Məhkəmə qərarları › İş №e-2-2(113)-3793/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3793/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3793/2022 14.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi ” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 23.984 manat əsas borcun, 3.381,80 manat cərimənin, ilkin mesiasiya sessiyasının keçrilməsi üçün ödənilmiş 400 manat pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 210 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 002 nömrəli 04 fevral 2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən (İddiaçı MMC-İcraçı, "xxxx" MMC-Sifarişçi) İcraçı ona məxsus olan məhsulları Sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında Sifarişçinin anbarına çatdırır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Göstərilən xidmətlərin və malların dəyəri köçürmə yolu ilə mal təhvil verildiyi gündən sonra 10 (on) bank gün ərzində həyat keçirilir. Malın və xidmətin dəyəri vaxtında ödənilməsə, hər iş gününə görə 0.1 % cərimə hesablanacaq. Həmin müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı tərəfindən Cavabadehə həmin müqaviləyə edilmiş əlavələr əsasında 77.478 (yetmiş yeddi min dörd yüz yetmiş səkkiz) manat məbləğində mal və xidmətlər təhvil vermişdir. Lakin, Cavabdeh mal və xidmətlərin dəyərindən yalnız 45.333,56 manat əsas məbləğ üzrə iddiaçının bank hesabına, 8160.04 manat isə ədv depozit hesabına ödəmişdir. Cavabdehin iddiaçıya 20.325,76 mant əsas məbləğ üzrə borcu və 3.658,54 manata ədv üzrə borcu qalmışdır. Ümumilikdə xx.xx.2021ci il tarixindən cavabdehin idiaçıya ödənilməli olan borcun məbləği 23.984,40 manat təşkil edir. Həmin tarixdən artıq yeddi ay müddət keçir. Ötən iş günləri 2021-ci il üzrə 47 iş günü və 2022-ci ilin beş ayı üçün 94 iş günü, cəmi 141 iş günü təşkil edir. Həmin dövr üçün cavadeh tərəfindən 23984.40 manat X141 gün X 0.1%= 3381.80 manat cərimə ödənilməlidir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 04 fevral 2020-ci il tarixində 002 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 002 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə 1 və 1/1 nömrəli əlavələrlə tərəflər malın adı, miqdarı və qiyməti barədə “Qiymətlərin razılaşdırma protokolu”nu imzalayıb, təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna da diqqət yetirilməlidir. İşdə olan xx.xx.2020-ci il tarixli “Təhvil-təslim” aktı ilə 8.850 manat məbləğində, xx.xx.2020-ci il tarixli “Təhvil-təslim” aktı ilə 11.809,44 manat məbləğində, xx.xx.2020-ci il tarixli “Təhvil-təslim” aktı ilə 2.124 manat məbləğində, xx.xx.2020-ci il tarixli “Təhvil-təslim” aktı ilə 5.890,56 manat məbləğində, xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” aktı ilə 10.620 manat məbləğində, xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” aktı ilə 3.894 manat məbləğində, xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” aktları ilə 12.744 manat və 1.962 manat məbləğində, xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” aktı ilə 15.252 manat məbləğində, xx.xx.2021-ci il tarixli “Təhvil-təslim” aktı ilə 3.378 manat məbləğində mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. Təhvil-təslim aktları hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Yəni ümumilikdə təhvil-təslim aktları ilə 76.524 manat dəyərində olan mallar cavabdehə təhvil verilmişdir. Həmçinin də, İddiaçı tərəfindən müvafiq məbləğlərdə malların Cavabdehnə təqdim edilməsi barədə təhvil-təslim aktları ilə eyni tarixli elektron qaimlər göndərilmişdir. Məhkəmə qeyd edir ki, malların təhvili zamanı tərəflər arasında təhvil-təslim aktlarınin imzalanması tərəflər arasında işgüzar münasibətlərin məhz təhvil-təslim aktlarının üzərindən aparıldığına işarə edir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş xx.xx.2021ci il tarixli EBBK seriyalı 480443 nömrəli dəyəri 954 manat təşkil edən elektron qaimə ilə bağlı təhvil-təslim aktı olmadığından və digər bütün elektron qaimələr üzrə təhvil-təslim aktları olduğundan, qeyd edilən elektron qaimədə göstərilmiş dəyərdə olan malların cavabdehə təhvil verilmədiyinə dəlalət edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehə ümumilikdə 77.478 manatlıq deyil, 76.524 manat dəyərində olan mallar təhvil verilmişdir. İddiaçı tərəf təhvil verilmiş malların dəyərindən cavabdeh tərəfin tam ödəniş etmədiyini və 23.984,4 manat borcunun qaldığını bildirir. Məhkəmə belə olan halda qeyd edir ki, 954 manat dəyərində olan malların təhvil verilməsi sübut olunmadığından tələb edilən puldan çıxılmalıdır. Bundan başqa da iş məhkəmədə olan zaman iddiaçı tərəf qəbzlər təqdim edərək cəmi 6.395,6 (975,6+5420) manat ödəniş edildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin ödənilməmiş 16.634,8 (23.984,4-954-6395,6) manat borcu qalmışdır. Ona görə də, əsas borcun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci maddəsində öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən göstərilən xidmətlərin və malların dəyəri köçürmə yolu ilə mal təhvil verildiyi gündən sonra 10 (on) bank günü ərzində həyata keçirilir. Malın və ya xidmətin dəyəri vaxtında ödənilməsə, hər iş gününə gör 0,1% cərimə hesablanacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 16.634,80 manat məbləğində əsas borcuna münasibətdə 900 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/4-00914 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində pul ödənilmişdir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 308 saylı qərarına əsasən iddianın qiyməti 10001 manatdan 50000 manatadək olduqda mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat müəyyən olunmuşdur. İddianın qiyməti nəzərə alındığında ödənilməli mediasiya xərci 200 manat təşkil edir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, digər 200 manat isə iddiaçı tərəfindən mediatora artıq ödənildiyindən cavahdehdən tutula bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddianın 210 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 11 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 210 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 002 saylı müqavilə üzrə 16.634 (on altı min altı yüz otuz dörd) manat 80 (səksən) qəpik əsas borc və və 900 (doqquz yüz) manat cərimə borcu olmaqla, cəmi 17.534 (on yeddi min beş yez otuz dörd) manat 85 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 200 (iki yüz) manat, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar