Məhkəmə qərarları › İş №e-2-2(113)-3824/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3824/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3824/2021 27.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Südeyib oğlu, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 65991,78 manat (18% ƏDV daxil olmaqla) borcun, 6599 manat dəbbə pulunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 72620,79 pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 oktyabr 2019-cu il tarixində 13/19 saylı müqavilə imzalanmışdır. Müqavilələrin 2.3-cü maddəsinə görə alıcı müqavilə qüvvəyə mindikdən sonra 15 gün ərzində köçürmə yolu ilə ödəniş aparmalıdır. Ödəniş vaxtı pul vəsaitinin satıcının hesablaşma hesabına daxil olma günü hesab olunur. 30 dekabr 2019-cu il, 22 fevral 2021- ci il və 27 may 2021-ci il tarixlərində müxtəlif mallar göndərilmişdir. Hazırda cavabdehdən 65991,78 manat (18% ƏDV daxil olmaqla) borcun, 6599 manat dəbbə pulunun tutulması xahiş edilir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında qarşılıqlı üzləşmə aktı ilə də cavabdehin ƏDV-siz 55925,2 manat borcu olduğu öz təsdiqini tapır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib, iddia iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara həmin müqavilə üzrə təhvil verilmiş olan bütün malların dəyəri tərəflərindən ödənilmişdir. Hazırda müqavilə üzrə iddiaçıya ödənilməli olan borcları yoxdur. Materiallarda olan üzləşmə aktında imzası olan mühasib hazırda onların işçisi deyildir. Bu səbəbdən həmin aktla bağlı hər hansı məlumata malik deyil. Bundan əlavə, dəbbə pulu barədə tərəflər arasında yazılı razılaşma olmadığından bu hissədə də iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli 13/19 saylı alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq siyahısı əlavədə nəzərədə tutulmuş malı alıcıya (cavabdeh) satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı müqaviləyə əlavədə əks olunmuş malın təhvil-təslimini həmin mərhələdə tərtib edilən formalar və hüquqi-maliyyə sənədləri əsasında aparır və alıcıya imzalanması üçün təqdim edir. 30.12.2019-cu il tarixli 24 oktyabr 2019-cu il tarixli müqaviləyə 2 nömrəli X2 protokolu, 08.04.2020-ci il tarixli 24 oktyabr 2019-cu il tarixli müqaviləyə 3 nömrəli X2 protokolu, 21.04.2020-ci il tarixli 24 oktyabr 2019-cu il tarixli müqaviləyə 4 nömrəli X2 protokolu, 18.06.2020-ci il tarixli 24 oktyabr 2019-cu il tarixli müqaviləyə 5 nömrəli X2 protokolu, 23.09.2020-ci il tarixli müqaviləyə 6 nömrəli X2 protokolu, 15.10.2020-ci il tarixli müqaviləyə 7 nömrəli X2 protokolu, 11.12.2020-ci il tarixli müqaviləyə 8 nömrəli X2 protokolu, 22.02.2021-ci il tarixli müqaviləyə 9 nömrəli X2 protokolu, 09.03.2021-ci il tarixli müqaviləyə 9 nömrəli X2 protokollarına əsasən iddiaçı və cavabdeh 24 oktyabr 2019-cu il tarixli müqavilə üzrə satılacaq malların miqdarı və qiyməti razılaşdırılmışdır. EBAE 642132 nömrəli, 30.12.2019-cu il tarixli elektron qaiməyə əsasən 64790,26 manat, EBAİ 560595 nömrəli, 08.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 25122,20 manat, EBAJ 012741 nömrəli, 21.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 8499,54 manat, EBAL 268003 nömrəli, 18.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 4242,10 manat, EBAQ ******* nömrəli, 23.09.2020-ci il tarixli elektron qaiməyə əsasən 27429,10 manat, EBAR 309248 nömrəli, 15.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 9887,22 manat, EBAT 750771 nömrəli 11.12.2020-ci il tarixli elektron qaiməyə əsasən 908,60 manat, EBAX 772350 nömrəli, 22.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 38081,19 manat, EBAY 260779 nömrəli, 27.05.22021-ci il tarixli elektron qaiməyə əsasən 1963,52 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 24.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 24 oktyabr 2019-cu il tarixli 13/19 saylı müqavilə üzrə 65991,78 manat borc qalığının 15 bank günü ərzində ödənilməsini tələb etmiş, əks halda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Borcların qarşılıqlı üzləşdirilməsinə dair 12.07.2021-ci il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya ödənilməli olduğu borcun məbləğinin 55925,2 manat olması tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, cavabdeh tərəfindən 24.10.2019-cu il tarixli 13/19 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçının bank hesabına 000İPXO203397733 nömrəli 04.12.2020-ci il tarixli hesab-faktura ilə 11000 manat, 000İPXO19338A0XN nömrəli 04.12.2019-cu il tarixli hesab-faktura ilə 10000 manat 000İPXO193527893 nömrəli 18.12.2019-cu il tarixli hesab-faktura ilə 23594 manat, 000İPXO200354958 nömrəli 04.02.2020-ci il tarixli hesab-faktura ilə 20000 manat, 000İPXO20160A010 nömrəli 08.06.2020-ci il tarixli hesab-faktura ilə 3000 manat, 000İPXO200981558 nömrəli 07.04.2020-ci il tarixli hesab-faktura ilə 9000 manat, 000İPXO201081215 nömrəli 17.04.2020-ci il tarixli hesab-faktura ilə 7203 manat pul köçürülmüşdür. 05.12.2029-cu il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 24.10.2019-cu il tarixli 13/19 saylı alqı-satqı müqaviləsi üzrə 1800 manat, 19.12.2019-cu il tarixli ödəniş tapşırığına əsasən isə 4246,92 manat, 16.04.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 6048,5 manat, 08.06.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 3456,54 manat, 04.12.2020-ci il tarixli ödəniş tapşırığı ilə 1980 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 24.10.2019-cu il tarixli 13/19 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 65991,78 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 65991,78 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 6599 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Lakin məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 24.10.2019-cu il tarixli 13/19 nömrəli alqı-satqı müqaviləsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə müqavilə olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 65991,78 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehə, 10 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 65991,78 manat (altmış beş min doqquz yüz doxsan bir manat yetmiş səkkiz qəpik) əsas borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar