Məhkəmə qərarları › İş №e-2-2(113)-3823/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3823/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3823/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən mənimsənilmiş 59337 manat 49 qəpiyin, əldən çıxmış faydaya görə 3000 manatın, iddianın hazırlanması, hüquqi xidmətlər üçün 2000 manatın, 30 manat dövlət rüsumunun, cəmi 64367 manat 49 qəpiyin birdəfəlik olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən mənimsənilmiş 59337 manat 49 qəpiyin, əldən çıxmış faydaya görə 3000 manatın, iddianın hazırlanması, hüquqi xidmətlər üçün 2000 manatın, 30 manat dövlət rüsumunun, cəmi 64367 manat 49 qəpiyin birdəfəlik olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 2020-ci il ərzində müxtəlif çeşiddən olan mal dövriyyəsi (alqı-satqısı) olmuşdur. Aralarında olan malların alqı-satqısında pul mübadiləsi nağdsız həyata keçirilmişdir. 31 dekabr 2020-ci il tarixinə aralarında olan borc qalığı 59337 manat 49 qəpik müəyyən edilmiş və bunun da təsdiqi kimi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı tərtib edilmişdir. Lakin buna baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək iddiaçıya olan qalıq 59337 manat 49 qəpiyin ödənilməsi müxtəlif vaxtlara təyin edilsə də, bu günədək ödənilməmişdir. İddiaçı dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsə də, heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşqul olur və hər bir əməliyyatı ilə əlaqədar işçi işlədir, sosial ödənişlər edir və dövlət büdcəsinə vergilər verir. Lakin cavabdehin qanunsuz davranışlarından, qanunsuz əməlləri nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymiş, gəlirdən məhrum edilmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdeh hazırki borcu iddiaçı ilə müzakirə etmək və mübahisəni barışıq yolu ilə həll etmək istəyirdi, lakin iddiaçı məhkəmə iclasına gəlmir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 01 noyabr 2018-ci il tarixli QZSA218/2018 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı satmağı, cavabdeh isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və Müqaviləyə əlavə edilən qaimə-faktura(İar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları cavabdehdən almağı və həmin Malın müqabilində iddiaçıya qaimə-faktura/hesab faktura(İar)da nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdələrinə götürmüşlər. 31 dekabr 2020-ci il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 59337 manat 49 qəpik təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01 noyabr 2018-ci il tarixli QZSA218/2018 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı satmağı, cavabdeh isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və Müqaviləyə əlavə edilən qaimə-faktura(İar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları cavabdehdən almağı və həmin Malın müqabilində iddiaçıya qaimə-faktura/hesab faktura(İar)da nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mallar satılmış, cavabdeh tərəfindən həmin mallar qəbul edilmiş, lakin malların dəyərindən cavabdehin iddiaçıya 59337 manat 49 qəpik borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli QZSA218/2018 saylı alqı satqı müqaviləsinə və 31 dekabr 2020-ci il tarixli Üzləşmə aktına əsasən 59337 manat 49 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində əldən çıxmış faydaya görə 3000 manatın, eyni zamanda iddianın hazırlanması, hüquqi xidmətlər üçün 2000 manatın ödənilməsini tələb etsə də, göstərilən tələblər barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin tələblər hissələrində iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 59337 manat 49 qəpik alınaraq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 92,22 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,66 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,34 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 59337 manat 49 qəpik alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 27,66 manat məbləği Cavabdehndən alınaraq İddiaçı ödənilsin, qalan 2,34 manat məbləği İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar