Məhkəmə qərarları › İş №e-2-2(113)-384/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-384/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-384/2022 19.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “Bakı Şərab-1” ATSC-nin Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Bakı Şərab-1” ATSC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fərdi sahibkar Cavabdeh2 “Bakı Şərab-1” ATSC-nin xeyrinə 44.950,17 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh fiziki şəxs Cavabdeh2 ilə “Bakı Şərab-1” ATSC arasında bağlanmış, 07 mart 2016- cı il tarixli, 27 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən “Bakı Şərab-1” ATSC, alıcı kimi çıxış edən Cavabdeh2 müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcı ilə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin ödəmə şərtlərini tənzimləyən 4.1-ci bəndinin tələbinə görə alıcı tərəfindən malın dəyərinin ödənilməsi, satıcının verdiyi hesab-fakturaya və ya elektron qaiməyə əsasən mal qəbul edildikdən 10 iş günü ərzində satıcının yuxarıda sözügedən müqavilədə göstərilən bankdakı hesablaşma hesabına köçürülmə yolu ilə həyata keçirilməlidir. Qeyd olunan müqavilə imzalandığı gündən 1 il müddətində qüvvədə olmuşdur. Qeyd etməyi zəruri hesab edirlər ki, Cavabdeh2 müvafiq elektron qaimələr təqdim edilsə də, cavabdeh, hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etməmiş, beləliklə də Cavabdeh2 “Bakı Şərab-1” ATSC-yə 44.950,17 manat borcu yaranmışdır. Hazırkı vaxtadək cavabdeh yuxarıda göstərilən məbləğdə olan borcunu ödəməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Sonradan iddiaçı “Bakı Şərab-1” ATSC iddia ərizəsinə əlavə verərək, iddia olunan tələblə yanaşı, Cavabdeh2 mediatora ödənilmiş 200 manat məbləğində pulun və ödənilmiş 224,85 manat məbləğində dövlət rüsumunun tutulmasının təmin edilməsini xahiş etmişdir. 20.12.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Cavabdeh2 şərab sektorunda ölkə üzrə tanınmış, əlaqələri geniş olan və demək olar ki, bu sahədə fəaliyyət göstərən bütün şirkətlərlə əməkdaşlıq edən bir sahibkardır. Sonuncu dəfə “Bakı Şərab-1” ATSC tərəfindən Cavabdeh2 yenə əməkdaşlıq təklif olunmuş, lakin o, həmin şirkətin şərtləri ilə razı olmadığı üçün əməkdaşlıqdan imtina etmişdir. Bununla da “Bakı Şərab-1” ATSC tərəfindən Cavabdeh2 qarşı prinsipial mövqe nümayiş etdirilmiş və əslində mövcud olmayan 5 il əvvəlki müqaviləyə əsaslanan qondarma borc tələb edilmişdir. Bu isə Cavabdeh2 qarşı bir növ təsir və təzyiq vasitəsidir. Həmçinin iş materiallarından da açıq-aşkar görünür ki, iddiaçı “Bakı Şərab-1” ATSC tərəfindən iddia müddəti ötürülmüşdür və iddiaçı tərəfdən niyə bu 5 il ərzində məhkəməyə müraciət etmədiyi əsaslandırılmamışdır. Eyni zamanda 20.12.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı “Bakı Şərab-1” ATSC-nin iddia ərizəsinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Bakı Şərab-1” ATSC-nin hazırki iddia ərizəsinin heç bir hüquqi tərəfi mövcud deyildir. İddia ərizəsi yalnızca formal mülahizələr əsasında tərtib olunmuş və məhkəməyə verilmişdir. İddiaçının hazırki iddia ərizəsini qaldırmaqda yeganə məqsədi əsassız varlanmaqdır. Baş verənlər heç də iddia ərizəsində qeyd olunduğu kimi deyildir və Cavabdeh2 həmin müəssisəyə heç bir borcu yoxdur. Həmçinin iddia ərizəsi məhkəməyə təqdim olunarkən bir çox prosessual pozuntulara yol verilmişdir. Belə ki, əvvəla iddiaçı tərəfindən Nazir Allahevrdiyevə pretenziya məktubunu və iddia ərizəsinin çatdırılmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş “Zaman” Expressə məxsus qəbzlər isə saxtadır və həmin qəbzlərdə məktubun Cavabdeh2 tərəfindən qəbul edilməsini təsdiq edən imza yoxdur. İddiaçı tərəfin belə bir qanunsuzluğa əl atma səbəbi daha əvvəl də iddia ərizəsini məhkəməyə təqdim edərkən pretenziya qaydalarına riayət etmədiyindən məhkəmə tərəfindən geri göndərilməsi olmuşdur. Bu səbəbdən də iddiaçı “Zaman Express” adlı özəl bir məktub çatdırılması şirkəti ilə sövdələşib tez bir zamanda belə bir saxta qəbz əldə etmişdir. X1 yalnız məhkəmə tərəfindən bildiriş göndərildikdən sonra belə bir hüquq mübahisəsi olduğundan xəbəri olmuş və iddia ərizəsi və digər sənədlər ona iddiaçı tərəfindən göndərilmədiyi üçün məhkəməyə həmin sənədlərin ona təqdim olunması barədə ərizə ilə müraciət etmişdir. Bundan başqa iddia ərizəsinin mahiyyəti ilə bağlı bildirmək istəyir ki, iddia ərizəsində Cavabdeh2 “Bakı Şərab-1” ATSC-yə borcunun konkret olaraq necə və hansı əsasla yarandığı qeyd olunmamış, sadəcə formal olaraq borc olduğu qeyd olunmuşdur. Əslində isə iş üzrə məhkəməyə təqdim olunmuş qəbzlər, pul köçürmələrinə dair sənədlər və həmçinin məhkəməyə təqdim olunmayan Cavabdeh2 şəxsi hesab dəftərində həmin şirkətin işçiləri tərəfindən imzalanmış qeydlərdə də (Vinzavod 1 adı altında) Cavabdeh2 müəssisəyə heç bir borcunun olmadığı bir daha öz əksini tapır. Bundan başqa iddiaçı tərəfin istinad etdiyi 07 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinin satıcının öhdəliyinə dair 7.1.2-ci bəndində qeyd olunmuşdur ki, satıcı mallarla birlikdə təhvil-təslim sənədləri də verməlidir. Lakin iddia ərizəsinə əlavə olunmuş sənədlərdə belə bir təhvil-təslim aktı mövcud deyil. Bununla da bir daha Cavabdeh2 həmin müəssisəyə borcunun olmadığı və ona iddia ərizəsində qeyd olunan qədər mal verilmədiyi aşkar olunur. Göründüyü kimi verilmiş iddia ərizəsi tamamilə qanunsuz və əsassız olmaqla prosessual pozuntularla məhkəməyə təqdim olunmuşdur. Bunu görə də hesab edir ki, iddia ərizəsi tam rədd edilməlidir. 24.12.2021-ci il tarixdə iddiaçı “Bakı Şərab-1” ATSC cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş etiraza dair yazılı ərizə verərək qeyd etmişdir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə yeganə məqsədləri pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə təmin olunmasına nail olmaqdır və baş verənlər iddia ərizəsində qeyd olunduğu kimi olmuşdur. Cavabdeh2lə əməkdaşlıqlarını ləğv etdikdən sonra tərəflərindən sonuncuya heç bir əməkdaşlıq təklif edilməmişdir. N. Allahverdiyevlə əməkdaşlığa son qoyulmasının səbəbi isə etirazda göstərilən kimi, onun guya müəssisələrin şərtləri ilə razı olmadığı üçün deyil, məhz ona verilmiş mallara görə ödənişlərinin ləngidilməsi, daha sonra isə tamamilə dayandırılması olmuşdur. Əksinə əməkdaşlığın davamı üçün N. Allahverdiyev tərəfindən edilən israrlı, çoxsaylı xahişlər borcunu tam ödəməyənədək tərəflərindən rədd edilmişdir. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, Cavabdeh2 borcları heç də vəkilin iddia etdiyi kimi “qondarma" deyildir. Borclar necə qondarma ola bilər ki, Cavabdeh2 sonuncu ödənişini, yəni 10.000 manatı 10.03.2020-ci ildə edib (8474,57 manat + 1525,43 manat ƏDV). “Zaman Ekspres" poçt xidmətlərinin qəbzlərinin saxta olması, eləcə də Cavabdeh2 yalnız məhkəmə bildirişi daxil olduqdan sonra onun belə bir mübahisənin mövcudluğundan xəbər tutması barədə etirazda göstərilən mülahizələrlə bağlı qeyd edirlər ki, Cavabdeh2 hələ 17 noyabr 2020-ci il tarixində göndərilmiş 128 “A” nömrəli xəbərdarlıqla borcunu ödəməsi təklif olunmuşdur. Bundan sonra ona 09.04.2021-cı il tarixində xəbərdarlıq məktubu göndərilərək borcunu ödəməsi təkrarən təklif olunmuşdur. 01.03.2021 -cı il tarixində Cavabdeh2 qarşı onun ünvan 1 ünvanında qeydiyyatda olması əsası ilə Sumqayıt Kommersiya Məhkəməsində hazırkı tələblə iddia irəli sürülmüşdür. 01.03.2021-ci il tarixli, 31 nömrə ilə qeydə alınmış iddia ərizəsinin surəti Cavabdeh2 tərəfindən şəxsən alınmışdır. Sonradan bu iddia Cavabdeh2 Bakı şəhərində qeydiyyatda olması əsası ilə məhkəmə tərəfindən geri qaytarılmışdır. Bundan sonra Bakı Kommersiya Məhkəməsinə ünvanlanan iddia ərizəsi və ona aid olan sənədlər 29.07.2021-ci il tarixində Cavabdeh2 həm Siyəzən rayonunda, həm də Bakı şəhərində olan ünvanlarına göndərilmişdir. Bu sənədlər onun tərəfindən Siyəzən rayonundakı ünvanında alınmış, Bakı şəhərindəki ünvanına göndərilən sənədlər isə onun xaricdə olması əsası ilə rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, 26.08.2021-ci il tarixli, 121 nömrəli mediasiya prosesinin tətbiqinə dair onun hər iki ünvanına müraciət göndərilmişdir. Daha sonra hazırkı mübahisə barədə Cavabdeh2 mediator tərəfindən həm telefon vasitəsi ilə, həm də rəsmi məktubla məlumatlandırılmışdır. O, mediasiya prosesi üzrə iclasa gələcəyi barədə mediatora söz versə də, sonradan sözünə əməl etməmiş, mediasiya iclasına gəlməmişdir. Daha sonra 28.12.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili yenidən yazılı etiraz təqdim edərək, iddiaçı “Bakı Şərab-1” ATSC-nin iddia ərizəsinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, məhkəməyə müraciət etməkdə yeganə məqsədi pozulmuş hüquqlarının bərpa olunmasıdır. Lakin o, hüquqlar necə pozulmuşdur ki, illərlə Cavabdeh2lə heç bir problem olmadan əməkdaşlıq etmişlər və birdən-birə Cavabdeh2 onlara 5 il əvvəlki müqaviləyə əsasən 44.950 manat borcu yaranmışdır. Qeyd edir ki, iş üzrə sənədlərə baxıldığında tərəflər arasında bir dəfəyə alqı-satqı miqdarının heç on min manatı keçmədiyi görülür. Bu zaman sual olunur əgər Cavabdeh2 bu qədər borcu vardısa niyə aralarında uzun müddət bu tərzdə əməkdaşlıq olmuşdur? Niyə Cavabdeh2 borclu olduğu halda ona bu qədər mal vermişlər? Təbii ki, heç bir borcdan söhbət gedə bilməz. Həmçinin iddiaçı tərəf konkret olaraq nə vaxt, nə qədər mal verdiyini, borcun mənbəyinin konkret olaraq hara olduğunu, iş üzrə təhvil-təslim aktlarını və borcu sübut edə biləcək digər sənədləri məhkəməyə təqdim etməmişdir. Təqdim edilən sənədlər əsasən Cavabdeh2 etdiyi ödənişlərdir. Lakin yuxarıda da qeyd etdiyi kimi malın Cavabdeh2 verildiyini təsdiq edən heç bir sənəd işə əlavə olunmamışdır. Qeyd etmək istəyir ki, konkret olaraq nə qədər borclarının olduğunu və nə vaxt hansı miqdarda mal verildiyini sübut etmək öhdəliyi mülki məcəllənin tələblərinə əsasən iddiaçının üzərinə düşür. Bundan başqa etirazlarında qəbzin saxtalığı deyərkən qəbzin saxta hazırlandığını yox, cavabdeh tərəfdən imzalanmadığını və üzərində cavabdehin göndərilən sənədləri qəbul etdiyinə dair heç bir işarə olmadığını qeyd etmişlər. Bununla da saxta qəbz yox, bir növ saxtalaşdırılmış və iş üzrə əhəmiyyəti olmayan qəbz məhkəməyə təqdim olunmuşdur. Həmçinin iddiaçı tərəf sözügedən ərizəsində 01.03.2021-ci il tarixli 128 “A” seriyalı xəbərdarlığı və 29.07.2021-ci il tarixli məktubların Cavabdeh2 tərəfindən şəxsən alındığı bildirmişdir. Lakin iş üzrə sənədlərdən bunun əksi görünür. Yenə qeyd edirəm ki, Cavabdeh2 iddia ərizəsi və pretenziya məktubu göndərilməmişdir. Bununla da iş üzrə prosessual pozuntuya yol verilmişdir. 07.01.2022-ci il tarixdə iddiaçı “Bakı Şərab-1” ATSC cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən 28.12.2021-ci il tarixdə verilmiş etiraza dair yazılı ərizə verərək qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən pul tələbinə dair iddialar üzrə pretenziva verilməsi tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbinə görə yalnız müqavilənin ləğvi və ya müqaviləni dəyişdirmək barədə olan iddialar üzrə pretenziya qaydalarına əməl edilməlidir. Qeyd edirlər ki, iddia tələbləri əsaslıdır və Cavabdeh2 tərəfindən satış üçün alınmış malların dəyəri ilə onun ödədiyi məbləğ arasındakı fərq iddia tələbləri həcmindədir. Odur ki, iddia tələblərini tam həcmdə müdafiə edirlər və sözügedən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş edirlər. 18.01.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddiaçı “Bakı Şərab-1” ATSC-nin 07.01.2022-ci il tarixli ərizəsinə dair yazılı ərizə təqdim edərək, iddiaçı “Bakı Şərab-1” ATSC-nin iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, əvvəla dəfələrlə iddiaçı tərəfə 07 mart 2016cı il tarixli alqı-satqı müqaviləsinin 7.1.2-ci bəndində qeyd olunanlara əsasən (“Satıcı mallarla birlikdə təhvil-təslim sənədləri də verməlidir”) təhvil-təslim aktını tələb etsələr də, bugünədək sözügedən aktlar məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə mülki məcəllənin tələblərinə əsasən iddaçı öz tələbinin əsaslığını sübut etməlidir. Lakin “Bakı Sərab-1” ATSC tərəfindən konkret olaraq nə vaxt, nə qədər mal verdikləri, borcun mənbəyinin konkret olaraq hara olduğu və s. xüsusatlar barədə məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Həmçinin iddiaçı tərəfin onlara pretenziya məktubunu və iddia ərizəsini göndərmədiyinə dair məhkəməyə bildirdikləri arqumentlərə qarşı artıq pretenziya məktubu göndərməli olmadıqlarını bildirmələri dolayı yolla həm də pretenziya məktubu və iddia ərizəsini təqdim etmədiklərinin etirafıdır. Əgər həmin qaydaları əməl edilsəydi, o zaman iddiaçı tərəfindən müəyyən əsaslarla onların iddia etdikləri təkzib olunardı. Görünür ki, iddiaçı tərəf də artıq etdiyi prosessual pozuntunun fərqindədir və buna görə də müxtəlif üsul və vasitələrlə yayınmağa çalışır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini tam həcmdə müdafiə etdiklərini və iddia ərizəsinin məzmununda göstərilənlərə, eləcə də iddia ərizəsinə əlavə olunan sənədlərə istinadən iddia tələblərinin qanuni və əsaslı olduğunu bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil 20.12.2021-ci il tarixli iddia müddətinin tətbiqinə dair ərizənin, eləcə də iddiaya qarşı həmin tarixdə verilmiş etirazın, 28.12.2021-ci il tarixdə vermiş olduğu etirazın və 18.01.2022-ci l tarixdə məhkəməyə təqdim etmiş ərizənin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “Bakı Şərab-1” ATSC (satıcı) ilə Cavabdeh2 arasında 07 mart 2016-cı il tarixdə 27 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən hazırki müqaviləyə əsasən satıcı standart və texniki şərtlərə cavab verən alkoqollu içkiləri (bundan sonra - malları) alıcıya satır, alıcı isə həmin malları qəbul edir və müqavilənin şərtlərinə uyğun ödənişini həyata keçirir. 3.1-ci bəndinə əsasən mal üzrə hesablaşma AZN-lə aparılır, hər bir partiya üçün təqdim olunan qaimə fakturalar nəzərdə tutulur. 3.2-ci bəndinə əsasən buraxılan malalrın dəyəri ƏDV və aksiz vergisi daxil olmaqla hesablanır. 3.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği hazırki müqavilə üzrə satılan bütün partiya malların toplanması ilə müəyyən olunur. 4.1-ci bəndinə görə müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi satıcının verdiyi hesab-fakturaya əsasən nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilir. 11-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1 il müddətinə qüvvədədir. Əgər tərəflərdən heç biri müqavilə müddətinin bitməsinə 3 gün qaldıqda müqavilənin pozulması haqqında digər tərəfə yazılı məlumat verməyibsə, onda müqavilənin müddəti hər dəfə daha bir il uzadılır. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. “Bakı Şərab-1” ATSC tərəfindən 07 mart 2016-cı il tarixli 27 saylı müqavilə əsasında ümumilikdə (ƏDV daxil) 145.490 manat məbləğində müxtəlif adda malların (alkoqollu içkilər) təqdim edilməsinə dair 30.03.2016-cı ildən 27.11.2019-cu ilədək olan dövrü əhatə edən elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 göndərilmişdir. “Bakı Şərab-1” ATSC-yə məxsus hesabdan çıxarışa əsasən müəyyən edilir ki, 09.08.2018-16.03.2020-ci illəri əhatə edən dövr ərzində alınacaq mallara görə Cavabdeh2 bank hesabına cəmi 55104,67 manat məbləğində ödəniş edilmişdir. “Bakı Şərab-1” ATSC tərəfindən Cavabdeh2 borcun ödənilməsinə dair 19.04.2021-ci il tarixli xəbərdarlıq ünvanlanaraq 44.950,17 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına rəsmi müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Bakı Şərab-1” ATSC ilə Cavabdeh2 arasında 07 mart 2016-cı il tarixli 27 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh2 göstərilən müqavilə üzrə “Bakı Şərab-1” ATSC-yə olan borcu 44.950,17 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci və 385.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 44.950,17 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı “Bakı Şərab-1” ATSC Cavabdeh2 44.950,17 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin iddiaya qarşı vermiş olduğu etirazlarının dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla, cavabdeh tərəf etirazlarında iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun və iddia ərizəsinin çatdırılmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim olunmadığını, iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş “Zaman Express” poçt xidməti tərəfindən verilmiş qəbzlərin isə saxta olduğunu və həmin qəbzlərdə göstərilmiş məktubun Cavabdeh2 tərəfindən qəbul edilməsini təsdiq edən imzanın olmadığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iş materiallarına əlavə edilmiş xəbərnamə və qəbzlərlə müəyyən edilir ki, pretenziya məktubu "xxxx" MMC vasitəsilə Cavabdeh2 ünvanına (ünvan- ünvan 7n məktubu qəbul etmişdir. Digər tərəfdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Zaman Express” poçt xidməti vasitəsilə Cavabdeh2 çatdırılması üçün iki fərqli ünvana (Bakı şəhəri və Siyəzən rayonunda yerləşən ünvanına) göndərilmiş, lakin müxtəlif səbəblərdən həmin məktubların çatdırılması mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehin ünvanına göndərilsə də, çatdırılmasının iddiaçıdan asılı olan səbəblərdən mümkün olmaması (qəbzlərdən görünür) iddiaçı tərəfindən iddia verilərkən prosessual pozuntulara yol verilməsi anlamına gəlmir. Odur ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına, eləcə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə tələbə riayət etməməsi məhkəmə tərəfindən müəyyən edilmir. Bununla yanaşı Cavabdeh2 iddiaya etirazının əsası kimi iddiaçıya heç bir borcunun olmamasına, əslində mövcud olmayan 5 il əvvəlki müqaviləyə əsaslanan borcun tələb edilməsinin ona qarşı əməkdaşlığı davam etdirmək məqsədilə edilən təsir və təzyiq vasitəsi olmasına istinad etsə də, həmin halları da məhkəmə baxışı gedişində sübuta yetirə bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı “Bakı Şərab-1” ATSC tərəfindən 07 mart 2016-cı il tarixli 27 saylı müqavilə əsasında ümumilikdə (ƏDV daxil) 145.490 manat məbləğində müxtəlif adda malların (alkoqollu içkilər) təqdim edilməsinə dair 30.03.2016-cı ildən 27.11.2019-cu ilədək olan dövrü əhatə edən elektron qaimələrin tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh2 göndərilməsi və cavabdeh tərəfindən 5 gün ərzində qaimələrə hər hansı bir düzəlişlərin, etirazların təqdim olunmaması, elektron qaimələrin sistem tərəfindən təsdiqlənməsi, 09.08.2018-16.03.2020-ci illəri əhatə edən dövr ərzində həmin elektron qaimələrə əsasən təqdim edilmiş mallara görə cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlərin edilməsi belə qənaətə gəlməyə əsas verir ki, 2016-2019-cu illər ərzində iddiaçı “Bakı Şərab-1” ATSC tərəfindən Cavabdeh2 sözügedən 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə verilmiş elektron qaimələrə əsasən mallar təqdim edilmiş, həmin mallara görə cavabdehin iddiaçı qarşısında borc öhdəlikləri hal-hazıradək mövcuddur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən mallar təqdim edilərkən təhvil-təslim aktlarının imzalanmalı olması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdeh mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən ona əvvəllər müxtəlif mallar təqdim edilməsini (iddiaçının iddia etdiyi miqdarda olmasa belə) inkar etməsə də, həmin müqavilə əsasında hər hansı mal təqdim edilərkən t tərəflər arasında təhvil-təslim aktının imzalandığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilən hal isə ona dəlalət edir ki, tərəflər arasında təhvil-təslim aktı imzalanmadan, yalnız elektron qaimə verilməklə malların təqdim edilməsinə dair işgüzar adət formalaşmışdır. Odur ki, hazırkı halda tərəflər arasında təhvil-təslim aktlarının mövcud olmaması cavabdehə malların təqdim edilməməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizənin dəlilləri ilə də razı deyildir. Belə ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı halda işin yuxarıda göstərilən hallarından görünür ki, 07 mart 2016-cı il tarixli mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi 30.03.2016-cı ildən 27.11.2019-cu ilədək olan dövrə təsadüf edir. Cavabdeh tərəfindən həmin mallara görə sonuncu ödəniş 10.03.2020-ci ildə aparılmışdır. Mübahisəli müqavilə üzrə borcun tutulmasına dair hazırkı iddia isə iddiaçı tərəfindən 04.11.2021-ci il tarixdə qaldırılmışdır. Göründüyü kimi mübahisəli müqavilə üzrə münasibətlər 27.11.2019-cu ilədək davam etmiş, eləcə də cavabdeh həmin müqavilə üzrə yaranmış borc məbləğindən 10.03.2020-ci il tarixədək mütəmadi ödənişlər etməklə borcu etiraf edən hərəkətlər etmişdir. Odur ki, iddiaçı tərəfindən hazırkı iddia verilərkən müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmamışdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 07 mart 2016-cı il tarixli 27 saylı alqı-satqı müqaviləsi üzrə 44.950,17 manat məbləğində əsas borc tutularaq iddiaçı “Bakı Şərab-1” ATSC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri və 194,85 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 224,85 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı ödənilmiş 200 manat mediasiya xərcləri çıxıldıqdan sonra dövlət rüsumu kimi 24,85 manat ödəməli olduğu halda 194,85 manat yəni, 170 manat artıq dövlət rüsumu ödəmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 170 manat hissəsi iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 44.950,17 (qırx dörd min doqquz yüz əlli manat on yeddi qəpik) məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Bakı Şərab-1” ATSC-yə ödənilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 170 (yüz yetmiş) manat hissəsi iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar