Məhkəmə qərarları › İş №e-2-2(113)-3819/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3819/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3819/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 62/ASM nömrəli qara metal qırıntısının alqı-satqısı müqaviləsi və xx.xx.2021-ci il tarixli 63/ASM nömrəli dəniz obyektlərində balansdan silinmiş qurğu və avadanlıqların sökülməsi, daşınması və təkrar emala yararlı metal hissələrinin alqı-satqısı müqaviləsi üzrə 437 604,63 manat məbləğində pulun və ödənilmiş 727,6 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 150.2-ci maddəsinndə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Halbuki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə sonuncu “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyindən X1 Sistemi vasitəsilə göndərilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1 və 150.1.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 437 604,63 manat olduğundan iddia ərizəsi verilərkən 727,6 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən ********** nömrəli mədaxil qəbzini təqdim etmişdir ki, həmin qəbzlə yalnız 663 manat dövlət rüsumu ödənilmişdir. Başqa sözlə, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi iş materialları ilə təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsini və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar