Məhkəmə qərarları › İş №e-2-2(113)-3795/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3795/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3795/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli KR 049/2021 saylı Alqı-satqı müqaviləsinə əsasən, iddiaçıdan aldığı üç ədəd 2x2m Alüminium teleskopik səyyar iskələyə görə ƏDV daxil 3186 manatın, iki ədəd 3m Alüminium səyyar iskələyə görə ƏDV daxil 3068 manatın, vəkil xidmətinə görə ödənilmiş 200 manatın, cəmi 6454 manatın, habelə mediasiya görə xidmət haqqının və dövlət rüsumuna görə ödənilmiş vəsaitin cavabdehdən tutularaq iddiaçının hesablaşma hesabına köçürülməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixli KR 049/2021 saylı Alqı-satqı müqaviləsinə əsasən, iddiaçıdan aldığı üç ədəd 2x2m Alüminium teleskopik səyyar iskələyə görə ƏDV daxil 3186 manatın, iki ədəd 3m Alüminium səyyar iskələyə görə ƏDV daxil 3068 manatın, vəkil xidmətinə görə ödənilmiş 200 manatın, cəmi 6454 manatın, habelə mediasiya görə xidmət haqqının və dövlət rüsumuna görə ödənilmiş vəsaitin cavabdehdən tutularaq iddiaçının hesablaşma hesabına köçürülməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KR 049/2021 saylı Alqı-satqı müqaviləsinə əsasən iddiaçı sifariş olunmuş malları cavabdehə satmalı, cavabdeh isə bu malları qəbul edərək dəyərini iddiaçıya ödəməli idi. İddiaçı üzərinə düşən öhdəliklərini vaxtında və keyfiyyətlə icra edərək aşağıda adları sadalanmış və sonradan “Mal” adlanacaq mal-materialı cavabdehə təhvil vermişdir: xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırması protokoluna əsasən bir ədədinin qiyməti 900 manat olan ƏDV daxil 3186 manat dəyərində üç ədəd 2x2m Alüminium teleskopik səyyar iskələ təhvil verilmiş, Mala dair xx.xx.2021-ci il tarixdə cavabdehə elektron qaimə göndərmişdir. xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırması protokoluna əsasən bir ədədinin qiyməti 1300 manat olan ƏDV daxil 3068 manat dəyərində iki ədəd 3m Alüminium səyyar iskələ təhvil verilmiş, Mala dair xx.xx.2021-ci il tarixdə cavabdehə elektron qaimə göndərmişdir. Bundan başqa, iddiaçı cavabdehə satılan bu Mala görə ödənilməli olan vəsaitin ödənilməsini cavabdehdən dəfələrlə tələb etmişdir. Sonuncu isə aldığı bu Mala görə ödəməli olduğu vəsaitin yaxın günlərdə tam olaraq ödəniləcəyinə söz vermiş, lakin heç bir ödəniş etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KR 049/2021 saylı Alqı-satqı müqaviləsinə əsasən 3m Alüminium səyyar iskələ adlı mal-materialın dəyəri 3068 manat məbləğində razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli EBBO seriyalı 845735 saylı və xx.xx.2021-ci il tarixli EBBO seriyalı 972374 saylı Elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə müvafiq olaraq 3186 manat və 3068 manat olmaqla ümumilikdə 6254 manat dəyərində mal satmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli KR 049/2021 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflər arasında Qiymətlərin razılaşdırılması protokolları tərtib edilməklə malların qiymətləri razılaşdırılmışdır. İddiaçı cavabdehə müvafiq olaraq 3186 manat və 3068 manat olmaqla ümumilikdə 6254 manat dəyərində mal satmış, lakin cavabdeh tərəfindən malın dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 6254 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə vəkilin göstərdiyi yardıma görə 200 manat Bakı şəhər 14 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində dövlət rüsumuna görə ödənilmiş vəsaitin tutulmasını xahiş etsə də, dövlət rüsumunun ödənilməsinə dair qəbz məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisə üzrə iddiaçı ilkin Mediasiya sessiyasında iştiraka görə 100 manat xidmət haqqı ödəmiş, bu məbləğ bu iddia üzrə ödəniləcək dövlət rüsumundan artıq olduğuna görə iddiaçı bu iş üzrə ödənilməli olan dövlət rüsumundan azaddır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia dövlət rüsumuna görə ödənilmiş vəsaitin tutulması hissəsində təmin oluna bilməz. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli KR 049/2021 saylı Alqısatqı müqaviləsinə əsasən, üç ədəd 2x2m Alüminium teleskopik səyyar iskələyə görə ƏDV daxil 3186 manat, iki ədəd 3m Alüminium səyyar iskələyə görə ƏDV daxil 3068 manat, vəkil xidmətinə görə ödənilmiş 200 manat, cəmi 6454 manat, 100 manat mediasiyaya görə xidmət haqqı cavabdehdən tutularaq iddiaçının hesablaşma hesabına köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli KR 049/2021 saylı Alqı-satqı müqaviləsinə əsasən, üç ədəd 2x2m Alüminium teleskopik səyyar iskələyə görə ƏDV daxil 3186 manat, iki ədəd 3m Alüminium səyyar iskələyə görə ƏDV daxil 3068 manat, vəkil xidmətinə görə ödənilmiş 200 manat, cəmi 6454 manat, 100 manat mediasiyaya görə xidmət haqqı Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar