Məhkəmə qərarları › İş №e-2-2(113)-3789/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3789/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3789/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil1 və Cavabdeh nümayəndəsi,Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi məhkəməyə müraciət edərək, 11.12.2013-cü il tarixli 1431- L/13 nömrəli müqavilə üzrə 16423,50 manat gecikdirilmiş borcun və hesablanmış 7288,34 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat cəmi: 24211,84 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2013-cü il tarixli 1431-L/13 nömrəli müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 09.06.2021-ci il tarixə 11.12.2013-cü il tarixli 1431-L/13 nömrəli müqavilə üzrə 16423,50 manat gecikdirilmiş borcu və hesablanmış 7288,34 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tələb olunan borc 31.03.2021-ci il tarixdə yarandığından iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil2 iddianı qəbul etməyərək izahatında 2018-ci ildən texnikanın xarab olması nəticəsində 2018-2019-cu illərdə istifadə olunmadığını və bu səbəbdən ödənişlərin aparılmadığını, yalnız 2021-ci ilin iyul ayında 1000 manat məbləğində ödənişin edildiyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 11.12.2013-cü il tarixli 1431-L/13 nömrəli texnikanın lizinqə verilməsi barədə müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 65539,17 manat olan kombayn və qotmanlayıcı kopnitel (texnikaların dəyəri tam ödənildikdən sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğivə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən görünür ki, Cavabdeh 2018-ci ildə 4423,50 manat, 2019-cu ildə 6000 manat, 2020-ci ildə 6000 manat cəmi 16423,50 manat borc və 7288,34 manat cərimə borcu hesablanmışdır. Həmçinin həmin grafikində Cavabdeh hər ilin birinci və dördüncü rübdə ödənişlərdən azaddır. Kapital Bankın 17.07.2021-ci il tarixli Ref 000İPX1211981D82 nömrəli ödəniş qəbzindən görünür ki, 5 saylı Vəkil Bürosuna ********* 1242N nömrəli müqaviləyə əsasən hüquqi xidmət üçün 500 manat ödənilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 16423,50 manat gecikdirilmiş borc və 7288,34 manat cərimə borcu hesablanmışdır. Kapital Bankın 23.07.2021-ci il tarixli 2589 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 1000 manat ödənilmiş, qalıq borc 24863,50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2, 467-ci və 747.1-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh lizinq obyektlərinə görə ödənişləri etmədiyinə görə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə 16423,50 manat məbləğində gecikdirilmiş borc yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə 16423,50 manat məbləğində borc 31.03.2021-ci il tarixə yarandığından, cavabdeh isə vaxtaşırı ödəniş kimi hesab olunan 1000 manat pulu tələb olunmayan 2021-ci ilin 3-cü rüb üçün ödədiyinə görə nəzərə alınmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 16423,50 manat məbləğində əsas borc və hüquqi xidmətə görə ödənilmiş 500 manat məbləğində vəsaitin tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçının müqavilənin 4.2-ci bəndinə əsasən 7288,34 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 576,50 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 13.12.2017-ci il tarixli 07-LA/17 lizinq müqaviləsi üzrə 31.03.2021-ci il tarixə yaranmış 16423,50 manat gecikdirilmiş borc, 576,50 manat cərimə borcu və hüquqi yardımla bağlı 500 manat cəmi 17500 manat məbləğində pulun cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi dövlət rüsumunun ödənilməsindən azad olunduğuna görə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 13.12.2017-ci il tarixli 07-LA/17 lizinq müqaviləsi üzrə 31.03.2021-ci il tarixə yaranmış 16423,50 manat gecikdirilmiş borc, 576,50 manat cərimə və hüquqi yardıma görə ödənilmiş 500 manat cəmi 17500 manat məbləğində pul cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar