Məhkəmə qərarları › İş №e-2-2(113)-3831/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3831/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3831/2024 09.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi Əliyeva Leyla Ərəstun qızının iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı xx.xx.2023-cü il tarixli, 284/2023 saylı müqaviləsinə əsasən pulun tutulması tələbinəə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən satıcı müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. 2.4.1-ci bəndinə əsasən malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəmək alıcının vəzifəsidir. 2.4.4-cü bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra edir və onların pozulmasına yol vermir. 3.2-ci bəndinə əsasən mala görə ödəniş alıcı tərəfindən təqdim olunmuş hesab fakturaya və/va ya elektron qaiməyə əsasən 30 təqvim günü müddəti ərzində həyata keçirilməlidir 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1%-i həcmində satıcıya dəbbə pulu ödəyir Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı haqqında müqaviləsinin əlavəsi olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokolunda malların adı, miqdarı, ölçüsü və qiyməti göstərilmişdir. Protokola əsasən müəyyən edilir ki, 6 dəst siyirtmə polad d 600 mm 16 atm (ədədi 8500 manat olmaqla) ƏDV daxil 60180 manat və 6 dəst siyirtmə polad d 600 mm 25 atm elektrik intiqalı (ədədi 12.000 manat olmaqla) ƏDV daxil 84960 manat, cəmi 145.140 manat (22.140 manat ƏDV daxil) dəyərində mallar 3 iş günü ərzində satıcı tərəfindən alıcıya təhvil veriləcəkdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 145.140 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDG seriyalı 811309 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir.

4. Ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh QSC tərəfindən müxtəlif tarixlərdə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli EBDG seriyalı 811309 nömrəli elektron qaimə üzrə cəmi 68.500 manat məbləğində ödənişlər edilmişdir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. X1 məhkəmədə verdiyi ifadəsində Cavabdeh QSC-də rəsmi işləməsə də, məsləhətçi kimi MMC-nin idarəetməsinə kömək göstərdiyini, Cavabdeh QSC-nin ofisində olarkən Cəmiyyətin rəhbərinin (Fuad müəllim kimi qeyd etmiş), İddiaçı MMC-nin rəhbərinə (Surxay müəllim kimi qeyd etmiş) pul təqdim etdiyinə şahid olduğunu, Fuad müəllimin onun sualına cavab olaraq İddiaçı MMC-yə borclarının olduğunu və 30.000 manat məbləğin bank hesabı vasitəsi ilə köçürüldüyünü qalan 7000 manat pul vəsaitinin isə nağd şəkildə təqdim edildiyini bildirdiyini qeyd etmişdir. X2 məhkəmədə verdiyi ifadəsində Cavabdeh QSC-də satış meneceri vəzifəsində çalışdığını, İddiaçı MMC-dən siyirtmələri onun aldığını, hesablarında sərəncam olduğundan ödəniş edə bilmədiklərini, 37000 manat məbləğində depozitə pul qoyduqlarını qeyd etdi.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə öz müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya vurduğu 64.310 manat (ƏDV daxil) məbləğində əsas borcun, 19.293 manat dəbbə pulunun və 3.215,50 manat əldən çıxmış faydanın, cəmi 86.818,50 manat məbləğin və ödənilmiş 351 manat dövlət rüsumunun İddiaçı xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmiş xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqısatqı müqaviləsinə əsasən həmin müqavilənin “Qiymətlərin razılaşdırma protokolu”na əsasən göstərilən malların alıcıya verilməsi, alıcının isə həmin malların dəyərini ödəməsi müəyyən olunmuşdur. Həmin müqavilə üzrə tərəflər arasında 31 may 2023-cü il tarixdə aparılmış alqı-satqı əməliyyatında mallar alıcıya müqavilə ilə müəyyən olunmuş qaydada təhvil verilsə də, alıcı tərəf olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti aldığı malın dəyərini (ƏDV ilə birlikdə) satıcı İddiaçınə tam ödəməmişdir. Ümumilikdə, hazırda alıcı tərəf olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil olmaqla, (54.500 manat əsas borc və 9810 manat ƏDV olmaqla) 64.310 manat borcu vardır. Satıcı İddiaçı dəfələrlə xəbərdar etməsinə baxmayaraq alıcı tərəf olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin borcunun ödənilməsini təmin etməmişdir. Tərəflərin arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1%-i həcmində satıcıya dəbbə pulu ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən mala görə ödəniş alıcı tərəfindən təqdim olunmuş hesab fakturaya və ya elektron qaiməyə əsasən 30 təqvim günü müddəti ərzində həyata keçirilməlidir. Bu müddəalara əsasən iddiaçı tərəfindən satılan malın dəyərinin ödənilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş elektron qaimə üzrə ödəmə 30 iyun 2023-cü il tarixdə başa çatmış olur və ödəmənin cavabdeh tərəfindən gecikdirilməsinin müddəti də həmin vaxtdan hesablanmalıdır. Bu baxımdan həmin müddət 2023- cü ilin iyul ayı daxil olmaqla hazırkı dövrə kimi hesablanaraq, 300 gün təşkil edir. Əsas borc ƏDV daxil 64.310 manat təşkil etdiyi halda həmin məbləğin 0,1%-i 64,31 manat təşkil edir. Həmin məbləğ nəzərə alınmaqla gecikdirilən 10 ay (300 gün) müddətə 19.293 manat dəbbə pulu hesablanmalıdır. Bundan əlavə, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin borcunun ödənilməsini təmin etməməklə iddiaçıya məxsus pul vəsaitini özündə saxlayaraq, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən illik beş faiz olmaqla 3.215,50 manat məbləğində pul ödəməlidir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 449.1, 445.1, 445.7, 567-ci maddələrinə və İnsan hüquqlarının və əsas azadlıqları haqqında Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə istinad etmişdir.

10. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə öz müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya vurduğu 34.310 manat (ƏDV daxil) məbləğində əsas borcun, 10.293 manat dəbbə pulunun və 1715,50 manat əldən çıxmış faydanın, cəmi 46.318,50 məbləğin və ödənilmiş 351 manat dövlət rüsumunun İddiaçı xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmuşdur.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında 284/2023 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır və müqaviləyə əsasən İddiaçı MMC 145.140 manat dəyərində malları təhvil vermiş, Cavabdeh QSC isə öz növbəsində təhvil verilmiş malların dəyərinin 117.830 manat məbləğində böyük bir qismini ödəmişdir. 80.830 manat məbləğin ödənilməsi faktı ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. Cavabdehin bank hesablarına Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulduğu üçün borcun 30.000 manat hissəsi kart vasitəsi ilə, qalan 7000 manat isə xx.xx.2023-cü il tarixində nağd şəkildə cavabdehin ofisində iş kameralarının və şirkət işçilərinin müşahidəsi altında təqdim edilmişdir. Belə ki, İddiaçı MMC-nin direktoru Surxay Nağıyevə məxsus “5239 1515 1155 9075” nömrəli kart hesabına xx.xx.2023-cü il saat 15:10 və saat 16:41 tarixlərində 5000 manat məbləğində, xx.xx.2023-cü il tarixində direktor Surxay Nağıyev tərəfindən təqdim edilmiş “4127 2093 0891 5534” nömrəli kart hesabına köçürmə yolu ilə saat 18:44-də, saat 18:45-də, saat 18:47-də və xx.xx.2023-cü il tarixində saat 12:47-də 5000 manat olmaqla, ümumilikdə köçürmə yolu ilə 30 000 manat ödəniş edilmişdir. Bu baxımdan İddiaçı MMC-yə faktiki borcları 64 310 manat deyil, 27.310 manat təşkil edir. Hesab edirlər ki, köçürülən, eləcə də nağd şəkildə verilən 37.000 manat ödəniş depozit məbləği hesab olunur və şirkətlərin üzləşmə aktında göstərilmir. Səbəb də ondan ibarətdir ki, Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulduğu üçün ödəniş şirkətin bank hesabınlanndan deyil, şirkətin direktorunun kart hesabından köçürülmüşdür. Bu baxımdan cavabdeh iddiaçı tərəflə dəfələrlə danışıqlar apararaq bank hesablarına qoyulan sərəncamın artıq aradan qalxdığını və verilmiş depozit məbləği qaytarıldıqdan sonra bank hesabları vasitəsi ilə köçürüləcəyini bildirib. Lakin İddiaçı MMC-nin direktoru nəinki depozit məbləğini qaytarmamış, danışıb uzlaşma təkliflərini də rədd etmişdir. İddiaçı MMC-nin depozit məbləğini qaytarmaması cavabdehdə İddiaçı MMC- yə qarşı inamsızlıq yaratmış və qalan borc məbləğini ödənilməməsinə səbəb olmuşdur.Digər bir tərəfdən əldən çıxmış fayda olaraq göstərilən 3215,50 manat məbləğin 64.310 manat borca münasibətdə hesablanmışdır. İddiaçı tərəfin faktiki olaraq 64.310 manat borclarının olmadığını bildiyi halda bu məbləğdə borc və həmin məbləğə münasibətdə faiz borcu tələb etməyinin hansı ədalətlilik prinsipə uyğun olduğu sual doğurur. Dəbbə pulu məbləğinə münasibətdə qeyd etməlidirlər ki, dəbbə pulu da həmçinin hesablanarkən 64.310 manat məbləğinə münasibətdə hesablanmışdır, lakin cavabdehin borcu 64.310 deyil, 27.310 manat təşkil edir. Cavabdeh QSC-yə DVX tərəfindən uzun müddətli sərəncam tətbiq edilərkən belə Cavabdeh QSC borcu ödəmək qabiliyyətində olmamış, lakin başqa üsulla həll etməyə çalışaraq borclu qalmamağa çalışmışdır və Cavabdeh QSC-nin bank hesablarına qoyulan Sərəncam aradan qalxdıqdan sonra belə 2024-cü ilin yanvar aymadək (sonuncu ödəniş tapşırığı (№123) xx.xx.2023- cü il tarixlidir) Şimal Servis QSC bank hesablan vasitəsi ilə borcunu ödəməyə davam etmişdir. Bu baxımdan gecikdirilən məbləğin müddəti bir il deyil, 4 aydır (2024-cü il yanvar, fevral, mart, aprel). Digər tərəfdən eyni anda həm dəbbə pulunun və Mülki Məcəllənin 445.7-ci maddəyə əsasən illik 5% dərəcəsinin tələb edilməsi ədalətli deyil və praktikada öz təsdiqini tapmamışdır. Nəzərə alsaq ki, Şimal Servis QSC ödəmə qabiliyyətində olmadığı halda belə borcu müəyyən yolla ödəməyə çalışmışdır, şirkətin bu hərəkəti vicdanlı davranış kimi qiymətləndirilməlidir, lakin İddiaçı MMC nəinki ödənilmiş məbləğlər barədə iddia ərizəsində məlumat verməmiş, olmayan borca münasibətdə hesablanmış dəbbə pulunu və əldən çıxmış faydanı tələb etmişdir. Buradan da açıqca görünür ki, İddiaçı MMC əsassız varlanma arzusundadır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

13. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. AR MPM-in: -106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə Vahid-N” MMC tərəfindən ƏDV daxil 145.140 manat dəyərində mallar Cavabdeh QSC-yə təqdim edilmişdir. Lakin Cavabdeh QSC tərəfindən həmin malların dəyəri tam ödənilməmişdir.

22. Hazırda İddiaçı MMC Cavabdeh QSC-dən 34.310 manat (ƏDV daxil) məbləğində əsas borcun, 10.293 manat dəbbə pulunun və 1715,50 manat əldən çıxmış faydanın (Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin) tutulmasını tələb edir. Cavabdeh İddiaçı MMC 7000 manat məbləğində vəsaitin nəğd formada iddiaçıya ödənildiyini əsas göstərərək ƏDV daxil 27.310 manat məbləğində borclarının olmasını təsdiq edir, qalan hissədə iddiaya etiraz edir və rədd edilməsini tələb edir.

23. Göründüyü kimi işin mübahisəli faktiki halı malların dəyərinin 7000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlıdır.

24. Həmin halı təsdiq edən sübut kimi cavabdeh məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə istinad etmişdir.

25. Bununla bağlı məhkəmə qeyd edir ki,məhkəmə iclasında dindirilmiş şəxslərdən biri cavabdeh təşkilatının işçisi, digəri isə cavabdeh şirkətlə qeyri-rəsmi bağlılığı olan şəxs olmaqla hər ikisi işin nəticəsində maraqlı olan şəxslərdir. Bununla yanaşı ifadələrdən də göründüyü kimi həmin şəxslərin heç biri pulun cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi prosesində bilavasitə iştirak etməmişlər.

26. Odur ki, həmin ifadələr 7000 manat məbləğində ödənişinin edilməsi faktının məhkəmə tərəfindən təsdiq edilməsi üçün yetərli deyildir.

27. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC ƏDV daxil 34.310 manat məbləğində (əsas məbləği 24.500, ƏDV 9810) əsas borcun Cavabdeh QSC-dən tutulmasını tələb etməkdə haqlıdır.

28. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 10.293 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Göründüyü kimi Cavabdeh QSC -nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

30. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1700 manat məbləğində müəyyən edilməlidir.

31. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliyinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%lə hesablanmaqla 1715,50 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

32. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı eyni pozuntuya görə müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə (eyni müddət üçün) dəbbə pulunun ödənilməsini də tələb etmişdir.

33. Bununla bağlı məhkəmə qeyd edir ki, dəbbə pulu kimi Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər də öhdəliyin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən öhdəliyin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyasıdır. Odur ki, hər iki maliyyə sanksiyasının birlikdə tətbiqi eyni pozuntuya görə ikiqat məsuliyyət yaradır.

34. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə sözügedən faizlər yalnız kreditor başqa əsaslarla daha böyük məbləğ tələb edə bilmədiyi halda tətbiq edilir. Hazırda iddiaçı müqavilənin şərtlərinə istinad edərək daha böyük məbləğdə dəbbə pulunun tutulmasını tələb etmişdir. Odur ki, hazırkı halda iddiaçının xeyrinə dəbbə pulunun tutulması eyni pozuntuya görə Mülki Məcəllənin 445.7-ci maddəsinin faiz formasında maliyyə sanksiyasının tətbiqini istisna edir.

35. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 372 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

36. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (azaldılmış həcmdə) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 229 manat təşkil edir.

37. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən ƏDV daxil 34.310 manat (24.500 manat əsas məbləğ, 9810 manat məbləğində ƏDV), 1700 manat məbləğində dəbbə pulu, cəmi 35.010 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar