Məhkəmə qərarları › İş №e-2-2(113)-3773/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3773/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3773/2024 05.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanılmış malların alqı-satqısı haqqında BD-027\22 nömrəli, 28 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən yaranmış və ödənilməmiş 8034,46 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 101 manat və hüquqi yardımla əlaqədar ödənilmiş 320 manat, mediasiya xərcinə görə 60 manat olmaqla, cəmi 8455,46 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə (bundan sonra satıcı adlanacaq) Cavabdeh MMC (bundan sonra alıcı adlanacaq) arasında malların alqısatqısına dair BD-027\22 nömrəli 28 sentyabr 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin şərtlərinə ümumilikdə ƏDV daxil olmaqla 31503,72 manat dəyərində mallar satılmış, satılmış mallardan ümumilikdə ƏDV daxil olmaqla 23469,26 manat vəsait ödənilmişdir. Satılmış malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Bu günkü günə cavabdehin satılmış malların dəyəri üzrə iddiaçıya ƏDV daxil olmaqla 8034,46 manat borcu qalmaqdadır. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməşmidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448, 462.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə BD-027/22 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin ayrı-ayrı sifarişlər formasında alıcı tərəfindən rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək. Xarici valyutada göstərilmiş qiymətlər müvafiq hesab-faktura üzrə ödənişin həyata keçiriləcəyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarix üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaq. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər malları təqdim etmə anından etibarən 30 (otuz) təqvim günü ərzində nəğd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

8. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı (bundan sonra satıcı) ilə Cavabdeh (bundan sonra alıcı) arasında bağlanılmış 28 sentyabr 2022-ci il tarixli BD-027\22 nömrəli malların alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 31503,72 (ƏDV daxil) manat məbləğində alıcıya mallar satılmışdır. Satılmış malların dəyərindən ümumilikdə ƏDV daxil olmaqla 23469,26 (ƏDV daxil) manat vəsait ödənilmiş, 20 oktyabr 2023-cü il tarixdə alıcının satıcıya ümumilikdə ƏDV daxil olmaqla 8034,46 (ƏDV daxil) manat məbləğində borcu qalmaqdadır.

9. İddiaçı tərəfindən iş materiallarına cavabdehə göndərilmiş elektron qaimələr və təhvil-təslim aktları əlavə edilmişdir.

10. “X2 Azərbaycan” QSC tərəfindən verilmiş İddiaçı MMC-nin bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçının bank hesabına 20566,28 manat köçürmə edilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli pretenziya məktubundan görünür ki, borcun 5 (beş) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini əsas gətirərək, cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür.

15. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 7760,89 manat (yeddi min yeddi yüz altmış manat səksən doqquz qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin edilməməlidir.

16. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, iddiaçı satıcı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 31503,72 (ƏDV daxil) manat məbləğində alıcıya malların satıldığı, satılmış malların dəyərindən ümumilikdə ƏDV daxil olmaqla 23469,26 (ƏDV daxil) manat vəsaitin ödənildiyini, 20 oktyabr 2023-cü il tarixdə alıcının satıcıya ümumilikdə ƏDV daxil olmaqla 8034,46 (ƏDV daxil) manat məbləğində borcunun qaldığını bildirsə də, müəyyən olunur ki, təqdim olunmuş qaimələr üzrə ümumi məbləğ 31230,15 manat, ödənilmiş vəsaitin məbləği ƏDV daxil olmaqla 23469,26 (ƏDV daxil) manat, qalıq borcun məbləği isə 7760,89 manat (31230,15-23469,26=7760,89) təşkil edir.

17. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumuna görə 101 manat və hüquqi yardımla əlaqədar ödənilmiş 320 manat, mediasiya xərcinə görə 60 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97 (doxsan yeddi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iş materiallarına hüquqi yardım və mediasiya xərcinin ödənilməsi ilə bağlı hər hansı sübutu əlavə etməmişdir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, BD-027/22 nömrəli malların alqı-satqısı haqqında müqaviləyə əsasən 7760,89 manat (yeddi min yeddi yüz altmış manat səksən doqquz qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97 (doxsan yeddi) manat olmaqla, cəmi 7857,89 manat (yeddi min səkkiz yüz əlli yeddi manat səksən doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar