Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-377/2024 29.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Firmasının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Firmasının cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 23 oktyabr 2023-cü il tarixinə mövcud olan ƏDV daxil 284677,93 manat ödənilməmiş borc məbləğinə hesablanmış 72308,72 manat faiz olmaqla, cəmi 356986,65 manat, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqı və 224,00 manat dövlət rüsumu olmaqla, ümumilikdə 357610,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdеhə qarşı cavabdehdən 23 oktyabr 2023-cü il tarixinə mövcud olan ƏDV daxil 284677,93 manat ödənilməmiş borc məbləğinə hesablanmış 72308,72 manat faiz olmaqla, cəmi 356986,65 manat, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqı və 224,00 manat dövlət rüsumu olmaqla, ümumilikdə 357610,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 avqust 2021-ci il tarixli, “Malların alqı-satqı Müqaviləsi № 381”-ə əsasən birinci tərəfindən sonuncuya 768422,03 manat və ƏDV məbləği 138315,89 manat olmaqla cəmi 906737,92 manat məbləğində müxtəlif təyinatlı elektrik malları satılmışdır. 03 avqust 2021ci il tarixli, “Malların alqı-satqı Müqaviləsi № 381”-nin 3.2-ci bəndinə görə cavabdeh tərəfindən alınması nəzərdə tutulan malın dəyəri əvvəlcədən 100% ödənməli idi, lakin iddiaçı tərəfindən ona satılmış müxtəlif təyinatlı elektrik mallarının dəyərinin 284677,93 manatdan ibarət qalıq hissəsi bu günə kimi ödənilməmişdir. 01 fevral 2023-cü il tarixində iddiaçı və cavabdeh arasında “Qarşılıqlı üzləşmə aktı” tərtib edilərək iddiaçı qarşısında həmin tarixə cavabdehin borc öhdəliyinin 284677,93 manat həcmində olduğu təsdiqlənmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdеhin nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, Bakı Abadlıq onlara pulu göndərmədiyi üçün, onlarla aralarında yaranmış problemlə bağlı pulu ödəyə bilməmişlər. İddianın 150 min manat hissəsi və cərimə hissəsində etiraz edir. Borcu bilərək uzatmamışlar. Hazırda cavabdeh müflis vəziyyətindədir. Onlarda iddiaçıdan aldıqları 150.000 manatlıq kabellər var, onları gəlib götürə bilərlər. Hazırda pul problemləri olduğu üçün ödəniş edə bilmirlər, hesaba pul oturan kimi ödəniş edəcəklər. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 03 avqust 2021-ci il tarixli 381 saylı “Malların alqı-satqı Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin dövri sifarişləri əsasında müqavilənin Əlavələri olan Qiymətlərin razılaşma protokollarında göstərilən mal-material məhsullarını satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və razılaşdırılmış müddətdə malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 906467,76 manat dəyərində elektrik malları cavabdehə satılmış, cavabdehin həmin malların dəyərindən 284677,93 manat ödənilməmiş borcu qalmışdır.
10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş qarşılıqlı üzləşmə aktının, elektron qaimələrin, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 906467,76 manat dəyərində mal cavabdehə verilmiş, cavabdehin həmin malların dəyərindən 284677,93 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
13. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
14. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 3.3-cü bəndinə əsasən gecikdirilmiş hər gün üçün Satıcı 0.1% həcmində cərimə hesablamaq hüququna malikdir.
15. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
16. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 14200 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
19. İş üzrə dövlət rüsumu məbləğinin 646,99 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 83,72 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 105,33 manat təşkil edir. İddiaçı tərəfindən 400 manat mediasiya xərci və 224 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi dövlət rüsumu 22,99 manat az ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə dövlət rüsumuna görə 95,68 manat tutulmalı və ödənilməmiş 22,99 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 23 oktyabr 2023-cü il tarixinə mövcud olan ƏDV daxil 284677,93 manat ödənilməmiş borc, 14200 manat cərimə, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqı və dövlət rüsumuna görə 95,68 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23 oktyabr 2023-cü il tarixinə mövcud olan ƏDV daxil 284677,93 manat ödənilməmiş borc, 14200 manat cərimə, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqı və dövlət rüsumuna görə 95,68 manat tutularaq İddiaçı Firmasına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 22,99 manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev