Məhkəmə qərarları › İş №e-2-2(113)-3792/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3792/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3792/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 30/11-22 saylı alğı-satqı müqaviləsinə əsasən 150000 manat borcun, 15000 manat dəbbə pulunun, 180 manat hüquqi yardıma görə xərcin, 400 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun, toplam 165625 manat cavabdeh "xxxx" MMC-dən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 30/11-22 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. 30/11-22 saylı müqavilənin ümumi dəyəri 18% ƏDV daxil 150000 manat olmuşdur. Həmin müqavilənin predmetini satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanı satmağı, alıcı isə əmlakın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmək təşkil edir. İddiaçı olaraq öz üzərimizə götürdüyümüz öhdəlikləri tam şəkildə yerinə yetirməyimizə baxmayaraq cavabdeh tərəfindən hal-hazırki vaxtadək heç bir ödəniş edilməmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən yuxarıda qeyd olunan texnika cavabdehə təhvil verilmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə elektron qaimə-faktura və 0016-23 nömrəli, xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdeh tərəfin tərəfimizdən göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Həmin razılaşmaların 4.2-ci bəndinə əsasən İddiaçı QSC bu müqavilə ilə “İcraçı” şirkət olaraq müqavilə üzrə malları xx.xx.2022-ci il tarixdə təhvil verməyi öz üzərinə götürmüş və Müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdi. Yuxarıda qeyd olunan Müqavilənin 2.2-ci maddəsinə əsasən tam ödəniş müqavilə bağlandıqdan sonra 2 ay ərzində nəzərdə tutulur. Həmin müqavilənin 4.1ci maddəsinə əsasən alıcı bu müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirməsə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəf xx.xx.2022-ci il tarixədək ödəməni tam icra etməli olmasına baxmayaraq gecikdirmə etmiş və bunun nəticəsində 15000 manat ( bir gün – 150000*0,1/100=150 manat) dəbbə pulu ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 30/11-22 nömrəli İddiaçı QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanı satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanın dəyəri 127118,64 manat, ƏDV 18% 22881,36 manat, cəmi 150000 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əssaən tam ödəniş müqavilə bağlandıqdan sonra 2 ay ərzində nəzərdə tutulur. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı Bu Müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirməsə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu Müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli 3136 saylı təhvil təslim aktından görünür ki, İddiaçı QSC "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 1 ədəd Dynapac növlü CC384HF modelli texnikanı təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBCL seriyalı 224317 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC "xxxx" MMC-yə cəmi 127118,64 manat, ƏDV 22881,36 manat, yekun 150000 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC 45 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC Femida Vəkil Bürosunun hesabına 180 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, İddiaçı QSC Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına 405 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/11-00888 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 467-ci maddələrinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı QSC ilə alıcı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanın alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanın 150000 manat məbləğində dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlar işə əlavə edilmiş müqavilə, elektron qaimə, təhvil-təslim aktı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borc 150000 manat, 180 manat hüquqi yardıma görə xərcin, 400 manat mediasiya xərcinin və 45 manat dövlət rüsumunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı isə qeyd edir ki, dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək hesablandığına görə azaldılaraq 10000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 30 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 150000 manat, 10000 manat dəbbə pulu cəmi 160000 manat, habelə ödənilmiş 180 manat hüquqi yardıma görə xərc, 400 manat mediasiya xərci və 45 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 30 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc 150000 manat, 10000 manat dəbbə pulu cəmi 160000 manat, habelə hüquqi yardıma görə ödənilmiş 180 manat, mediasiya xərci 400 manat, dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar