Məhkəmə qərarları › İş №e-2-2(113)-3829/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3829/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3829/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmaqla) qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun silinməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmaqla) qarşı borcun silinməsi tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 242 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh ASC tərəfindən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar tələb olunan 16665 manat məbləğində pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kənd təsərrüfatı texnikasının (texnika) lizinqə verilməsi barədə lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə fərdi sahibkar İddiaçı arasında (lizinq alan) 5 il müddətinə xx.xx.2019-cu il tarixli 242 nömrəli müqavilə bağlanmış, müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəniş etməklə, ümumi məbləği 27301,03 manat olan Traktor Belarus-892 (şassi 0010386) və kotan 4 gövdəli asma (təkərli) SP 144 (şassi **********) olan texnika dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən texnikanın 27301,03 manat dəyərindən 9121,57 manat məbləğ əvvəlcədən lizinq verən "xxxx" ASC-nin Nəsimi filialına ödənilmişdir. Qalan məbləğin isə ödəniş cədvəlinə uyğun ödənilməsi öhdəliyi götürülmüşdür. Üç dəfəyə 10000 (on min) manat “NBS Bank” KB-nın Nəsimi filialına köçürülmşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (Agentlik) "xxxx" ASC və Cavabdeh ASC arasında hüquq və öhdəliklərin ötürülməsi barəsində bağlanmış üçtərəfli sazişə əsasən "xxxx" MMC vasitəsilə ayrılmış lizinq borcları və yığımların icrası müvəkkil kredit təşkilatı kimi Cavabdeh ASC-yə ötürülmüşdür. Lakin Cavabdeh ASC öhdəliklərin icrası ilə əlaqədar 16665 manat məbləğində gecikdirilmiş pul vəsaitinin müqavilə müddətinin bitməsi gününədək ödənilməsini tələb edir. Lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına görə 7880 manat ödənilməmiş öhdəlik borcu qalmışdır. Müqavilə müddətinin bitməsi gününədək mübahisənin qarşılıqlı razılıq əsasında həlli baxımından 7880 manat ödənilməmiş öhdəlik borcunun ödəniş cədvəli tərtib etməklə ödənilməsi barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada pretenziya göndərsə də, cavabdeh tərəfindən müraciətinə heç bir münasibət bildirilməmişdir. Fərdi sahibkarlıqla məşğul olan bir şəxs kimi kənd təsərrüfatı sahəsində əkinçiliklə məşğul olan vətəndaşlara mövsümi qaydada xidmət göstərib (yer şumlayıb əkin sahələrində kənd təsərrüfatı məhsullarının becərilməsi üçün müvafiq kultivasiya işlərini görür) müvafiq vəsait əldə etdikdən sonra müvafiq ödənişlər edə bilər. Texnikaya görə ödədiyi pul vəsaiti nəzərə alınmaqla yaranmış borcun ödənilməsi və müqavilə şərtlərinə uyğun olaraq texnikanı mülkiyyətinə keçirməyi barədə cavabdeh və üçüncü şəxslərə etdiyi müraciətlərə həmin şəxslər tərəfindən müxtəlif yönəldici cavablar verilmişdir. Cavabdeh ASC tərəfindən öhdəliklərin icrası ilə əlaqədar tələb etdiyi 16665 manat gecikdirilmiş pul məbləğinin ödənilməsi üzrə gəlinmiş nəticəni əsassız hesab edir. Texnikaya görə öhdəlik borcu düzgün müəyyən edilməmişdir. Nəticədə konkret olaraq lizinqə götürdüyü texnikanı mülkiyyətinə keçirə bilmir. Texnikaya görə cavabdeh tərəfindən əlavə tələb olunan borc öhdəlikləri silinməli, borc məbləği müəyyən edilməli və mübahisəyə dair müvafiq qətnamə qəbul edilməlidir. Müqavilənin icra şərtləri dünyada, o cümlədən Azərbaycanda da Koronavirus (Covid 19) pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etmişdir. Qabaqlayıcı tədbirlər görülərək müəyyən məbləğdə ödənişlər etdiyi halda, sonrakı illərdə (2020-2021-2022) işləmək imkanı olmadığından, ondan asılı olmayan hallarda (müqavilədə əks olunmuş forsmajor halı) müvafiq ödənişlər olunmasında çətinliklər yaranmışdır. (Koronavirus (Covid 19) pandemiyasının ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə vurduğu mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı). Sahibkarlıqla məşğul olmağı və belə bir çətinliyə məruz qalmağını cavabdeh nəzərə almamış, yalnız öz bildiyi qaydada hesabladığı öhdəlik borcunu tələb etməkdə davam edir. Mübahisənin məhkəmədən kənar şəkildə həlli mümkün olmamışdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, kredit müqaviləsi üzrə ödəniş qrafikini qabaqlayaraq lizinq obyektinə görə ödənilmiş 10000 manat pul vəsaitinin cavabdeh tərəfindən müəyyən edilmiş 16665 manat borc məbləğindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 425.1, 425.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini sözügedən lizinq müqaviləsi üzrə lizinq verən qismində çıxış edən "xxxx" MMC-yə 10000 manat məbləğində ödəniş etməsi ilə əsaslandırmışdır. İddia ərizəsindən və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından aydın olduğu kimi, iddia predmeti qismində çıxış edən məbləğ birbaşa "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülmüşdür. "xxxx" MMC vǝ "xxxx" ASC ləğv edildiyi üçün sözügedən məbləğ Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməmiş, bu səbəbdən iddiaçı üçün ayrılmış kreditin silinməsinə yönəldilməmişdir. Nəticə etibarı ilə iddiaçının borc məbləğindən silinməsini tələb etdiyi vəsaitlə əlaqədar “Prior Leasing" ASC-nin bank hesabına heç bir mədaxil daxil olmamışdır. Sözügedən vəsait pul köçürmələr üzrə benefisiar qismində çıxış edən "xxxx" MMC-nin sərəncamındadır. Bu halda müvafiq məbləğin iddiaçıya hesablanmış borc məbləğindən silinməsi tələbinin heç bir hüquqi əsası yoxdur.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-131/2020 saylı qərarına əsasən "xxxx" MMC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" MMC və Cavabdeh ASC arasında bağlanmış üçtərəfli sazişə əsasən "xxxx" MMC vasitəsilə ayrılmış lizinq borcları və yığımların icrası müvəkkil kredit təşkilatı kimi Cavabdeh ASC-yə ötürülmüşdür. "xxxx" MMC-nin lisenziyasının ləğvi və müflisləşmə yolu ilə ləğv edilməsi prosesi Agentlik tərəfindən qanunvericiliyə uyğun olaraq verilmiş və kənd təsərrüfatına yönəldilmiş güzəştli kreditlərlə bağlı Agentliyin vəsaitlərinin geri ödənilməsində problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, borclu İddiaçı xx.xx.2019-cu ildə "xxxx" MMC vasitəsilə 18180 manat məbləğində kredit məbləği olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən yararlanmışdır. Bu səbəbdən borclunun hal-hazırda Agentlik qarşısında 16665 manat borc öhdəliyi qalmaqdadır.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli, 2-3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş, ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi "xxxx" ASC və "Prior Leasing” ASC arasında hüquq və öhdəliklərin ötürülməsi barəsində bağlanmış üç tərəfli sazişə əsasən "xxxx" MMC vasitəsilə ayrılmış lizinq borcları və yığımların icrası müvəkkil kredit təşkilatı kimi Cavabdeh ASC-yə ötürülmüşdür. Qeyd olunan predmetlə bağlı İddiaçı ilə "xxxx" ASC (keçmiş "xxxx" ASC) arasında heç bir hüquqi bağlılıq yoxdur, İddiaçı tərəfindən ödənilən hər hansı vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməmişdir.

8. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, lizinq verən qismində "xxxx" MMC ilə lizinq alan qismində İddiaçı arasında xx.xx.2019-cu il tarixdə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 242 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən lizinq verən ümumi məbləği 27301,03 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir.

12. İddiaçı bank hesabından çıxarışından görünür ki, xx.xx.21019-cu il tarixli, 242 nömrəli müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 9103,57 manat məbləğində ilkin ödəniş, xx.xx.2019-cu il tarixdə 303 manat, xx.xx.2019-cu il tarixdə 303 manat, xx.xx.2020-ci il tarixdə 305,72 manat, xx.xx.2020-ci il tarixdə 303 manat, xx.xx.2020-ci il tarixdə 303 manat və xx.xx.2020-ci il tarixdə 303 manat aylıq ödəniş həyata keçirilmişdir.

13. “NBC Lizing" MMC, "xxxx" ASC və Aqrar Kredit və İnkişaf Agentliyi arasında 01 iyul 2020-ci il tarixdə 01/2020 nömrəli hüquq və öhdəliklərin ötürülməsi barədə saziş imzalanmışdır. Sazişin 1.1-ci bəndinə əsasən sazişin predmeti portfeli ötürən şəxs mövcud lizinq müqavilələri üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini portfeli qəbul edən şəxsə ötürür, həmçinin portfeli ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər lizinq alanların ona olan müqavilə üzrə borcunu lizinq alanlardan qəbul edərək vəsaiti ayırana tam şəkildə ödəməyi öhdəsinə götürür. Eyni zamanda, Portfeli ötürən şəxs bu Sazişin 1.8-ci bəndində nəzərdə tutulmuş üzləşmələr aparılan anadək bütün lizinq ödənişlərini qəbul edərək Portfeli qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Qəbul edən şəxs isə bununla razılaşaraq Lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən Portfeli ötürən şəxsə ödəməli olduğu məbləği Lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Sazişin 1.5-ci bəndinə əsasən bu Sazişin predmeti olan müqavilələrin və həmin müqavilələr üzrə Lizinq alanların ödənişləri və qalıq öhdəliklərinin tam siyahısı Portfel ötürən şəxs tərəfindən tam və dürüst şəkildə göstərilməli, habelə "xxxx" MMC-nin Agentlik qarşısında qalıq öhdəlikləri və Portfeli qəbul edənə ötürüləcək öhdəliklər Sazişin müvafiq əlavəsi və tərkib hissəsi kimi qarşılıqlı imzalanır. Sazişin 1.7-ci bəndinə əsasən bu Saziş, lizinq müqavilələrinə əsasən Lizinq alan şəxslərin Portfel ötürən şəxs qarşısında xx.xx.2020-ci il tarixinə qədər olan borc öhdəliyini əhatə etmir. Sazişin 2.1-ci bəndinə əsasən Ötürülən hüquq və öhdəliklərin dəyəri Tərəflər razılaşırlar ki, lizinq müqavilələrinin ödəniş qrafiklərinə əsasən xx.xx.2020-ci il tarixindən sonra Bu Sazişin 1.8-ci bəndində nəzərdə tutulmuş üzləşmələr aparılan anadək bütün lizinq ödənişləri Portfeli ötürən şəxs tərəfindən Lizinq alanlardan qəbul edilərək Portfeli qəbul edən şəxsə ötürülür (hesabına ödənilir). Lakin, xx.xx.2020-ci il tarixindən sonrakı dövrü əhatə edən və Vəsait ayıran şəxs tərəfindən ödənilməli olan faiz ödənişləri hesablanır və Sazişin 1.8-ci bəndində göstərilən müddətin sonunda üzləşmələr nəticəsində qəbul edilmiş müqavilələr üzrə ödənilir. Sazişin 2.2-ci bəndinə əsasən bu Sazişin 1.8-ci bəndində nəzərdə tutulmuş müqavilələr bağlanana qədər, Portfeli ötürən şəxs Lizinq alanların müqavilə üzrə borcunu onlardan qəbul edir və Portfeli qəbul edən şəxsə tam şəkildə ödəyir. Portfeli ötürən şəxs ödənişlə birlikdə, ödənişin kim tərəfindən edilməsi barədə Portfeli qəbul edən şəxsə yazılı məlumat verir. Sazişin 2.3-cü bəndinə əsasən bu Saziş imzalandıqdan sonra Lizinq alanlar tərəfindən qəbul edilmiş ödənişlər ilk növbədə xx.xx.2020-ci il tarixdən sonrakı dövrü əhatə edən lizinq ödənişlərinə yönəldilir və Lizina alanlar tərəfindən ödənilmiş artıq məbləğlər “portfel ötürən şəxsin” “vəsaiti ayıran” qarşısında yaranmış keçmiş öhdəliklərinə silinir. Lizinq alanların lizinq müqavilələri üzrə xx.xx.2020-ci il tarixədək gecikmiş borclarına görə “agentlik” tərəfindən “portfeli qəbul edən şəxsə” heç bir cərimə hesablanmır.

14. 01 iyul 2020-ci il tarixli, 01/2020 nömrəli hüquq və öhdəliklərin ötürülməsi barədə sazişə 1 saylı əlavədən görünür ki, İddiaçı AKİA sistemi üzrə qalıq borcu 16665 mana təşkil edir.

15. Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.21019-cu il tarixli, 242 nömrəli müqavilə üzrə Cavabdeh ASC-nin hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3500 manat ödəniş edilmişdir.

16. "xxxx" ASC-nin Qazax filialının xx.xx.2020-ci il tarixli, 185 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı tərəfindən “NBC Bank KB Nəsimi filialına xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2020-ci il tarixdə isə 3000 manat olmaqla ümumi olaraq 10000 manat məbləğində vəsait köçürülmüşdür.

17. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nin hesabına 500 manat məbləğində ödəniş edilmişdir.

18. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nin hesabına 500 manat məbləğində ödəniş edilmişdir.

19. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nin hesabına 500 manat məbləğində ödəniş edilmişdir.

20. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nin hesabına 500 manat məbləğində ödəniş edilmişdir.

21. İddiaçı tərəfindən Cavabdeh ASC-yə pretenziya məktubu ünvanlanaraq 7880 manat məbləğində öhdəlik üzrə ödəniş cədvəlinin tərtib edilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 242 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin ümumi məbləği 27301,03 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə ilkin ödəniş və aylıq ödənişlər həyata keçirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən “NBC Bank KB Nəsimi filialına xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2020-ci il tarixdə isə 3000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində vəsait köçürülmüşdür.

25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş, ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. “NBC Lizinq" MMC, "xxxx" ASC və Aqrar Kredit və İnkişaf Agentliyi arasında 01 iyul 2020-ci il tarixdə 01/2020 nömrəli hüquq və öhdəliklərin ötürülməsi barədə saziş imzalanmışdır. Sazişə əsasən portfeli ötürən şəxs mövcud lizinq müqavilələri üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini portfeli qəbul edən şəxsə ötürmüş, həmçinin portfeli ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər lizinq alanların ona olan müqavilə üzrə borcunu lizinq alanlardan qəbul edərək vəsaiti ayırana tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

26. Göründüyü kimi, “NBC Lizing" MMC-nin hüquq və öhdəliklərinin ötürülməsi barədə saziş imzalanana qədər (xx.xx.2020-ci il) iddiaçı tərəfindən həm lizinq müqaviləsi üzrə ilkin və aylıq ödənişlər həyata keçirilmiş, həm də ödəniş qrafikindən kənar qaydada lizinq verənin hesabına xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat və xx.xx.2020-ci il tarixdə isə 3000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində vəsait köçürülmüş, lakin 10000 manat məbləğində vəsait ümumi məbləğdən silinməmişdir. Belə olan təqdirdə cavabdeh hüquqi şəxsə lizinq verənin hüquq və vəzifələrinin ötürülməsinədək edilən həmin ödənişlərin borc məbləğindən silinməməsi əsassız olmuşdur.

27. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanan xx.xx.2020-ci il tarixli, 01/2020 saylı “Hüquq və öhdəliklərin ötürülməsi barədə” Sazişə 1 saylı Əlavə ilə müəyyən olunan 16665 manat borc məbləğindən 10000 (on min) manat məbləğində pul vəsaitinin həmin saziş bağlananadək ödənilməsi nəzərə alınmalı və 10000 (on min) manat məbləğində pul vəsaiti həmin borcdan silinməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanan xx.xx.2020-ci il tarixli, 01/2020 saylı “Hüquq və öhdəliklərin ötürülməsi barədə” Sazişə 1 saylı Əlavə ilə müəyyən olunan 16665 manat borc məbləğindən 10000 (on min) manat məbləğində pul vəsaitinin həmin saziş bağlananadək ödənilməsi nəzərə alınsın və 10000 (on min) manat məbləğində pul vəsaiti həmin borcdan silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar