Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-377/2022 27.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 95574,73 manat əsas borc, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borca hesablanmış 5% = 4778 manat cərimə, əldən çıxmış faydaya görə - 50 000 manat, Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% = 15053 manat, hüquqi xidmətlərə görə ödənilmiş 2000 manat, mediasiya xidmətinə görə 400 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 67.81 manat dövlət rüsumu, cəmi = 167873 manat pulun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 95574,73 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borca hesablanmış 5% cərimə, əldən çıxmış faydaya görə 50000 manatın, hüquqi xidmətlərə görə ödənilmiş 2000 manatın, mediasiya xidmətinə görə 400 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 67,81 manat dövlət rüsumunun, cəmi 167873 manatın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 95574,73 manat əsas borc, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borca hesablanmış 5% = 4778 manat cərimə, əldən çıxmış faydaya görə - 50 000 manat, Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% = 15053 manat, hüquqi xidmətlərə görə ödənilmiş 2000 manat, mediasiya xidmətinə görə 400 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 67.81 manat dövlət rüsumu, cəmi = 167873 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli, AŞ/OTC-21 saylı “Satınalma” Müqaviləsi və bu müqaviləyə 27.06.2019-cu il tarixli, 01 saylı Əlavəyə əsasən iddiaçı Müqavilələrin 2.1-ci bəndinə uyğun olaraq hər tonu 356 manat 40 qəpik olmaqla, 2780 ton Çöl şpatının, ümumilikdə 990792 manat məbləğində malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə Müqavilənin 2.3cü bəndinə əsasən malları qəbul edib dəyərini pul şəklində malgöndərənə ödəməyi öz üzərinə götürmüşdür. Qeyd edilən Müqavilə üzrə iddiaçı göstərilən malları cavabdehə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Müqavilə üzrə satılan mallara görə borc 102574,73 manat təşkil etmişdir. Müqavilələrin 11.1-ci bəndinə əsasən Satınalan 15 bank günündən gec olmamaq şərtiylə alınan malın dəyərini tam olaraq malgöndərənə ödəməlidir. Yaranmış borcun etiraf edilməsinə dair tərəflər arasında 01.06.2021-ci il tarixli X1 dair Akt tərtib edilmiş və cavabdehin iddiaçıya olan qalıq borcunun, 10257473 manat təşkil etdiyi təsdiq edilmişdir. Lakin göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, qeyd edilən malın dəyəri iddiaçıya ödənilməmişdir. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət etməyinə, danışıqlar aparmağına baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı 03.09.2021-ci il tarixli Pretenziya məktubu ilə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə, iddiaçı müqavilə üzrə üzərlərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Tərəflər arasında bağlanmış Alqı-satqı müqavilələrinin müvafiq bəndinə əsasən alınmış mallar üçün ödənişdə yubanma halında, satıcı müqavilənin dəyərinin 5%-dən çox olmamaq şərti ilə cərimə sanksiyaları tətbiq edə bilər. Qeyd edilən müqavilənin 12.3-cü bəndinə əsasən gecikməyə görə 02% həcmində sanksiya nəzərdə tutulur. Gecikdirilmiş məbləğ cəmi 95574,73 manat təşkil edir, ödənilməyən məbləğin 5%-i isə 4778 manat təşkil edir. Bundan əlavə cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə müəyyən edilmiş əldən çıxmış faydaya görə əlavə vəsait ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% təşkil etdir. 100353.47 manatın 15%-i 15053 manat təşkil edir. Həmçinin iddiaçı ilə Bakı şəhəri 8 Saylı Vəkil Bürosu arasında 06.09.2021-ci il tarixdə 681 saylı “Hüquqi yardım göstərilməsi haqqında” Müqavilələr bağlanılmışdır. Həmin müqaviləyə görə, 8 Saylı Vəkil Bürosunun vəkili Vəkil cavabdehin iddiaçılara olan borcunun könüllü qaydada ödənilməsini və ya məhkəmə vasitəsi ilə borcun ödənilməsini təmin etməyi və bu sahədə hüquqi xidmətin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən Bakı şəhəri 8 Saylı Vəkil Bürosuna iddiaçı tərəfindən 2000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Həmçinin mediasiya xidmətlərinə görə 400 manat məbləğində pul ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində müqavilə üzrə bütün öhdəliklərini qüsursuz şəkildə yerinə yetirdiyini bildirir. Lakin faktiki olaraq iddiaçı müqavilə üzrə öhdəliklərini bu günə kimi tam icra etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 iyun 2019-cu il tarixli AŞ/OTC-21 nömrəli müqaviləyə və Müqavilənin 1 nömrəli Əlavəsi ilə təsdiq edilmiş Daşınma qrafikinə əsasən iddiaçı cavabdehi 2019-cu ildə 1624 ton (2019-cu ilin iyun-dekabr aylarında), 2020-ci ilin may ayına isə (yanvar-may aylarında) 1156 ton çöl şpatı ilə təchiz etməli idi. Tərəflərin imzaladığı 01 iyul 2021-ci il tarixli Qarşılıqlı borcların Üzləşdirilməsi Aktı, iddiaçının ödəniş üçün təqdim etdiyi Elektron qaimələr, Mal mədaxil açıqlaması və mövcud olan digər sənədlərlə təsdiq edilir ki, iddiaçı 2019-cu ildə 1624 ton əvəzinə cəmi 455,84 ton, 2020-ci ilin yanvar-may aylarında isə 1156 ton əvəzinə cəmi 384 ton Mal göndərmişdir. İddiaçı Müqavilə və Qrafiklə müəyyən edilmiş dövrdə 2780 ton əvəzinə cəmi 839,84 ton Mal göndərmişdir. İddiaçı Qrafiki həm illər üzrə, həm də aylar üzrə yarımçıq icra etmişdir. Qrafikə əsasən 2019-cu ildə hər ay 232 ton Mal göndərilməli idi. İddiaçı iyun ayında Mal göndərməmiş, iyul ayında 464 ton əvəzinə (iyunda göndərmədiyini nəzərə alaraq) 144 ton, avqust ayında Mal göndərməmiş, sentyabr ayında 192 ton, oktyabr-noyabr aylarında Mal göndərməmiş, dekabr ayında isə cəmi 119,84 ton Mal göndərmişdir. 2020-ci ilin yanvar ayında Mal göndərilməmiş, fevral ayında 192 ton Mal göndərilmiş, mart ayında öhdəlik icra edilməmiş, yəni 1 ton da olsa Mal göndərilməmiş, aprel ayında isə cəmi 192 ton Mal göndərilmiş, qrafikin son ayı olan may ayında isə Mal göndərilməmişdir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən (Müqavilənin 5.1. və 5.4. bəndləri) iddiaçının ödəniş tələbi onun Mal göndərilməsi ilə bağlı öhdəliyinin icrası ilə şərtləndirilmişdir. Bundan əlavə, Müqaviləyə görə cavabdehi təsdiq edilmiş Qrafikə uyğun müddətdə və qaydada Mal ilə təchiz etmək iddiaçının vəzifəsi, ondan bu vəzifənin icrasını tələb etmək isə cavabdehin hüququdur. Tərəflər arasında bağlanmış Müqavilənin 18.1.,18.1.1., 18.1.1.2. və 18.1.1.3-cü maddələrinə görə iddiaçı tərəfindən Mal göndərilməsinin gecikdirilməsi (Qrafikin tələblərinə əməl edilməməsi) Müqavilə şərtlərinin əsaslı pozulması hesab edilir. İddiaçı Müqavilədə şərtləndirildiyi müddət başa çatdıqdan sonra istədiyi vaxt Mal göndərməyə davam etmiş və sonuncu dəfə 2021-ci ilin yanvar ayında 286,66 ton Mal göndərmişdir. Həmin Mal müqavilədə nəzərdə tutulan müddətdən 8 ay sonra göndərildiyinə görə tərəflər arasında təhvil-qəbul aktı yoxdur və ödəniş edilməmişdir. İddiaçı da məhz həmin məbləği məhkəmə vasitəsilə almaq üçün müraciət etmişdir. Cavabdeh səhmləri 100 faiz dövlətə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olduğuna görə Tərəflər arasında bağlanmış müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq (Müqavilənin 2-ci bəndi) bağlanmışdır. İstehsalatı texnololi olaraq fasiləsiz iş rejimi ilə işləyən cavabdehin istehsal sahəsinə aylıq 231-232 ton çol şpatı tələb edilir. Yeni müqavilə bağlanması proseduru isə uzun müddətli vaxt tələb etdiyinə görə cavabdeh iddiaçı ilə bağlanmış müqaviləyə xitam verə bilməmişdir. Çünki bu halda istehsalatda olan şüşəbişirən soba dayanmalı idi ki, bu da ümumi istehsalın dayanmasına və sobaların dağılmasına səbəb olardı. Bundan sui-istifadə edən iddiaçı Müqavilə öhdəliklərinə yuxarıda qeyd edilən formada əməl etmiş, istədiyi vaxtda və istədiyi miqdarda Mal göndərmişdir. Baxmayaraq ki, iddiaçıya müqaviləyə təchiz edilmiş mala görə ödəniş üçün 15 bank gününün (3 təqvim həftəsindən artıq), daşınma qrafikinə isə hər ay 231-232 ton miqdar həddinin şərt kimi daxil edilməsi cavabdehin həmin müddət ərzində məhsul istehsal edib sataraq ödəniş etmək imkanının olması məqsədi ilə daxil edildiyi məlum idi. Cavabdehin istifadə etdiyi qurğu, avadanlıq və maşınların fasiləsiz texnoloji sikl, minimum (maksimum) həddə xammal, enerji daşıyıcıları və digər texnoloji parametrlər gözlənilmək şərtilə istismar edilməsinin mümkünlüyü baxımından Təchizatda gecikmə və ya nəzərdə tutulan 231-232 ton əvəzinə daha az miqdarda Malın göndərilməsi istehsal və satış prosesinin pozulması ilə nəticələnir. İddiaçının Müqavilənin 12.3-cü bəndinə istinad edərək 4778.74 manat cərimə tələbi tam əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında dəbbə pulu barədə yazılı razılaşma imzalanmamışdır. İddiaçının əldən çıxmış faydaya görə 15% əlavə vəsait tələbi, yəni Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməsinin hüquqi əsası yoxdur. Belə tələblər Malların alqı-satqı müqavilələrinə deyil, pul öhdəliklərinə aiddir. Konkret halda isə əslində Müqavilə üzrə nəzərdə tutulan müddətdən 8 ay sonra göndərilmiş Mala görə ödənişdən imtina edilməmiş, iddiaçının öz öhdəliyini tam icra etməsi üçün öhdəliyin qarşılıqlı icrası və ləngitmə hüququndan istifadə edilmişdir. İddiaçının heç bir əsaslanma, hesablama və izah vermədən 50000 manat əldən çıxmış faydaya görə irəli sürdüyü tələbin də hüquqi əsası yoxdur. Mülki qanunvericiliyin tələblərinə görə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməzdən əvvəl həmin zərərin və ya əldən çıxmış faydanın olması sübut edilməlidir. İddiaçı sözügedən sahədə hansı işləri gördüyünü təqdim etməsə də, öhdəlikdə nəzərdə tutulan müddətdə təchiz etməli olduğu 2780 ton əvəzinə həmin müddətdə cəmi 839,84 ton Mal verdiyini təqdim etmişdir. Mediasiya prosesində məsələnin həlli ilə əlaqədar təchizat və ödəniş qrafiki barədə təklifi iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı 5 gün ərzində tam ödəniş edilməsi tələbində israrlı olduğunu bildirmişdir. Hüquqi xidmətlərə görə tələb edilən məbləğ Azərbaycan Respublikası Mülki Prosesul Məcəlləsinin 121-ci maddəsində tələb edildiyi kimi “ağlabatan məbləğ”ə və Azərbaycan Respublikasındakı mövcud orta əmək haqqı baxımından reallığa uyğun deyil. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində qeyd edilən 5% cərimə= 4778 manat məbləğində tələbin hüquqi əsası yoxdur. Belə ki, tərəflər arasında 2021-ci ilin yanvar ayında 286,66 ton Mal göndərilməsi barədə Müqavilə mövcud olmamışdır. 27 iyun 2019-cu il tarixli AŞ/OTC-21 nömrəli Müqavilə üzrə Mal göndərilməsinin son müddəti 2020-ci ilin may ayı müəyyən edilmiş və sonradan həmin müqavilənin müddətinin uzadılması barədə heç bir yazılı Əlavə (Razılaşma) imzalanmamışdır. Qanunvericiliyə əsasən Müqavilə olmadığına və peniya (cərimə) barədə hər hansı yazılı razılaşma olmadığına görə iddiaçının həmin tələbinin hüquqi əsası yoxdur. Tərəflər arasında pul öhdəliyinə aid heç bir Müqavilə olmadığına görə iddiaçının Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi 15%= 15053 manat tələbinin də hüquqi əsası yoxdur. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə qarşı etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, İddiaçındə icraçı direktor vəzifəsində işləyir, Cavabdeh ilə münasibətləri yaxşı olmuş, orada tez-tez rəhbər şəxslər dəyişdirilmişdir. İddiaçı əvvəllər də bu müəssisələrlə işləmişdir. Müqavilə bağlanıb hər ay 240 ton mal verilmişdir. Elə vaxt olub 480 ton mal vermişdir. Lakin vəsaitlərin alınmasında həmişə çətinlik çəkmişdir. 480 ton mal verdikdən sonra pulun yarısı ödənilmiş, lakin yarısı ödənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli, AŞ/OTC-21 saylı “Satınalma” Müqaviləsindən görünür ki, iddiaçı S.GQ.500 EX standartlarına uyğun 2780 ton çol şpatını hər tonu 356 manat 40 qəpik (ƏDV daxil) olmaqla, ümumilikdə 990792 manat məbləğində cavabdehə satmağı, cavabdeh isə malları qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. 27.06.2019-cu il tarixli, AŞ/OTC-21 saylı “Satınalma” Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, əlavə ilə 2780 ton çöl şpatının cavabdehə təhvil vermə şərtləri müəyyən edilmiş, bir ay ərzində 232 ton çöl şpatı olmaqla iyun 2019-cu il tarixdən may 2020-ci il tarixədək təhvil verilməsi nəzərdə tutulmuşdur. 11 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən iyul 2019-yanvar 2021ci il tarixləri arasında ümumilikdə 622772,48 manat dəyərində mal cavabdehə satılmışdır. 01.07.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi üzrə aktdan görünür ki, cavabdehin 22.04.2021-ci il tarixə iddiaçıya olan borc qalığı 102574,73 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 02.02.2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaiməfaktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 27.06.2019-cu il tarixli, AŞ/OTC-21 saylı “Satınalma” Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı S.GQ.500 EX standartlarına uyğun 2780 ton çol şpatını hər tonu 356 manat 40 qəpik (ƏDV daxil) olmaqla, ümumilikdə 990792 manat məbləğində malı cavabdehə satmağı, cavabdeh isə malları qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mal satılmış, cavabdeh tərəfindən malların dəyərindən 95574,73 manat iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 27.06.2019-cu il tarixli, AŞ/OTC-21 saylı “Satınalma” Müqaviləsinə və ikitərəli təsdiq edilməklə tərtib edilmiş 01.07.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi üzrə akta əsasən 95574,73 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış 27.06.2019-cu il tarixli, AŞ/OTC-21 saylı “Satınalma” Müqaviləsindən irəli gəlir. Belə ki, Müqavilənin 12.3-cü bəndinə əsasən, «Satınalan»" müqavilə üzrə ödənişi 15 bank günü müddətində gecikdirdiyi halda hər gecikdirilən günə görə, ödənilməyən məbləğin 0,2% həcmində sanksiya tətbiq edilir. Lakin, bu cərimələrin cəmi ödənilməyən məbləğin 5%-dən çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, tələb olunan 4778 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan 95574,73 manat borcu 01.07.2021-ci il tarixli üzləşmə aktı ilə 2021-ci ilin iyul ayına olduğundan ödənilməli olan pul məbləğinin gecikdirilməsinə görə faizlər 01.07.2021-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 7.25 faiz təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 2316,05 manat məbləğində pul vəsaiti (95574,73 (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 % (hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı günə Mərkəzi Bankın uçot dərəcəsi) / 365 gün (maliyyə ili əsasında günlük faiz) x 122 gün (01.07.2021-03.11.2021) = 2316,05 manat) alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı iddia ərizəsində 50000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia ərizəsinə qarşı etirazda cavabdehin qeyd etdiyi bəzi elektron qaimələr üzrə malların daşınmaması qeyd edilsə də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınma qrafikinin icrası barədə hesabat isə birtərəfli qaydada tərtib olunmaqla təsdiqlənmişdir ki, həmin hesabat mötəbər sübut hesab oluna bilməz. Əksinə iş materiallarında olan elektron qaimələrin surətlərindən göründüyü kimi iddiaçı tərəfindən malın cavabdehə satılması barədə elektron qaimələr təqdim edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin və həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə əsasən həmin elektron qaimələrdəki göstərilən mallar iddiaçı tərəfindən cavabdehə verilmiş hesab olunur. Cavabdeh tərəfindən isə bunun əksini, yəni elektron qaimələrə etiraz bildirmələrini, malların təqdim edilməməsini, habelə həmin elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh iddiaçıya olan borc 01.07.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi üzrə aktla etiraf etməklə təsdiq etmişdir. Qeyd olunan hallar cavabdehin iddia ərizəsinə qarşı etirazda malların daşınmaması ilə bağlı qeyd etdiyi dəlillərin əsassız olduğuna dəlalət edir. Eyni zamanda, iddia ərizəsinə qarşı etirazda cavabdehin dəbbə pulu ilə bağlı qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 27.06.2019-cu il tarixli, AŞ/OTC-21 saylı “Satınalma” Müqaviləsində müqavilənin qüvvədə olma müddəti göstərilməmiş, eyni zamanda cavabdeh müqavilənin 12.3-cü bəndinə əsasən dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür ki, bu halda da etirazda dəbbə pulu ilə bağlı qeyd olunan dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 04 sentyabr 2021-ci il tarixli 681 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin və 08 sentyabr 2021-ci il tarixli 316 saylı ödəniş tapşırığının surətlərindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 2000 manat müəyyən olunmaqla həmin məbləğ Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 2000 manat məbləğin 1000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normaların tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 457,4 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 400 manat ödənilməsini nəzərə aldıqda, dövlət rüsumunun ödənilməli hissəsi 57,4 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 67.81 manat, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 10,41 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İddiaçı ödənilmiş 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 457,4 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 61,32 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 280,48 manat (457,4 manat (dövlət rüsumunun məbləği) – 176,92 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 280,48 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 95574,73 manat əsas borc, 4778 manat cərimə, Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi üzrə 2316,05 manat, vəkilin göstərdiyi yardıma görə 1000 manat, mediasiya xidmətinə görə 280,48 manat pul tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 95574,73 manat əsas borc, 4778 manat cərimə, Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi üzrə 2316,05 manat, vəkilin göstərdiyi yardıma görə 1000 manat, mediasiya xidmətinə görə 280,48 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-377/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-377/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver