Məhkəmə qərarları › İş №e-2-2(113)-377/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-377/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-377/2021 18.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Holcim (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMCyə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Holcim (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMCdən 711503,20 manat əsas borcun, 120129,70 manat cərimə cəmi 831632,90 manat və 30 manat dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi, həmçinin 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi və 17.02.2020-ci il tarixli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə 711503,20 manat məbləğində əsas borcun 200000 manat hissəsinin, o cümlədən borcu vaxtında ödəmədiyi üçün 20000 manat məbləğində cərimənin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə Holcim (Azərbaycan) ASC arasında 01.02.2020-ci il tarixində bağlanmış O000708459 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə sement məhsulları satmağı,cavabdeh isə satılanmalı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında Cavabdeh1 MMC-yə sement məhsulları göndərmişik. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini ödəməmiş, altlıqları qaytarmamışdır. Belə ki, 711503.2 manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. 28.09.2020-ci il tarixdə şirkət Cavabdeh1 MMC-yə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 07.10.2020-ci il tarixinədək ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Həmin pretenziya Cavabdeh1 MMC-yə 28.09.2020-ci il tarixində təqdim edilmişdir. Lakin, Cavabdeh1 MMC heç bir ödəniş etməmişdir. Cavabdeh1 MMC ilə 01.02.2020-ci il tarixində bağlanmış O000708459 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirdiyinə görə indiki tarixədək yaranmış cərimə məbləği 120129.7 təşkil edir. Holcim (Azərbaycan) ASC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında 17 fevral 2020-ci il tarixində 140356/20/1 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1cimaddəsinə əsasən Zamin ("xxxx" MMC), kreditor (Holcim (Azərbaycan) ASC) ilə borclu (Cavabdeh1 MMC) arasında bağlanmış 01.02.2020-ci il tarixli, O000708459 saylı alqısatqı müqaviləsi və həmin müqavilənin əlavələri üzrə borclu kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, borclu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini təmamilə icra etməyi öhdəsinə götürür. Zaminlik Müqaviləsinin 1.2-ci maddəsinə Zaminin bu müqavilə üzrə kreditor qarşısında zamin olduğu məbləğin yuxarı həddi 200000 manat (ƏDV daxil olmaqla) təşkil edir. Həmin Müqavilənin 2.3.2-ci maddəsinə görə alqı-satqı müqavilələri üzrə öhdəliklər borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zamin kreditorun ilk tələbi ilə heç bir etiraz etmədən, borc məbləğlərini, hesablanmış faizləri, cərimələri, habelə kreditorun çəkmiş olduğu hər hansı digər xərc və zərərləri 7 gün ərzində təmamilə kreditora ödəməyi öhdəsinə götürür. Bu barədə cavabdeh "xxxx" MMC-yə 07.10.2020-ci il tarixində pretenziya məktubu ünvanlanmış və 16 oktyabr 2020-ci il tarixinədək zamin olduğu 200000 manat borcu ödənilməsi xahiş edilmişdir. Həmin məktub “Azsement Bakı“ MMC-yə 07.10.2020-ci tarixində çatdırılsa da, cavabdeh 200000 manat borcu ödəməmişdir. Zaminlik müqaviləsinin 4.2-ci maddəsinə görə zamin bu müqavilənin 2.3.2-ci yarımbəndi ilə müəyyən olunan ödənişi gecikdirdiyi halda o, gecikdirilən məbləğin 10%-i həcmində kreditora cərimə ödəyir. Borcu vaxtında ödəmədiyi üçün cavabdeh "xxxx" MMCyə borcun 10%-i, yəni 20000 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Holcim (Azərbaycan) ASC-nin nümayəndəsi X2 izahatında iddianı müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat "xxxx" MMC-nin nümayəndəsi Vəkil verilsə də, sonuncu ardıcıl ikinci dəfə (05.08.2021-ci il tarixli əvvəlki məhkəmə iclası) işin təxirə salınması barədə ərizə ilə müraciət etmiş, məhkəmə isə əvvəlki məhkəmə iclasını təxirə salmış, lakin hazırki məhkəmə iclasına vəkilin gəlməməsini üzrlü hesab etməyərək Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01.02.2020-ci il tarixli O000708459 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı Holcim (Azərbaycan) ASC alıcı Cavabdeh1 MMC-yə sement məhsulları satmağı, sonuncu isə satılanmalı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. 17.02.2020-ci il tarixli Holcim (Azərbaycan) ASC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında imzalanmış 140356/20/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin ("xxxx" MMC), kreditor (Holcim (Azərbaycan) ASC) ilə borclu (Cavabdeh1 MMC) arasında bağlanmış 01.02.2020-ci il tarixli, O000708459 saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin əlavələri üzrə borclu kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, borclu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini tamamilə icra etməyi öhdəsinə götürür, zaminin bu müqavilə üzrə kreditor qarşısında zamin olduğu məbləğin yuxarı həddi 200000 manat (ƏDV daxil olmaqla) təşkil edir, zamin ödənişi gecikdirdiyi halda 10% həcmində cərimə ödəyir. Holcim (Azərbaycan) ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, 01.02.2020-ci il tarixli O000708459 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MMC-yə 711503,20 manat mal satılmış, həmçinin 120129,70 manat cərimə hesablanmışdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 462.1, 467, 470.1, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi iddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdeh1 MMC arasında qanunvericiliyə uyğun olaraq 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqavilə bağlanmış, Holcim (Azərbaycan) ASC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, təhvil aldığı malların dəyəri olan 711503,20 manat məbləğində vəsaiti ödəməmişdir. Həmçinin 17.02.2020-ci il tarixli 140356/20/1 nömrəli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 MMC kreditor Holcim (Azərbaycan) ASC qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin "xxxx" MMC borclu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini tamamilə icra etməyi öhdəsinə götürmüş, lakin həmin məsuliyyətinin yuxarı həddi 200000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunaları nəzərə alaraq hesab edir ki, iddiaçı Holcim (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı əsas borc öhdəlikləri ilə bağlı tələb əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı İddiaçı Holcim (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə müvafiq olaraq 120129,70 manat və 20000 manat məbləğində cərimə hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimələr azaldılaraq müvafiq olaraq 12471,23 manat və 2000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 85,24%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 85,24%-i, yəni 25,57 manatı Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711503,20 manat əsas borc, 12471,23 manat cərimə, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat cəmi 724000 manat məbləğində pul və 17.02.2020-ci il tarixli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 711503,20 manat məbləğində əsas borcun 200000 manat hissəsi, bununla yanaşı 2000 manat məbləğində cərimə tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711503,20 manat əsas borc, 12471,23 manat cərimə, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat cəmi 724000 manat məbləğində pul və 17.02.2020-ci il tarixli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 711503,20 manat məbləğində əsas borcun 200000 manat hissəsi, bununla yanaşı 2000 manat məbləğində cərimə tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar