Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3820/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı 727,42 manat, cərimə məbləği 610,74 manat, ümumilikdə 1338,16 manat məbləğdə və ilkin mediasiya sessiyası ilə bağlı ödənilən rüsum 40 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 727,42 manat, cərimə məbləği 610,74 manat, ümumilikdə 1338,16 manat məbləğdə və ilkin mediasiya sessiyası ilə bağlı ödənilən rüsum 40 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2019-ci il tarixli 1834/**********-R/19 saylı Alqı-Satqı Müqaviləsinə əsasən iddiaçı istehsal etdiyi süd və süd məhsulları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin Malları qəbul edir və bu Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 727,42 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 727,42 manat təşkil edir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər arasında bu Müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Məsələni həlletmək məqsədilə dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (yazılı xəbərdarlıq (Pretenziya) xx.xx.2022-ci il tarixində təqdim edilmişdir), cavabdeh yaranmış borcunu bu günə kimi ödəməmişdir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə iddiaçı cavabdehdən gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 11 mart 2022-ci il tarixinə olan cərimənin məbləği 610,74 manat təşkil edir. Beləliklə, cavabdehin ümumi borcu 1338,16 manat təşkil edir. İddiaçı tərəfindən İlkin mediasiya sessiyasına görə 40 manat ödəniş edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 16 sentyabr 2019-ci il tarixli 1834/**********-R/19 saylı Alqı-Satqı Müqaviləsindən görünür ki, iddiaçı istehsal etdiyi süd və süd məhsullarını cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin Malları qəbul etməyi və bu Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 6 ədəd Elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə ümumilikdə 807,98 manat dəyərində mal satmışdır. 6 ədəd Malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 521,35 manat məbləğində mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, iddiaçı xx.xx.2019-cu il tatixindəıı 1834 saylı alqı-satqı müqaviləsi əsasında cavabdehə süd məhsulları təhciz etmişdir. xx.xx.2019-cu ildən bu günədək müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə EQF-lər əsasında 2430.50 manat (ƏDV daxil) dəyərində süd məhsulları təhciz edilmişdir. Eyni dövr ərzində cavabdeh iddiaçının hesabına ƏDV daxil 1703.08 manat ödəniş etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya EQF-lər üzrə 727.42 manat (ƏDV daxil) və gecikməyə görə hesablanmış cərimələr üzrə 610.74 manat, cəmi 1338.16 manat (ƏDV daxil) debitor borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2019-ci il tarixli 1834/**********-R/19 saylı Alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı istehsal etdiyi süd və süd məhsullarını cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin Malları qəbul etməyi və bu Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 2430.50 manat (ƏDV daxil) dəyərində süd məhsulları satılmış, cavabdeh tərəfindən iddiaçının hesabına ƏDV daxil 1703.08 manat ödəniş edilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya 727.42 manat (ƏDV daxil) borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 727.42 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh bu Müqaviləilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə iddiaçı cavabdehdən gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 610,74 manat dəbbə pulu məbləği yaranmış 727,42 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 35 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində dövlət rüsumuna görə ödənilmiş vəsaitin tutulmasını xahiş etsə də, dövlət rüsumunun ödənilməsinə dair qəbz məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisə üzrə iddiaçı ilkin Mediasiya sessiyasında iştiraka görə 100 manat xidmət haqqı ödəmiş, bu məbləğ bu iddia üzrə ödəniləcək dövlət rüsumundan artıq olduğuna görə iddiaçı bu iş üzrə ödənilməli olan dövlət rüsumundan azaddır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia dövlət rüsumuna görə ödənilmiş vəsaitin tutulması hissəsində təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 40 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 33,38 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 56,97 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 25,63 manat (40 manat (mediasiya xərcinin məbləği) – 14,37 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 25,63 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 727,42 manat, 35 manat cərimə və mediasiya xərcinə görə 25,63 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 727,42 manat, 35 manat cərimə və mediasiya xərcinə görə 25,63 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3820/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3820/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver