Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-378/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 48.625 manat əsas borcun; özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaya görə həmin vəsaitin, yəni 48.625 manat əsas borc məbləğinin 9 faizini təşkil edən 4.376 manat pulun; vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 420 manat pulun; mediasiya sessiyasında iştiraka görə mediasiya qurumlarına ödənilmiş 405 manat pulun; poçt və digər məhkəmə xərcləri olan 35 manat pulun, cəmi 53.861 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC kimi 30 yanvar 2019-cu il tarixdə ********** saylı dövlət reyestr qeydiyyatına (VÖEN) alınmaqla fəaliyyət göstərir. İddiaçı MMC-nin əsas fəaliyyəti beynəlxalq yük daşınmalarını həyata keçirməkdir. Cavabdeh MMC ilə 01 avqust 2022-ci il tarixdə, 2022/M-İ(85) saylı yük daşınması müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq, xx.xx.2022-ci il tarixdə 6.715 manat borc (daşınma haqqı), xx.xx.2022-ci il tarixdə 26.520 manat borc, xx.xx.2022- ci il tarixdə 27.540 manat borc, xx.xx.2022-ci il tarixdə 6.885 manat borc, xx.xx.2022-ci il tarixdə 13.770 manat borc, xx.xx.2022-ci il tarixdə 7.055 manat borc, xx.xx.2022-ci il tarixdə 14.110 manat borc, xx.xx.2023-cü il tarixdə 28.220 manat borc və xx.xx.2023-cü il tarixdə 7.055 manat daşınma haqqı olaraq borcun ödənilməsinə dair cavabdeh tərəfə elektron qaimə kəsilmiş və cavabdeh tərəfə göndərilmişdir. Yekun olaraq xx.xx.2023-cü il tarixədək olan dövr ərzində daşınma xərcləri 137.870 manat təşkiletmişdir. Həmin puldan 59.745 manat ödənilmiş, 78.124 manat ödənilməmiş qalmışdır. 01.01.22 – 27.02.23 tarixləriəhatə edən qarşılıqlı üzləşdirmə aktı tərtib olunumş, hər iki tərəfin rəsmi imzası və möhürü ilə təsdiq olunmuş akta əsasən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Cavabdeh MMCnin İddiaçı MMC-ə 78.124 manat borcu qalmışdır. Dəfələrlə danışıqlar aparılmış, borcun ödənilməsi tələb olunmuş, məsələyə uzun müddət danışıq yolu ilə yanaşılmış borcun bir qismi qaytarılsa da, yekunda 48.625 manat borc ödənilməmiş qalmışdır. Cavabdeh tərəfə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, mediasiya prosesinin təklifi barədə təklif göndərilmiş, mediasiya prosesində mediatorlar tərəfindən borcun qaytarılması barədə səylər göstərilmiş, lakin bunlar nəticəsiz qalmışdır. Nəticədə məhkəmə yolu ilə borcun ödənilməsi tələbi irəlisürülmüşdür. Bütün mövcud halları, faktiki vəziyyəti nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, iddia tələbiəsaslıdır. X1 Heyətinin 04 may 2023-cü il tarixli qərarı ilə bank uçot dərəcəsi 9 faiz müəyyən olunumşdur. 48.625 manat əsas borcun 9 faizi 4376 manat təşkiledir. Həmin faiz borc cavabdehdən tutulmalıdır. “Mediasiya haqqında” Qanuna uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğuna görə həmin tələblərə tərəfimizdən tam riayətlər edilmişdir. Məsələnin sülh yolu ilə həllinə çalışsaq da, cavabdeh tərəf bu səylərimizi müsbət dəyərləndirməmiş və çağırışlara belə gəlməkdən boyun qaçıraraq könüllü olaraq borcu qaytarmaqdan imtina etmişdir. Belə ki, yekun olaraq mediasiya proseslərində çəkilən xərclər 405 manat təşkiletmiş və həmin vəsait də cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1 maddəsinə əsasən: 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləğiçəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddianın məhkəmədə baxılması məqsədilə məhkəməyə hazırlıqla bağlı, hüquqi yardım göstərilməsi məqsədilə məhkəməyə çəkilən xərclər 420 manat, poçt və digər məhkəmə xərcləri, məsrəfləri 35 manat təşkil etmişdir və həmin məhkəmə məsrəfləri cavabdeh tərəfindən tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mallar Türkiyədən cavabdehin ünvanına çatdırılmış, cavabdeh tərəfindən qəbul edilmiş, borcla bağlı tərəflər arasında üzləşmə aktı tərtib edilmiş, üzləşmə aktından sonra cavabdeh tərəfindən qismən ödəniş edilsə də, qalan 48625 manat pul ödənilməmişdir. Cavabdehin təqdim etdiyi aktları qəbul etmir, belə ki, həmin tarixlərdə olan daşımalarla bağlı onlara irad bildirilməmiş, daşınan mallar cavabdeh tərəfindən qəbul edilmişdir, həmin aktlar iddiaçı tərəfindən təsdiq edilməmiş, göstərilən malların həqiqətən də iddiaçı tərəfindən daşınması müəyyən edilmir, aktlarda adları qeyd edilən sürücülərin isə iddiaçıya hər hansı aidiyyatı yoxdur. Bundan əlavə, daşınan mallar sığortalanmış, vaxtında qüsurlu mallar barədə məlumatlar, qüsurlu malların özləri onlara təqdim edilsə idi, zərərin qarşılanması üçün müvafiq sığortaçıya müraciət olunardı. Lakin onlara həmin mallar təqdim edilməmişdir. Əlavə olaraq yükü müşayiət edən sənədlər cavabdehdədir, sürücülərin adları da həmin sənədlərdə qeyd edilmişdir, daşınmalar həqiqətən də aktlarda adları qeyd edilmiş sürücülər tərəfindən icra edilmişdirsə, bu barədə aktları cavabdeh təqdim edə bilərdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən, 36824 manat əsas borc hissəsində qəbul etdiklərini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirib iddianın qalan hissədə isə rədd edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qismən, 36824 manat əsas borc hissəsində qəbul etdiklərini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirib iddianın qalan hissədə isə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə uzun müddət əməkdaşlıqları olmuş, iki daşımada (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli) onlara məxsus olan ümumilikdə 11800 manat məbləğində mallar (kağız məhsullar) nəm və istifadəyə yararsız olmuş, bu barədə müvafiq aktlar tərtib edilərək iddiaçının e-mail ünvanına göndərilmiş, lakin onlara dəymiş zərər qarşılanmamışdır. Həmin qüsurlu mallar da digər daşınan mallarla birlikdə tərəflərindən qəbul edilmiş, hazırda onların anbarında saxlanılır. İddiaçıya olan borc dəymiş zərər çıxılarsa, qalıq 36824 manat təşkil edir. Zərər qarşılanacağı təqdirdə, həmin vəsait də ödəniləcəkdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 2022/M-İ(85) saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən daşıyıcı yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, sifarişçi isə daşıyıcıya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyə öhdəsinə götürür.
8. Müqavilənin 10.1-ci bəndinə əsasən sifarişçi yükün daşınmaya görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və Əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəlqiyyat vasitəsinin yükünə görə haqq ödəyir.
9. Müqavilənin 10.2-ci bəndinə əsasən Yüklənmə və boşaltma Əlavədə göstərilən müddətdən artıq həyata keçirilərsə, hər gün üçün (bayram və istirahət günləri də daxil olmaqla) Əlavədə göstərilən məbləğdə sifarişçi daşıyıcıya haqq ödəyir.
10. Müqavilənin 10.3-cü bəndinə əsasən sərhəd buraxılışı məntəqələrində daşınma ilə bağlı əlavə xərclər (təhlükəli yüklərə görə rüsum və s.) müəyyən edilərsə, həmin xərclər daşınma haqqı ilə birlikdə əlavə olaraq sifarişçi tərəfindən daşyıcıya ödəniləcəkdir.
11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-xx.xx.2023-cü il tarixli dövr üzrə üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya 78124,50 manat borcu var.
12. İddiaçı tərəfindən cavabdehə EBCE 070638 nömrəli xx.xx.2022-ci il tarixli (6715 manat), EBCG 763590 nömrəli xx.xx.2022-ci il tarixli (26520 manat), EBCJ 149475 nömrəli xx.xx.2022-ci il tarixli (27540 manat), EBCJ 151001 nömrəli xx.xx.2022-ci il tarixli (6885 manat), EBCJ 713479 nömrəli xx.xx.2022-ci il tarixli (13770 manat), EBCM 066831 nömrəli xx.xx.2022-ci il tarixli (7055 manat), EBCM 253988 manat xx.xx.2022-ci il tarixli (14110 manat), EBCM 544737 nömrəli xx.xx.2023-cü il tarixli (28220 manat), EBCM 680551 nömrəli xx.xx.2023-cü il tarixli (7055 manat), EBDM 820865 nömrəli xx.xx.2023-cü il tarixli (405 manat) elektron qaimələr təqdim edilmişdir.
13. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat pul ödənilmişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
22. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
23. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında nəqliyyat ekspedisiyası haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə ümumilikdə 137870 manat vəsait ödənilməsi razılaşdırılmış, həmin vəsaitdən ümumilikdə 59745,50 manat pul cavabdeh tərəfindən ödənilmiş, qalıq borcla (78124,50 manat) bağlı tərəflər arasında üzləşmə aktı imzalanmışdır.
24. İddiaçı tərəflər arasında razılaşdırılmış yükün təyinat yerinə müqavilə şərtlərinə əsasən daşındığını, malların cavabdeh tərəfindən qəbul edildiyini, daşınmaların həyata keçirilməsinin cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini bildirir.
25. Cavabdeh iddiaya etiraz edərək, iki daşımanın qüsurlu icra edildiyini, təyinat yerinə çatdırılmış malların bir hissəsinin (ümumi dəyəri 11800 manat olmaqla) daşınmanın qüsurlu icra edilməsi nəticəsində tam yararsız hala düşdüyünü, bu səbəbdən həmin malların istifadəyə yararsız olduğunu və bununla əlaqədar özünün də zərərə uğradığını bildirir.
26. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallarla bağlı aşağıdakı sənədləri təqdim etmişdir.
27. Belə ki, xx.xx.2022-ci il tarixli 1 saylı zay məhsul aktına əsasən xx.xx.2022-ci il tarixdə kağız fabrikindən yüklənmiş ümumi dəyəri 2612 ABŞ dolları olan kağız mallarda islanma (nəm) aşkar edilmişdir.
28. xx.xx.2022-ci il tarixli 2 saylı zay məhsul aktına əsasən xx.xx.2022-ci il tarixdə kağız fabrikindən yüklənmiş ümumi dəyəri 1120 ABŞ dolları olan kağız mallarda islanma (nəm) aşkar edilmişdir.
29. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında həmin aktların mötəbər sənədlər olmadığını, orada sürücü kimi adları qeyd edilmiş şəxslərin onlara hər hansı aidiyyatı olmadığını, daşınan mallarla bağlı onlara hər hansı irad bildirilmədiyini bildirmişdir.
30. Məhkəmə həmin sənədlərlə bağlı bildirir ki, tərtib edilmiş aktlarda daşınan malların zədələndiyi göstərilsə də, lakin həmin sənədlərdən malların məhz iddiaçı tərəfindən daşınması həyata keçirilmiş mallar olması, həmin malların cavabdehə məxsus olması, dəyərinin aktda qeyd edildiyi kimi olması müəyyən edilmir, bundan əlavə, həmin daşımalarla bağlı cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli elektron qaimələrə hər hansı etiraz bildirilməmişdir.
31. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, beləliklə də cavabdeh daşınmanın qüsurlu həyata keçirildiyini, nəticədə özünün də 11800 manat məbləğində zərərə uğradığını bildirsə də, bu hissədə etirazını əsaslandıra və sübut edə bilməmişdir.
32. Hazırkı halda cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassızdır.
33. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş (halbuki cavabdeh qüsurların malların tərəflərindən təhvil verildiyi məqamda aşkar edilən gözlə görünən qüsurlar olduğunu bildirir), daşıma ilə bağlı hər hansı irad bildirilməmişdir (həmin iradın bildirildiyini təsdiq edən sübut təqdim edilməmişdir). Belə ki, cavabdeh daşınmanın qüsurlu icra edilməsi, bununla əlaqədar özünün də zərərə məruz qalması barədə iddiaçıya hər hansı məlumat verməmiş, zərərin ödənilməsi üçün iddiaçıya hər hansı bildiriş verməmişdir.
34. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
36. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
37. 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.
38. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
39. Belə ki, iddia ərizəsində tələb edilən əsas borcun 48625 manat olması göstərilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 137870 manat məbləğində qaimə təqdim edilmiş, cavabdeh tərəfindən 89245,50 manat ödəniş edilmiş, qalıq borc hazırda 48624,50 manat təşkil edir, bundan əlavə, üzləşmə aktında qalıq borc 78124,50 manat göstərilmiş, həmin aktdan sonra cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 29500 manat ödəniş edilmişdir (həmin ödənişlər cavabdeh tərəfindən də məhkəmə iclasında təsdiq edilmişdir).
40. Məhkəmə bu səbəbdən hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan əsas borcun məbləği 48624,50 manat müəyyən edilməlidir.
41. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi (9 faiz) nəzərə alınmaqla hesablanmış 4376 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
42. İddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş müddət üçün 4376 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 4376 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
43. Bundan başqa iddia ərizəsində 420 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərci bu hissədə cavabdehə aid edilməlidir.
44. Belə ki, ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hüquqi yardımla bağlı Vəkil ümumilikdə hüquqi xidmət haqqına görə 420 manat pul ödənilmişdir.
45. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 405 manat dövlət rüsumu cavabdehə, qalan 27 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 48624,50 manat məbləğində əsas borc, 420 manat hüquqi yardıma görə xərc, ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə 49449,50 (qırx doqquz min dörd yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 27 (iyirmi yeddi) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova