmədən 20 (iyirmi) təqvim günü ərzində Azərbaycan Respublikasının milli valyutası ilə tam ödənilməlidir. Müqavilənin 3.9-cu maddəsinə əsasən Alıcı vurduğu ziyana və əldən çıxmış faydaya görə bu müqavilənin həcmində məsuliyyət daşıyır. Müqavilənin 7.2-ci maddəsinə əsasən Alıcı aldığı Malların dəyərini bu Müqaviləyə əsasən 20 (iyirmi) gün ərzində ödəmədikdə, Satıcı Alıcıdan gecikdirilmiş məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən tərəflərdən biri digər tərəfə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı bildiriş göndərməklə Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqaviləyə xitam verilməsi və ya Müqavilənin müddətinin bitməsi Tərəfləri icra edilməmiş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. xx.xx.2024-cü ildə tərtib olunmuş qarşılıqlı üzləşdirmə aktına əsasən 14071,16 manat borcunun olduğunu cavabdeh təsdiq etmişdir. Müəyyən ödənişlər olunduqdan sonra cavabdehin 13370 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixindən bu günə kimi alqı-satqı müqaviləsi üzrə 6890 manat dəbbə pulu hesablanmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, tərəflər arasındakı alqı-satqı əməliyyatları üzrə 20260 manat borc qalmışdır. xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsinin 3.6-cı bəndindən göründüyü kimi, Cavabdeh tərəfindən malları təhvil aldıqdan sonra 20 (iyirmi) təqvim günü ərzində tam ödəməli idi. Lakin cavabdeh öhdəliyi bu günə qədər icra etməyərək həm öhdəliyin icra müddətini, həm də öhdəliyin vicdanlı icra tələbini pozmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 427, 449-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndələri X3 və X2 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdilər.
6. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 3500 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişi əsasında malları cavabdehə satmağı, cavabdeh isə malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ödəniş şərtlərinə əsasən iddiaçı tərəfindən malların cavabdehə hər bir qaimə-faktura və ya qol qaiməsi və ya təhvil-təslim aktı (və ya elektron qaimə-faktura) əsasında təqdim edildiyi gündən cavabdeh tərəfindən gecikmələrə yol verilmədən 20 təqvim günü ərzində Azərbaycan Respublikasının milli valyutası ilə tam ödənilməlidir. xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə və borc məbləğinin müəyyən edilməsi haqqında hər iki tərəfin imza etdiyi aktlara əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borcu 14071,16 manat olaraq təsdiq edilmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixli 3500 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 13370 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların qalıq dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
31. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, xx.xx.2024-cü il tarixli 3500 nömrəli alqı-satqı müqaviləsi üzrə 13370 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
32. İddia ərizəsində iddiaçı 6890 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
33. xx.xx.2024-cü il tarixli 3500 nömrəli müqavilənin 7.2-ci bəndinə əsasən “Alıcı” aldığı “Mallar”ın dəyərini Müqaviləyə əsasən 20 gün ərzində ödəmədikdə “Satıcı” “Alıcı”dan gecikdirilmiş məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
37. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh öhdəliyi hissəvi icra etməmiş, iddiaçı da üzləşmə aktı xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq, uzun müddət sonra – xx.xx.2025-ci il tarixdə məhkəmə müraciət etməklə, dəbbə pulunun artmasına rəvac vermişdir.
38. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 650 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
39. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 650 manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı eyni zamanda ödənilmiş 150,78 manat dövlət rüsumunun tutulmasını tələb edir.
41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 150,78 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 13370 manat əsas borc, 650 manat cərimə borcu olmaqla ümumilikdə 14020 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova