Məhkəmə qərarları › İş №e-2-2(113)-3776/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3776/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3776/2023 27.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 7.060,31 manat məbləğində əsas borc, 136,03 manat məbləğində dəbbə pulu, 6.000 manat məbləğində maddi zərər və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış 16 dekabr 2021-ci il tarixli məhsulların müstəsna alqı-Satqı müqaviləsinə əsasən İddiaçı MMC “Semazen Baku" MMC-ni birinci növbəli seçilən imtiyazlı, kommersiya baxımından üstün müstəsna sifarişçisi (alıcı) kimi qəbul edərək, əməkdaşlıqda maksimal güzəşt və preferensiyalar tətbiq etməyi, Cavabdeh MMC isə öz növbəsində müstəsna satınalma hüququ əsasında malları qəbul etməyi, təklif etdikləri qaydada və formada öz satış nöqtələrində yerləşdirməyi, reklam etməyi, aldığı məhsullara görə ödəniş etməyi, müqavilə müddəti (üç il) ərzində İddiaçı MMC-nin satışını təşkil etdiyi 7000 qutu “CSD” məhsullarını almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh MMC-nin götürdüyü öhdəlik qarşılığında İddiaçı MMC-i Cavabdeh MMC-nin bank hesabına 5.700 manat məbləğində pul köçürmüşdür. Müqavilə bağlandıqdan bir müddət keçdikdən sonra Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini pozaraq əməkdaşlığını dayandırmışdır. Müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC-nin Cavabdeh MMC-nin bank hesabına köçürdüyü 5.700 manat və təhvil aldığı məhsullara görə 1.360,31 manat məbləğində pul isə İddiaçı MMC-yə qaytarılmamışdır. Aralarında bağlanmış müqavilənin şərtlərindən də aydın olduğu kimi, Cavabdeh MMC-nin bank hesabına köçürdükləri məbləğ ümumi əməkdaşlıqlarının tərkib hissəsidir və bunun müqabilində Cavabdeh MMC müqavilədən irəli gələn digər əsas vəzifə və öhdəliklərini yerinə yetirməli idi. Lakin Cavabdeh MMC tərəfindən müqavilə ilə müəyyən olunmuş öhdəliklər kobud şəkildə pozulmuşdur. Nəticə etibarilə İddiaçı MMC-nə maddi ziyan dəymişdir. Müqavilə üzrə öhdəliklər pozulduğu üçün hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə 7.060,31 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, hələ də cavabdeh tərəfindən onların şirkətinə ödəniş olunmamışdır. Onu da qeyd etmək istəyirlər ki, təqribən bir il bundan öncə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 7.060,31 manat borcu hissə-hissə ödəniş edəcəkləri ilə bağlı öhdəlik götürərək yazılı şəkildə müraciət etmişdir. Əməkdaşlıqlarını nəzərə alaraq cavabdehə ödəniş üçün möhlət versələr də, cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Nəzərə çatdırmaq istəyirlər ki, müqavilənin 4.1-ci bəndinə əsaslanaraq, Alıcı üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən hər gecikdirilmiş gün üçün 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Alqı-satqı müqaviləsinə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-i kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş dəbbə pulu məhsulların ümumi məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 136,03 manat məbləğində dəbbə pulu yaranmışdır. 16 dekabr 2021-ci il tarixli məhsulların müstəsna alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən alıcı tərəfindən xoşagəlməz halın davam etməsi və ya satınalınma hüququnun alıcı tərəfindən kobud pozulması üzrə satıcının pretenziya bildirişi əsasında - satıcı alıcıdan hər bir pozuntu üzrə əldən çıxmış fayda məbləğində maddi zərərin ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən alıcı müqavilənin 2.11-ci bəndində qeyd edilən öhdəliyini yerinə yetirmədikdə, alıcı 6.000 manat məbləğində satıcıya təzminat ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. 16 dekabr 2021-ci il tarixli məhsulların müstəsna alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən tərəflər arasında müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 7.060,31 manat məbləğində əsas borcu və 136,03 manat məbləğində dəbbə pulu və müqavilə üzrə öhdəlikləri pozduğu üçün 6.000 manat məbləğində maddi zərər cavabdeh tərəfindən ödənilməlidir. Bununla da, onlar İddiaçı MMC olaraq pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, 5.700 manat məbləği müqavilənin şərtinə əsasən cavabdehə ödəmişlər, səhv etmirsə cavabdehlə 2-3 ay çalışmışlar. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qismən qəbul etdiyini, izahatında iddiaçıdan 5.700 manat məbləğində pul vəsaitini tələb etmədiyini, onlar öz arzuları ilə həmin pulu ödədiklərini, restoran müflis olduğundan iddiaçıdan müqavilədə nəzərdə tutulmuş miqdarda mal ala bilmədiyini, hazırda fəaliyyət göstərmədiyini, eyni zamanda tərəf ilə aralarında bağlanan müqavilənin müddətinin bitmədiyini, belə olan halda o iddia tələbini sadəcə 1.360 manat hissədə qəbul etdiyini, maddi vəziyyətinin xeyli pis olduğunu və tələb edilən pul vəsaitini tam ödəyə bilməyəcəyini qeyd etmişdir. Qanuni təmsilçi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, borc məbləğinin etirafı barədə ərizəni 2022-ci ilin sentyabr və ya oktyabr ayında yazmışdır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh MMC (direktoru Qanuni nümayəndə şəxsində) (alıcı) arasında 16 dekabr 2021-ci il tarixli, 230/**********/M/21 məhsulların müstəsna alqı-satqısı haqqında-bonus proqramı üzrə marketinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən alıcının sifarişi əsasında satıcı özünə aid “Pepsi Co” məhsullarını (irəlidə “Məhsullar” və yaxud “Mallar” adlandırılacaq) alıcıya verməyi, alıcı isə müstəsna satınalınma hüququ əldə etməklə, sifariş günündən sonra növbəti iş günü ərzində (və ya Tərəflərin razılığı ilə digər müddətdə) məhsulları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən müstəsna satınalınma barədə razılaşma əsasında satıcı alıcını birinci növbəli seçilən imtiyazlı, kommersiya baxımından üstün müstəsna sifarişçisi (alıcısı) kimi qəbul edərək, bununla bağlı alıcı ilə münasibətdə maksimal güzəşt və digər preferensiyaları tətbiq edəcəyini vəd edir. Alıcı isə, öz növbəsində, müstəsna satınalınma hüququ əsasında malları satıcıdan qəbul etməyi, həmin malları müstəsna olaraq satıcının təklif etdiyi qaydada və formada satış nöqtələrində yerləşdirməyi və satmağı öz üzərinə götürür. 2.3-cü bəndinə əsasən alıcı tərəfindən xoşagəlməz halın davam etməsi və ya təkrarlanması hadisəsi ilə müstəsna satınalınma hüququnun alıcı tərəfindən göstərilən kobud pozulması üzrə satıcının pretenziya bildirişi əsasında - satıcı alıcıdan hər bir pozuntu üzrə əldən çıxmış fayda məbləğində maddi zərərin ödənilməsini tələb edə bilər. 2.11-ci bəndinə əsasən müqavilə müddəti ərzində alıcı satıcıdan 7000 qutu "CSD məhsullarını almağı və dəyərini ödəməyi öhdəsinə götürür. 2.12-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 21 (iyirmi bir) iş günü ərzində satıcı tərəfindən alıcının bank hesabına 5.700 manat məbləğində (ƏDV xaric) pul köçürüləcəkdir. 2.13-cü bəndinə əsasən satıcı alıcının idarə etdiyi ticarət obyektini soyuducu və digər marketinq avadanlıqları ilə (qaytarmaq şərti ilə) təmin etməyi, alıcı soyuducuda yalnız satıcıya məxsus məhsulları yerləşdirməyi (soyuducu təmiz və məhsullarla dolu,standartlara uyğun vəziyyətdə saxlanılmalıdır) öhdəsinə götürür. 2.15-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.11-ci bəndində qeyd edilən öhdəliyini yerinə yetirmədikdə, alıcı bu Müqaviləyə vaxtından əvvəl və ya hər hansı bir səbəbdən xitam vermək istədikdə, satıcının seçimi ilə alıcı 6.000 manat məbləğdə təzminat və yaxud satıcının müqavilə müddəti ərzində çəkdiyi marketinq xərclərini və satıcıdan müqavilə müddəti ərzində qəbul etdiyi malların (hədiyyə daxil olmaqla) dəyərinin 3% dək məbləğini cərimə ödəyir. 3.1-ci bəndinə görə hazırkı müqavilənin ümumi dəyərini X1 cəmi təşkil edir. 3.3-cü bəndinə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir. 3.4-cü bəndinə əsasən alıcı mallara görə ödənişi elektron qaimə-faktura aldığı tarixdən 25 (iyirmi beş) gün ərzində satıcının bank hesabına ödəyir. 4.1-ci bəndinə əsasən alıcı bu Müqavilənin 3-cü bəndində müəyyənləşdirilmiş müddətdə üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən hər gecikdirilmiş gün üçün Məhsulların ödənilməmiş dəyərinin 0,2%-i miqdarında dəbbə pulu hesablanmaqla, Alıcı tərəfindən Satıcıya cərimənin ödənilməsi təmin edilir. 5.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. 5.2-ci bədinə əsasən tərəflər arasında hazırkı müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə 30 (otuz) təqvim günü ərzində razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində və digər hüquq-mühafizə orqanlarında həll edilir. 6.2-ci bəndinə əsasən öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir. 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 (üç) il müddətinə bağlanılır. 3 (üç) il müddətinə kimi Tərəflərin Hüquq və Öhdəlikləri bölməsinin 2.11. bəndində göstərilənlər, yəni Alıcı Satıcıdan 7000 (yeddi min) qutu “CSD” məhsullarını almasa və dəyərini ödəməsə müqavilənin müddəti müvafiq olaraq uzadılacaqdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən (16 dekabr 2021-ci il tarixli, 230/**********/M/21 müqavilə əsasında EBBP seriyalı, 641542 nömrəli e-qaimə üzrə) Cavabdeh MMC-nin hesabına 5.700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən ümumilikdə (ƏDV daxil) 5.451,21 manat dəyərində malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Cavabdeh tərəfindən ümumilikdə (ƏDV daxil) 79,48 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli EBBQ seriyalı, 320518 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 084384 nömrəli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən xx.xx.2022ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (ƏDV daxil) 457,33 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Son borc 1.238,54 manatdır. Malların təhvil-qəbul aktı təhvil verənin və qəbul edənin imzası ilə təsdiq edilmişdir. 139373 və 139374 nömrəli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (ƏDV daxil) 984,15 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Son borc 1.491,87 manatdır. Malların təhvil-qəbul aktı təhvil verənin və qəbul edənin imzası ilə təsdiq edilmişdir. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə İddiaçı direktoru X2 müraciət edərək bildirmişdir ki, 16 dekabr 2021-ci il tarixdə şirkətləri ilə məhsulların müstəsna alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən şirkətlərinin hesabına 5.700 manat vəsait köçürüblər və alqı-satqı müqaviləsinə əsasən 1.360,31 manat məbləğində məhsul alınmışdır. Hazırda onların şirkətinə ümumilikdə 7.060,31 manat məbləğində borcları var. Qeyd edirlər ki, restoranlarının fəaliyyəti maddi problemlərin yaranması səbəbindən dayandırılmışdır. Hazırkı maddi vəziyyətlərini nəzərə alaraq, bu borc məbləğinin 1.500 manatını ilk 6 ay ərzində aylıq 250 manatdan, yerdə qalan 5.560,31 manatını sonrakı 6 ay ərzində aylıq qrafik şəklində ödəməyi öhdəsinə götürürlər. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 3 gün müddətində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh MMC İddiaçındən ümumilikdə 416 qutu “CSD” məhsulu almışdır. Cavabdeh MMC-nin təhvil aldığı məhsullar üzrə İddiaçınə 1.360,31 manat məbləğində borcu və Cavabdeh MMC-nin müqavilə üzrə götürdüyü və daha sonra icra etmədiyi öhdəlik qarşılığında Cavabdeh MMC-nin bank hesabına köçürülmüş 5.700 manat məbləğində borcu yaranmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 16 dekabr 2021-ci il tarixli, 230/**********/M/21 saylı müstəsna alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 5.700 manat pul vəsaitini cavabdehin hesabına köçürmüş və eləcə də 1.360,31 manat məbləğində malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda İddiaçı MMC Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə 7.060,31 manat (5.700+1.360,31) məbləğində borcun, eləcə də 6000 manat məbləğində dəymiş maddi zərərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC mübahisəli müqaviləyə əsasən MMC-nin hesabına 5.700 manat vəsait köçürülməsi və alqı-satqı müqaviləsinə əsasən 1.360,31 manat məbləğində məhsulu alması faktlarını inkar etməsə də, iddianı yalnız 1.360 manat borcun tutulması hissəsində qəbul etmiş, 5.700 manat məbləğində pulun qaytarılması hissəsində isə iddiaya etiraz edərək etirazını həmin məbləğin iddiaçı tərəfindən əvəzsiz olaraq verilməsi və eləcə də müqavilə müddətinin bitməməsi ilə əsaslandırmışdır. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə ilk növbədə alqı-satqı müqaviləsi üzrə 1.360 manat borcun tutulması hissəsində iddiaya münasibətdə qeyd edir ki, həmin məbləğdə malların təqdim edilməsi və borcun mövcud olması faktları cavabdeh tərəfindən etiraf edildiyindən həmin hissədə iddia təmin edilməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddianın 5.700 manat məbləğində pulun qaytarılması tələbinə dair hissəsinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, İddiaçı MMC fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsi olduğundan onun digər kommersiya hüquqi şəxsinə əvəzsiz olaraq pul vəsaiti verməsi barədə cavabdehin dəlilləri inandırıcı görünmür. İkincisi, tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfindən həmin məbləğin cavabdehə ödənilməsinin əsasları konkret müəyyən edilməsə də, müqavilənin məzmunundan aydın görünür ki, həmin müqaviləyə əsasən cavabdeh (alıcı) alqı-satqı müqaviləsi üzrə əsas öhdəliklə yanaşı (əşyanın dəyərini ödəmək) üzərinə standart alqısatqı müqaviləsi üçün xas olmayan əlavə öhdəliklər (iddiaçının (satıcının) yeni məhsullarını tam qaydada dəstəklənməsi (vitrində, ticarət zalında yerlşdirilərək, pərakənhdə satışa buraxılması), ticarət obyektində yalnız satıcıya məxsus “Pepsi co” məhsullarının satışını və reklamını həyata keçirmək, müqavilə müddəti ərzində alıcı satıcıdan 7000 qutu “CSD” məhsullarını almaq və dəyərini ödəmək) də götürmüşdür. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Odur ki, məhkəmə 5.700 manat məbləğində pulun ödənilməsi barədə müqavilə şərtini həmin müqavilənin digər şərtləri və mənası ilə müqayisəli şəkildə təfsir edərək belə qənaətə gəlir ki, 5.700 manat məbləğində pul məhz əlavə öhdəliklərinin icrasına görə ödənilmişdir. Hər iki tərəfin məhkəmədə verdikləri izahatlarından isə müəyyən edilir ki, tərəflər alqı-satqı müqaviləsi üzrə cəmi 4-5 ay əməkdaşlıq etdikdən sonra cavabdehə məxsus restoran bağlandığından tərəflər arasında alqı-satqı münasibətlərinə faktiki olaraq xitam verilmiş, restoranın fəaliyyət göstərdiyi müddət ərzində müqavilə göstərilən minimal limitdə mallar (7000 qutu “CSD” məhsulların) cavabdeh tərəfindən satın alınmamışdır. Yəni 5700 manat məbləğində pul vəsaitinin müqabilində ödənildiyi öhdəliklər cavabdeh tərəfindən faktiki olaraq icra edilməmişdir. Bununla yanaşı cavabdehin direktoru iddiaçının direktoruna ünvanlanmış müraciətində müqaviləyə əsasən hesablarına 5.700 manat vəsait köçürülməsini, alqı-satqı müqaviləsinə əsasən 1.360,31 manat məbləğində məhsul alınmasını və hazırda iddiaçıya ümumilikdə 7.060,31 manat məbləğində borcunun olmasını, restoranlarının fəaliyyətinin maddi problemlərin yaranması səbəbindən dayandırıldığını bildirmiş və həmin borc məbləğinin 1.500 manatını ilk 6 ay ərzində aylıq 250 manatdan, yerdə qalan 5.560,31 manatını sonrakı 6 ay ərzində aylıq qrafik şəklində ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müraciətlə də cavabdeh 5.700 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalı olmasını təsdiq etmişdir. Mülki Məcəllənin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə məhkəmə cavabdehin müqavilə müddətinin bitməməsi barədə dəlillərinə münasibətdə əvvəla qeyd edir ki, tərəflərin izahatı ilə də təsdiq edildiyi kimi cavabdehin iddiaçıya məxsus malların satışını həyata keçirdiyi restoran 2022-ci ilin ortalarında bağlandıqdan sonra tərəflər arasında alqı-satqı müqavilə münasibətlərinə faktiki olaraq xitam verilmişdir. İddiaçı tərəfindən cavabdehə sonuncu fakturaların 2022-ci ilin aprel ayında göndərilməsi, yəni cavabdehin sonuncu dəfə məhz həmin dövrdə iddiaçıdan mal alması da göstərilən halı bir daha təsdiq edir. İkincisi, Mülki Məcəllənin: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi 2022-ci ildə ortalarında cavabdehə məxsus restoran bağlandıqdan sonra müqavilə münasibətlərinin davam etdiyini ehtimal etsək belə, iddiaçı cavabdehə 5.700 manat pulun qaytarılması və 1.360,31 manat məbləğində borcun ödənilməsi barədə pretenziya göndərməklə cavabddehin öhdəliklərinin lazımi qaydada icra edilməməsi əsası ilə alqı-satqı müqaviləsinə xitam verilməsi barədə niyyətini cavabdehə çatdırmış, bununla da alqı-satqı müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, tərəflər arasında alqı-satqı müqaviləsi vaxtından əvvəl ləğv edildiyindən cavabdehin müqavilə müddətinin birməməsinə istinad edərək 5700 manat məbləğində pulu qaytarmaqdan imtina etməsi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 5700 manat məbləğində pulun tutulması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən hesablanmış 136,03 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsi hissəsində də iddia əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 16 dekabr 2021-ci il tarixli, 230/**********/M/21 saylı müqavilə üzrə 136,03 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin dəymiş zərər kimi 6.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə ilk növbədə qeyd edir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə məhkəmə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğunu müəyyən etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının maddi zərərə görə cavabdehdən 6000 manat məbləğində pulun tutulması hissəsində iddiasını əsaslandırmaq üçün istinad etdiyi müqavilənin alıcının öhdəliklərinin pozulmasına görə 6000 manat məbləğində təzminat ödəməsi öhdəliyini müəyyən edən bəndinə (2.15-ci bənd) münasibətdə məhkəmə qeyd edir ki, birincisi, həmin bənddə müəyyən edilmiş təzminat məbləğinin maddi zərərin əvəzi olaraq ödənilməli olan məbləğ olması müqavilədə aydın şəkildə ifadə edilməmişdir. İkincisi, müqavilədə həmin müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində tərəfə “dəyəcək” maddi zərərin məbləğinin qabaqcadan müəyyən edilməsi bir tərəfdən ağlabatan görünmür, digər tərəfdən isə Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş “maddi zərər” anlayışına ziddir. Həmin məbləğin ödənilməsi barədə şərtə öhdəliyin icra edilməməsinə görə maliyyə sanksiyası (cərimə) kimi yanaşsaq qeyd edilməlidir ki, müqavilənin 4.1-ci bəndində malın aldığı dəyərini ödəmək öhdəliyinin lazımi qaydada icra edilməməsinə görə alıcı tərəfindən gecikdirilmiş hər gün üçün məhsulları ödənilməmiş dəyərinin 0,2 % miqdarında penya ödənilməsi ilə yanaşı 2.15-ci bənddə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə 6000 manat məbləğində cərimənin də ödənilməsinin nəzərdə tutulması şəxsin eyni pozuntuya görə ikiqat məsuliyyətə cəlb edilməsi deməkdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsi bir pozuntuya görə iki məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutmur, bundan əlavə şəxsə bir pozuntuya görə iki məsuliyyət tədbirinin tətbiq edilməsi mülki hüququn təməl prinsiplərinə ziddir. Belə olan halda isə maddi zərərin əvəzi olaraq 6000 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə də iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 110 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 129,59 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC-dən 19,59 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1360,31 manat məbləğində əsas borc, müqavilə üzrə ödənilmiş pulun əvəzi olaraq 5700 manat məbləğində pul vəsaiti, 136,03 manat məbləğində dəbbə pulu, cəmi 7.196,34 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh MMC-dən 19,59 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar