Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-381/2023 16.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, borc, cərimə, ödəniş qrafiki, xərc) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1946-L/15 lizinq müqaviləsi üzrə 8238 manat gecikdirilmiş əsas borc və 4919,87 manat cərimə borcu, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, ümumilikdə 13655,87 manat pul vəsaitinin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1946-L/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli, 1946-L/15 nömrəli müqavilə üzrə yaranmış 8238 manat gecikdirilmiş borcu və hesablanmış 4919,87 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədənkənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun MŞB/8-00108 saylı, xx.xx.2022-ci il tarixli arayışı təqdim edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 748-1.12.4-cü və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş, eyni zamanda bildirmişdir ki, müqavilə üzrə lizinq ödənişinin ümumi məbləği 31500 manat olmuş, həmin məbləğdən 6300 manat lizinq alan tərəfindən ilkin ödəniş olaraq ödənilmiş, 12600 manat isə güzəşt məbləği olmuşdur. Lizinq müqaviləsi bağlanan zaman ilkin ödəniş qrafiki 31500 manata görə tərtib olunmuş, 12600 manat güzəşt olunduqdan sonra yeni qrafik tərtib olunsa da, lizinq alan tərəfindən imzalanmamışdır. İlkin ödəniş və güzəşt məbləği çıxıldıqdan sonra lizinq alanın qrafik üzrə ödəməli olduğu cəmi məbləğ 12600 manat olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qalıq lizinq ödənişi 12600 manat ilkin ödəniş qrafikində qeyd olunan müddətdə və dövriliklə ödənilməlidir. Sadəcə olaraq aylıq ödəniş məbləği az təşkil edir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, lizinq müqaviləsi üzrə 6300 manat ilkin ödəniş etmiş, 12600 manat güzəşt olunmuşdur. Maddi vəziyyəti ilə əlaqədar olaraq qrafik üzrə heç bir ödəniş etməmişdir, lakin hissə-hissə ödəniş etmək fikrindədir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, 12600 manat güzəşt məbləği ilə bağlı sənədi əldə etmiş, lakin yeni ödəniş qrafikini imzalamaq üçün getməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
9. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün halları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 22 oktyabr 2015-ci il tarixdə 1946-L/15 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilə üzrə lizinq obyektlərinin ümumi dəyəri 31500 manat, ilkin ödəniş məbləği 6300 manat müəyyən edilmiş, lizinq obyektləri olan 4 gövdəli kotan və traktor xx.xx.2015-ci il tarixli aktla lizinq alana təhvil verilmişdir. Cavabdeh ilkin ödənişin (6300 manat) edildiyi xx.xx.2015-ci il başlanğıc tarix olmaqla lizinq müqaviləsi üzrə ödənişləri xx.xx.2025-ci il tarixədək hər rüb üzrə ödəməyi öhdəsinə götürmüşdür (ödəniş qrafikinə əsasən). Eyni zamanda məhkəmə müəyyən edir ki, qrafik üzrə rüblük ödənişlərin edilməsinin başlanğıc tarixi xx.xx.2016-ci il tarix olmuşdur. Bundan başqa məhkəmə müəyyən edir ki, xx.xx.2015-ci il tarixdə tərtib olunmuş ödəniş qrafiki üzrə ilkin ödəniş məbləği 6300 manat, qalan ödənilməli məbləğ isə 25200 (31500-6300) manat olmuşdur.
10. İddiaçı tərəfindən təqdim olunan çıxarışlardan görünür ki, lizinq alan (iddiaçı) tərəfindən xx.xx.2015-ci il tarixdə 6300 manat ilkin ödəniş edilmiş, xx.xx.2015-ci il tarixdə isə 12600 manat məbləğ güzəşt edilmişdir. Müqavilə üzrə cəmi ödənilmiş öhdəlik 18900 manat təşkil edir.
11. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə məbləği 31500 manat olan 22 oktyabr 2015-ci il tarixli, 1946-L/15 nömrəli müqavilə üzrə 18900 manat ödənilmişdir. Gecikdirilmiş borc məbləği 8238 manat, hesablanmış cərimə məbləği isə 4919,87 manat təşkil edir.
12. Məhkəmə tərəflərin izahatları və təqdim olunmuş sənədlər əsasında müəyyən edir ki, ödəniş qrafikində cəmi ödəniş məbləği 31500 manat razılaşdırılsa da, həmin məbləğdən 12600 manat güzəşt olunmuş, qalıq 18900 manat məbləğdən ilkin ödənilmiş 6300 manat çıxıldıqdan sonra ödəniş qrafiki üzrə ödənilməli məbləğ 12600 manat qalmışdır. Lakin yeni ödəniş qrafiki təsdiqlənməmişdir.
13. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
14. İddiaçı maliyyə arayışının tərtib olunduğu xx.xx.2022-ci il tarixə gecikdirilmiş 8238 manat pulun lizinq alandan tutulmasını xahiş edir.
15. Cavabdeh borcun olduğunu qəbul edir, hissə-hissə ödəyəcəyini bildirir.
16. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
17. Mülki Məcəllənin 741.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
18. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq edikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia əsaslıdır.
19. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
23. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən 31500 manat pulun ödənilməsi razılaşdırılsa da, işin müəyyən olunmuş hallarına əsasən ilkin ödəniş məbləği (6300) çıxıldıqdan sonra qrafik üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməli olan məbləğ 12600 manat olmuşdur. Ödənişlərin hissə-hissə olmaqla 38 dəfəyə rüblük edilməsinin razılaşdırıldığı, tələb olunan məbləğin 2022-ci ilin 3cü rübünə olan gecikdirilmiş ödəniş məbləği olduğu və həmin tarixə 25 hissə üzrə ödənilməmiş borcun olduğu nəzərə alındıqda məhkəmə müəyyən edir ki, 2022-ci ilin 3-cü rübünə gecikdirilmiş borc 8289,47 ((12600:38)x25) manat olmuşdur. İddiaçı 8238 manat pulun tutulmasını tələb edir.
24. Lizinq müqaviləsi üzrə cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək qrafik üzrə müəyyənləşdirilmiş lizinq ödənişlərini tam etmədiyini, iddiaçının tələb etdiyi tarixə ödənilməli olan əsas borc məbləğinin 8289,47 manat olduğunu, iddiaçının 8238 manat pulun tutulmasını tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, lizinq müqaviləsi üzrə 8238 manat əsas borc cavabdehdən tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
25. İddia ərizəsində iddiaçı 4919,87 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
26. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
29. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
30. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
31. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
32. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin müəyyən olunur ki, lizinq alan tərəfindən sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə edildiyi halda, iddiaçı yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda cərimə güzəşt məbləği nəzərə alınmadan hesablanmışdır.
33. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
34. Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 400 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
c) Mediasiya və hüquqi yardım xərcinin tutulması ilə bağlı
35. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşür.
36. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB12-00111 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənmişdir.
37. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021 və xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh qarşı pulun tutulması tələbi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə vəkil Nümayəndə tərəfindən hüquqi yardımın göstərilməsi razılaşdırılmış, hüquqi yardıma görə haqq 300 manat müəyyən olunmuş, müqavilə bağlandığı vaxt ödənilməsi razılaşdırılmışdır.
38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
40. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
41. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
42. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Məhkəmə gecikdirilmiş borcun tutulması tələbinin əsaslı olduğunu, hesablanmış cərimə məbləğinin məhkəmə tərəfindən azaldıldığını nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan pulun ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 300 manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 8238 (səkkiz min iki yüz otuz səkkiz) manat əsas borc, 400 (dörd yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 8638 (səkkiz min altı yüz otuz səkkiz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardıma görə xərcinin əvəzi olaraq 300 (üç yüz) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova