Məhkəmə qərarları › İş №e-2-2(113)-382/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-382/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-382/2020 20.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 Departamentinin "Bakı- Ət" açıq səhmdar cəmiyyətinə qarşı sənədlərin götürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 Departamenti "Bakı-Ət" açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdə səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (ilkin mühasibat sənədləri, vergi hesab fakturaları, uçot registrləri, kassa sənədləri, dövriyyə cədvəlləri, baş kitab, kassa kitabı, əmtəə-material hesabatları, sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr), tender sənədləri, icarə müqavilələri, elektron daşıyıcılar və s. sənədlər) götürülməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1, 23.1.2, 23.1.5 və 23.1.7-ci maddələrinə əsasən, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüquqlarıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 42.1-ci mаddəsinə əsаsən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci mаddəsinə əsаsən vergi ödəyicisinin həmin maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı olan vergi orqanının cavabdehdən sənədlərin götürülməsi zamanı sonuncu tərəfindən şəraitin yaradılmaması hərəkətini vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirərək, səyyar vergi yoxlaması üçün tələb olunan sənədlərin götürülməsi tələbinə dair iddiası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaması səbəbi ilə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Belə ki, iddiaçının inzibati orqan olmaqla səyyar vergi yoxlamasının keçirilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi baradə qərar qəbul edərək bu qərarın icra olunmaması ilə bağlı məhkəməyə müraciət etdiyi iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, iddiaçının fəaliyyətinin həyata keçrilməsi ilə bağlı olan və onun məcburi iradəsinə əsaslanan münasibətlərdən yarandığından bu münasibətlər fiziki və ya hüquqi şəxslərlə dövlət qurumu arasındakı iradələrin statuslarının bərabərliyi əsasında həyata keçirilən sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 Departamentinin "Bakı-Ət" açıq səhmdar cəmiyyətinə qarşı sənədlərin götürülməsi tələbinə dair mülki üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 Departamentinin "Bakı- Ət" açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdə səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (ilkin mühasibat sənədləri, vergi hesab fakturaları, uçot registrləri, kassa sənədləri, dövriyyə cədvəlləri, baş kitab, kassa kitabı, əmtəə-material hesabatları, sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr), tender sənədləri, icarə müqavilələri, elektron daşıyıcılar və s. sənədlər) götürülməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar