Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3768/2022 20.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 18000 manat məbləğində pulun, habelə “ilkin media sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh ilə arasında 28 fevral 2020-ci il tarixli 04-28022020 saylı alqı-satqı müqaviləsi bağlanıb. Həmin Müqavilənin 1-ci bəndinə və 005 saylı 17 noyabr 2020-ci il tarixli qiymət razılaşma protokoluna əsasən, cavabdeh həmin maddələrdə qeyd edilən malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin 4-cü bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri sayılan X3, həmçinin qaimə fakturalarda göstərilən məbləğdə dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürüb. Cavabdehlə Azərquşçuluq arasında 17 noyabr 2020-ci il tarixli 04-28022020 saylı alqısatqı müqaviləsi və X4 imzalanmışdır. Həmin X4 əsasında sifarişlər qəbul edilmiş və qaimə-faktura əsasında damazlıq yumurtalar alıcıya təhvil verilmişdir. Həmin qaiməfakturalar üzrə Cavabdeh Azərquşçuluqa 18000 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh Azərquşçuluqdan müqavilədə nəzərdə tutulan damazlıq yumurtaları alıb, lakin bunun müqabilində öhdəliyinə düşən 18000 manat borcu inidyənədək ödəməyib. Cavabdehlə dəfələrlə görüşlər keçirərək və telefonla edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh qeyd edilən borcun icrasını yerinə yetirməktən boyun qaçırır və öhdəliyinin icrasını pozan halları aradan qaldırmaq üçün indiyə qədər heç bir addım atmır. Odur ki, cavabdehin müqavilə üzrə öz öhdəliyini yerinə yetirməməsi ucbatından Azərquşçuluğun maliyyə vəziyyətinə zərər dəyməktədir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh damazlıq yumurtaları müəssisədən öz nəqliyyat vasitələri ilə deyil, respublikada yükdaşıma ilə məşğul olan şirkətlərdən sifariş etdiyi nəqliyyat vasitələri ilə apardığından tərəflər arasında təhvil-təslim aktı tərtib edilməmiş, tərəflərin arasında 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda damazlıq yumurtaların alqı-satqısı ilə bağlı davamlı münasibətləri olmuş və cavabdeh təxminən 12 elektron qaimə üzrə təxminən 300000 manat məbləğində vəsaiti ödəsə də, sonuncu xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 18000 manat məbləğində borcu ödəməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda izahatında bildirmişdir ki, cari ilin əvvəli müəssisədə olan vergi yoxlanması 28.02. 2020-ci il tarixli 04- 28022020 saylı alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 04-28022020 saylı qiymət razılaşma protokolu tələb etdiyindən və həmin sənədlər tapılmadığından, Cavabdeh MMCyə müraciət edilmiş və təkrarən sözügedən sənədlərin imzalanması və möhürlənməsi xahiş edilmiş, sonuncu da heç bir etiraz bildirmədən müqaviləni və protokolu imzalayıb möhürlə təsdiq etmişlər. İddiaçının nümayəndəsi həmçinin izahatında kənd təsərrüfatı məhsullarının istehsalçılarının hazırda bütün vergilərdən azad olduğunu, cavabdehdən isə dəfələrlə şifahi qaydada borcun tələb edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil Şəmsəddin oğlu iddianı qəbul etməyərək izahatında 17 noyabr 2020-ci il tarixdə 18000 manat məbləğində damazlıq yumurtaların Cavabdeh MMC tərəfindən təhvil alınması ilə bağlı iddiaçı tərəfindən sübutun təqdim edilmədiyini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28 fevral 2020-ci il tarixli 04-28022020 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən İddiaçı MMC müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan X3 qiymətləri və digər göstəriciləri göstərilmiş damazlıq yumurtaları müqavilə ilə nəzərdə tutulmuş müddətdə İddiaçı MMC-nin ünvanından Cavabdeh MMC-nin ünvanına Cavabdeh MMC-nin göndərdiyi nəqliyyat vasitəsi ilə göndərilir. Cavabdeh MMC isə həmin malları İddiaçı MMC tərəfindən təqdim olunan qaimə-fakturaya əsasən, qəbul edərək almağı və bu müqavilənin tərkib hissəsi sayılan X3, elektron qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 679675 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə ümumi dəyəri 18000 manat məbləğində olan damazlıq yumurta satmışdır. 2020-ci ildə tərtib edilmiş elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC arasında ümumilikdə 356827,91 manat məbləğində damazlıq yumurtanın alqısatqısı baş vermişdir. xx.xx.2020-ci il tarixli 005 nömrəli qiymət razılaşma protokolundan görünür ki, 28 fevral 2020-ci il tarixli 04-28022020 nömrəli müqavilə üzrə 1 ədəd damazlıq yumurtanın qiyməti 0,45 manat məbləğində müəyyən olunmuşdur. 21 iyun 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan damazlıq yumurtanın dəyəri olan 18000 manat məbləğində borcunu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi, vəkilin qeyd etdikləri ilə bağlı isə qeyd edir ki, tərəflərin arasında 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda damazlıq yumurtaların alqı-satqısı ilə bağlı davamlı münasibətləri olmuş və cavabdeh təxminən 12 elektron qaimə üzrə təxminən 356827,91 manat məbləğində vəsaiti ödəsə də, yalnız sonuncu xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 18000 manat məbləğində borcu ödəməmişdir. Eyni zamanda iddiaçı xx.xx.2020-ci il tarixli 04-28022020 saylı alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 04-28022020 saylı qiymət razılaşma protokolu itirildiyindən, cari ilin əvvəllərində cavabdehə müraciət edərək təkrarən sözügedən sənədlərin imzalanması və möhürlənməsi xahiş edilmiş, Cavabdeh MMC isə heç bir etiraz bildirmədən müqaviləni və protokolu imzalayıb möhürlə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Cavabdeh MMC-yə 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda 356827,91 manat məbləğində damazlıq yumurtaları satılmış, cavabdeh tərəfindən elektron qaimələrə əsasən həmin vəsait ödənilmiş, yalnız sonuncu elektron qaimə üzrə 18000 manat məbləğində borcu ödəməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə damazlıq yumurtalarının satışı olmasaydı, Cavabdeh MMC cari ilin əvvəlləri xx.xx.2020-ci il tarixli 04-28022020 saylı qiymət razılaşma protokolu imzalamazdı və möhürlə təsdiq etməzdi. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 18000 manat əsas borc və 200 manat mediasiya xərci cəmi 18200 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 18000 manat əsas borc və 200 manat mediasiya xərci cəmi 18200 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3768/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3768/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver