Məhkəmə qərarları › İş №e-2-2(113)-3783/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3783/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3783/2024 30.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “soyuducunun dəyərinin iki mislinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: soyuducunun dəyərinin iki mislinin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “soyuducunun dəyərinin iki mislinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 3000 manat və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan X4” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri dəyəri 1500 (min beş ) AZN olan SDVC markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X4” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Müqavilə imzalandığı andan qüvvəyə minmiş hesab edilir. Müqavilənin 2.7.-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, İstifadəçi əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. İstifadəçi soyuducunu göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, müqavilə “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2020-ci il tarixli “S oyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçı "xxxx" MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı “Azərbaycan Koka – X5” MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3336/2022 saylı xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə İddia təmin edilmiş, “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 3000 manat və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərc Cavabdeh tutularaq “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3783/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, e-2-2(113)- 3336/2022 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 732-ci maddəsinə əsasən Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 736.1-ci maddəsinə əsasən Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 736.2-ci maddəsinə əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. - 736.3-cü maddəsinə əsasən Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 97.5-ci bəndinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

13. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 20335 saylı soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə bağlandığını qeyd edərək, müqavilə üzrə Cavabdeh dəyəri 1.500 manat olan soyuducunun verildiyini və sonuncunun da, soyuducunu qaytarmadığını bildirərək, soyuducunun dəyərinin iki mislini tələb edir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmadığını, soyuducunun götürülmədiyini, imzanın cavabdehə məxsus olmadığını bildirmişdir.

15. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədəki imzanın Cavabdeh, yoxsa başqa şəxs tərəfindən icra olunması və xx.xx.2020-ci il tarixli “soyuducu hərəkət əmri”ndəki imzanın Cavabdeh, yoxsa başqa şəxs tərəfindən icra olunmasını müəyyən etmək məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

16. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün xx.xx.2020-ci il tarixli 20335 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin və xx.xx.2020-ci il tarixli soyuducu hərəkət əmrinin əsillərinin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixdə vəsatət göndərilmişdir.

17. 17.07.2024-cü il tarixdə “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə vəsaətətlə bağlı məlumat verilmiş və xx.xx.2020-ci il tarixli 20335 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin və xx.xx.2020-ci il tarixli soyuducu hərəkət əmrinin əsillərinin qısa müddətdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir.

18. Buna baxmayaraq, “Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bununla bağlı hər hansı bir məlumat verilməmiş və tələb edilən sənədlərin əsilləri təqdim edilməmişdir.

19. Göründüyü kimi, cavabdeh tərəf iddiaçı ilə hər hansı bir müqavilə münasibətinə daxil olmadığını, hər hansı bir soyuducu götürmədiyini, imzanın cavabdehə aid olmadığı qeyd etmişdir.

20. İddiaçı tərəf isə, tələb edilməsinə baxmayaraq, təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin əsillərini təqdim etməmişdir.

21. Belə olan halda, Məhkəmə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən hesab edir ki, həqiqətən də, iddiaçının istinad etdiyi müqavilədəki imza, cavabdeh tərəfindən icra edilməmişdir və ona məxsus deyildir.

22. Ona görə də, Məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı bir müqavilə münasibəti yaranmamış, hər hansı bir soyuducu cavabdehə verilməmişdir və bu səbəbdən də, iddia təmin edilə bilməz.

23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

“Azərbaycan X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “soyuducunun dəyərinin iki mislinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar