Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3786/2023 25.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh MMC” arasında bağlanmış 07 aprel 2022-ci il tarixli, 024-İİMKS-CEC/22 saylı “ehtiyat hissələrinin satışı müqaviləsi”nə əsasən 2199.99 (iki min yüz doxsan doqquz, 99) manat əsas borcun, 800 (səkkiz yüz) manat cərimə borcunun, 65 (altmış beş) manat mediasiya xərclərinin, 180 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 3244.99 (üç min iki yüz qırx dörd, 99) manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh MMC ilə 07 aprel 2022-ci il tarixli, 024-İMKS- CEC/22 saylı “Ehtiyat hissələrinin Satışı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən “satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “alıcı”ya satmağı və “alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə əsasən Cavabdeh MMCyə ümumi dəyəri 2199.99 (iki min yüz doxsan doqquz, 99) manat olan ehtiyat hissələri satılmışdır. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən “alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra köçürmə yolu ilə 5 (beş) bank günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğdən heç bir ödəniş etməmiş və bugünkü günə 2199.99 (iki min yüz doxsan doqquz, 99) manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunan borcu tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli üzləşmə aktları və elektron qaimə fakturalar təsdiq edir. Bununla yanaşı, müqavilənin 4.1.3-cü bəndinə görə təhvil verilmiş mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün 0,1% həcmində cərimə ödəməlidir. Borclu bir ildən çox bir müddətdir ki, öhdəliyi pozur. Bunu nəzərə alaraq borclunun bugünkü günə 800 (səkkiz yüz) manat cərimə borcu yaranmışdır. Yekun olaraq 07 aprel 2022-ci il tarixli, 024-İMKS-CEC/22 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” üzrə ”İNVESTALL” MMC-nin İddiaçı ASC-yə toplam 2999.99 (iki min doqquz yüz doxsan doqquz, 99) manat borcu mövcuddur. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2023-cü il tarixində pretenziya göndərilmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı QSC (VÖEN**********) və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022 tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında xx.xx.2022 tarixinə Cavabdeh MMC-nin 2.199,99 manat borcu qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023 tarixli AZ0010220 saylı ödəniş tapşırığına əsasən 65 manat Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına İddiaçı ASC tərəfindən köçürülmüşdür. İddiaçı ASC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022 tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında xx.xx.2022 tarixinə Cavabdeh MMC-nin 2.199,99 manat borcu qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 07 aprel 2022-ci il tarixli, 024-İİMKS-CEC/22 saylı “ehtiyat hissələrinin satışı müqaviləsi”nə əsasən “satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş, bundan sonra “əlavə”, malları “alıcı”ya satmağı və “alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. 1.2 bəndə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. 2.6 bəndə əsasən “alıcı” sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini avans olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 bank günü ərzində “satıcı”ya köçürmə yolu ilə ödəməlidir. 4.1.3 bəndə əsasən əgər “alıcı”ya hesab-faktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1%-i həcmində cərimə ödəyəcək. EBBU seriyalı 142155 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 024-İMKS- CEC/22 Əlavə 1 üzrə İddiaçı ASC tərəfindən 2.199 manat məbləğində mallar Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 23 may 2023-cü il tarixli 4607 nömrəli hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 180 manat ödəniş İddiaçı ASC-yə hüquqi yardım göstərilməsi barədə razılaşdırılmışdır. xx.xx.2023 tarixli #005XOH********** saylı ödəniş tapşırığına əsasən 180 manat “Femida” Vəkil Bürosunun bank hesabına İddiaçı ASC tərəfindən köçürülmüşdür. İddiaçı QSC (VÖEN**********) və Cavabdeh MMC arasında təsdiq edilmiş qiymətlərin razılşadırılması və malların təhvil verilməsi haqqında xx.xx.2022 tarixli 01 nömrəli akta əsasən 07 aprel 2022-ci il tarixli, 024-İİMKS-CEC/22 saylı “ehtiyat hissələrinin satışı müqaviləsi” üzrə 2.200 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmiş, bununla belə təhvil verilmiş malların dəyəri ödənilməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2.199,99 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə malların təhvil aktlarını eyni zamanda elektron qaimələri və üzləşmə aktlarını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar ümumi şəkildə nəzərə alındıqda iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Qeyd edilənlərdən əlavə iddiaçı 800 manat məbləğində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.1.3 bəndə əsasən əgər “alıcı”ya hesabfaktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1%-i həcmində cərimə ödəyəcək. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 110 manat məbləğində müəyyən edilməlidir. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Həmin Məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 65 manat mediasiya xərci və 180 manat hüquqi yardım xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 07 aprel 2022-ci il tarixli, 024-İİMKS-CEC/22 saylı “ehtiyat hissələrinin satışı müqaviləsi”nə əsasən 2199.99 (iki min yüz doxsan doqquz, 99) manat əsas borc, 110 (bir yüz on) manat cərimə borcu, 65 (altmış beş) manat mediasiya xərci, 180 manat göstərilən hüquqi yardıma görə xərc İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3786/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3786/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver