Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3828/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 08 fevral 2019-cu il tarixli HMC/X193/0219 nömrəli xidmət müqaviləsi üzrə cavabdehdən 21.500 manat borcun (xidmət haqqı) tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 08 fevral 2019-cu il tarixli HMC/X193/0219 nömrəli xidmət müqaviləsi üzrə cavabdehdən 21.500 manat borcun (xidmət haqqı) tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasan iddiaçı cavabdehin tələbinə uyğun olaraq "Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi (Qırlı-Gürcüstan sərhəddi hissəsi, km 82+200 km 130+150 layihəsində) üçün özünə məxsus SHANTUİ SD 22 markalı, AZ32T- 212 dövlət nömrə nişanlı Buldozer vasitəsilə qazma, yükləmə, yük qaldırma və daşınma işlərini icra etməyi öhdəsinə götürür və bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəyir. Tərəflər arasında razılaşmanın 3.1-ci bəndinə görə müqavilə üzrə bir aylıq xidmət haqqı (28 gün hesab ilə) SHANTUİ SD 22 markalı AZ 32T-212 dövlət nömrə nişanlı Buldozerə vergilər daxil 7400.00 manat təşkil etmişdir. Belə ki, iddiaçı tərəfindən 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləyə uyğun olaraq (gün hesab ilə) 157-158 gün Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa-Qazax sahəsində işlər görülmüşdür. Qeyd edildiyi kimi, cavabdehlə razılaşmaya əsasən xidmət haqqı (28 gün hesab ilə) 7400.00 manat təşkil etmişdir. Müqavilə üzrə yerinə yetirdiyi işlər üzrə hər gün üçün 264.28 manat xidmət haqqı müəyyən edildiyindən cavabdeh iddiaçıya 41.500 manat məbləğində pul verməlidir. Cavabdeh isə həmin məbləğdən yalnız 20.000 manat ödəmiş və hazırki günədək 21.500 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilmiş olsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş və üzərinə götürdüyü öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri kobud şəkildə pozmuşdur. Tərəflər arasında razılaşmanın 3.6-cı bəndinə görə müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank köçürmə yolu ilə həyat keçirilir. Göründüyü kimi, tərəflər arasında razılaşmada öhdəliyin icrası müddəti təyin edilməsinə baxmayaraq və iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə ödəməli olduğu 21.500 manat borcu bugünədək ödəməkdən boyun qaçırmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləsindən görünür ki, iddiaçı cavabdehin tələbinə uyğun olaraq "Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi (Qırlı- Gürcüstan sərhəddi hissəsi, km 82+200 km 130+150 layihəsində) üçün özünə məxsus SHANTUİ SD 22 markalı, AZ32T-212 dövlət nömrə nişanlı Buldozer vasitəsilə qazma, yükləmə, yük qaldırma və daşınma işlərini icra etməyi, bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. 5 ədəd Təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən 2019-cu ilin oktyabr, noyabr və dekabr, 2020-ci ilin yanvar və fevral ayları üzrə ümumilikdə 34131,86 manat dəyərində göstərilmiş xidmət cavabdeh tərəfindən təhvil alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin tələbinə uyğun olaraq "Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi üçün özünə məxsus SHANTUİ SD 22 markalı, AZ32T-212 dövlət nömrə nişanlı Buldozer vasitəsilə qazma, yükləmə, yük qaldırma və daşınma işlərini icra etməyi, bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. iddiaçı tərəfindən 2019-cu ilin oktyabr, noyabr və dekabr, 2020-ci ilin yanvar və fevral ayları üzrə ümumilikdə 34131,86 manat dəyərində göstərilmiş xidmət cavabdeh tərəfindən təhvil alınmış, lakin cavabdeh tərəfindən xidmətlərin dəyərindən 21500 manat iddiaçıya borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, xidmətlər göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 08 fevral 2019-cu il tarixli HMC/X 193/0219 nömrəli müqaviləyə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu 21500 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08 fevral 2019-cu il tarixli HMC/X193/0219 nömrəli xidmət müqaviləsi üzrə Cavabdehndən 21.500 manat borc (xidmət haqqı) və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3828/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3828/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver