Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3775/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “X2” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X2” Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AUC-ECOFRUİT-xx.xx.2022 nömrəli Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləsinə əsasən 14.250 manat əsas borcun, 210,00 manat mediasiya xərci, 180 manat hüquqi yardıma görə xərcin, cəmi 14.640 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AUC-ECOFRUİT-xx.xx.2022 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehin 14.250 manat məbləğində yükdaşıma xidmətləri üzrə ödənilməmiş borcu yaranmışdır. Bu məbləği tərəflər arasında bağlanan və aşağıda qeyd olunan elektron qaimə faktura, hesab faktura və təhvil -təslim aktları təsdiq edir. 1. 6050 manat məbləğində xx.xx.2023-cü il tarixli, 572835 nömrəli elektron qaimə faktura, xx.xx.2022-ci il tarixli hesab faktura və təhvil təslim aktı 2. 7900 manat məbləğində xx.xx.2023-cü il tarixli, 573116 nömrəli elektron qaimə faktura, xx.xx.2022-ci il tarixli hesab faktura və təhvil təslim aktı 3. 300 manat məbləğində xx.xx.2023-cü il tarixli, 573332 nömrəli elektron qaimə faktura, xx.xx.2023-cü il tarixli hesab faktura və təhvil təslim aktı. xx.xx.2022-ci il tarixli, AUC-ECOFRUİT-xx.xx.2022 nömrəli Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilnəin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya Bu müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.
II. Tərəflərin mövqeləri:
3. İş üzrə tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Lakin, iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf isə, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, AUC-ECOFRUİT-xx.xx.2022 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (İddiaçı QSC) sifarişçinin (Cavabdeh MMC) sifarişi əsasında sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 4.1-ci maddəsinə əsasən xidmət haqqı ay ərzində görülmüş işlərin həcmindən asılı olaraq müəyyən edilir və təqdim edilmiş aktlarda və elektron qaimələrdə öz əksini tapır.
11. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə yükdaşıma xidmətlərinin göstərilibgösərilməməsidir.
12. İş materialarında olan xx.xx.2022-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 6.050 manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Qeyd edilmiş akt hər iki hüquqi şəxs tərəfindən imza edilmiş və möhürlə təsdiq edilmişdir. Bundan başqa “X2” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixli EBCO 572835 saylı dəyəri 6.050 manat olan elektron qaimə göndərilmişdir.
13. İş materialarında olan xx.xx.2022-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 7.900 manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Qeyd edilmiş akt hər iki hüquqi şəxs tərəfindən imza edilmiş və möhürlə təsdiq edilmişdir. Bundan başqa “X2” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixli EBCO 573116 saylı dəyəri 7.900 manat olan elektron qaimə göndərilmişdir.
14. İş materialarında olan xx.xx.2023-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 300 manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Qeyd edilmiş akt hər iki hüquqi şəxs tərəfindən imza edilmiş və möhürlə təsdiq edilmişdir. Bundan başqa “X2” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixli EBCO 573332 saylı dəyəri 300 manat olan elektron qaimə göndərilmişdir.
15. Göründüyü kimi, yuxarıda qeyd edilmiş məbləğlərin cəmi 14.250 manat təşkil edir və cavabdeh tərəf də, təhvil-təslim aktlarını imza etməklə, qeyd edilmiş xidmətlərin göstərilməsini qəbul etmişdir.
16. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 14.250 manat təşkil edən xidmətlər göstərilmişdir. Cavabdeh tərəf isə göstərilmiş olan xidmətlərə görə ödənişin edilməsi barədə hər hansı bir sənəd təqdim etməməklə yanaşı, iddiaya da etirazını bildirməmişdir.
17. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia əsaslıdır və göstərilmiş olan yükdaşıma xidmətlərinin dəyəri olaraq 14.250 manat məbləğində pul cavadehdən tutularaq iddiaçıya verilməlidir.
18. İş materiallarında olan MŞB/10-00315 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki “X2” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı 10 saylı Mediasiya Təşkilatına mediasiya xərci olaraq 210 manat məbləğində pul ödənmişdir.
19. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq “X2” Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir.
20. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 180 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
21. İddiaçı “X2” Qapalı Səhmdar Cəmiyyəti ilə “Femida” Vəkil Bürosunun vəkili Vəkil arasında bağlanmış 4548 nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 180 (yüz səksən) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.
22. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 180 manat məbləğində pul ödənmişdir.
23. Ona görə də, Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 180 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AUC-ECOFRUİT-xx.xx.2022 nömrəli müqavilə üzrə 14.250 (on dörd min iki yüz əlli) manat məbləğində pul "Ecofruit” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul "Ecofruit” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 180 (bir yüz səksən) manat məbləğində pul "Ecofruit” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov