Məhkəmə qərarları › İş №e-2-2(113)-3855/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3855/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3855/2024 02.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizing müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zərər, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən, xx.xx.2022-ci il tarixli İF/06055 saylı X18 müqaviləsi üzrə 15747.71 manat və dövlət rüsumu olaraq ödənilən 137 manat məbləğin, iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli İF/06055 saylı 36 ay müddətli X18 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Audi A4 MİNİK markalı 77AJ487 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Lizinq müqaviləsi ilə yanaşı xx.xx.2023-cü il tarixində Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bir müddət ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh müqavilə müddəti ərzində 3008 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə olan əsas borcu 21000 manat, faiz borcu 5871.54 manat, cərimə borcu 205.17 manat cəmi 27076.71 manat təşkil edir. Lizinq obyekti tərəflərindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən 12000 manat dəyərində qiymətləndirildi. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən 50 manat müstəqil ekspertə xidmət haqqı ödənilmişdir. Avtomobil nasaz vəziyyətdə olduğu üçün Ucar rayonundan yükdaşıma xidmət vasitəsi ilə Bakı şəhərinə gətirilməsinə 200 manat ödəniş olunmuşdur. Avtomobil cavabdehlərin istifadəsində olarkən 421manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra cavabdehlərin təşkilata 15076.71 manat (270xx.xx-12000.00) qalıq borcu vardır. Cavabdehin xx.xx.2023-cü il tarixinə olan ümumi borcu 27076.71 manat təşkil edir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra cavabdehin hal-hazırda təşkilata 15076.71 manat borcu, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı 50 manat müstəqil ekspertə ödənilən xidmət haqqı, avtomobil nasaz vəziyyətdə olduğu üçün Ucar rayonundan yükdaşıma xidmət vasitəsi ilə Bakı şəhərinə gətirilməsinə edilmiş 200.00 AZN ödəniş, avtomobil cavabdehlərin istifadəsində olarkən 421 yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr təşkil edir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdənlərdən müştərək qaydada, xx.xx.2022-ci il tarixli İF/06055 saylı X18 müqaviləsi üzrə 7068.80 manat, lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 6351 manat, 421 manat yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr, avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəfindən müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqı və avtomobil nasaz vəziyyətdə olduğu üçün Ucar rayonundan yükdaşıma xidmət vasitəsi ilə Bakı şəhərinə gətirilməsinə tərəfindən 200 manat cəmi 14090.8 manat və dövlət rüsumu olaraq ödədiyimiz 137 manat məbləğin, iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, mövcud tələb lizinq obyekti geri alındığı zaman cavabdehin müqavilə üzrə yaranmış ümumi borcundan lizinq obyektinin qiyməti çıxıldıqdan sonra qalıq borcdan ibarət idi. Yeni tələb isə lizinq obyekti geri alındığı zaman cavabdehin ödəniş cədvəli üzrə yaranmış aylıq ödənişlərinin cəmi və lizinq obyektinə vurulmuş ziyanın məbləği və digər xərclərdən ibarətdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də görüldüyü kimi cavabdeh 14 yanvar 2023-cü il tarixindən başlayaraq 06 dekabr 2023-cü il tarixinə qədər hər ay 1007.68 AZN (olmaqla, 10076.80 AZN ödəniş etməli olduğu halda cəmi 3008.00 AZN ödəniş etmişdir. (2023-cü ilin avqust və sentyabr ayı avtomobil təşkilatda saxlanılmışdır.) Cavabdehin qalıq borcu 7068.80 AZN-dir (10076.80 AZN-3008.00 AZN). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 6351.00 AZN təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı 50 manat müstəqil ekspertə xidmət haqqı ödənilmişdir. Avtomobil nasaz vəziyyətdə olduğu üçün Ucar rayonundan yükdaşıma xidmət vasitəsi ilə Bakı şəhərinə gətirilməsinə 200 manat ödəniş olunmuşdur (əlavə olunur göstərilmiş xidmətlərin təhvil verilməsi aktı). Avtomobil cavabdehlərin istifadəsində olarkən 421 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa əsasən çıxış edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, müxtəlif şəxslərə aid inzibati cərimələr hazırki cavabdehlərdən onun üçün istənilir ki, lizinq müqaviləsi daxilində avtomobil qeyd edilən cavabdehlərin istifadəsində olmuşdur. Cərimə vərəqlərində adları olan şəxslərə etibarnamələr verilib və etibarnamələrin verilməsi üçün lizinq alanın razılıq ərizəsi alınmayıb. Bunun səbəbi isə lizinq alan kimi avtomobil cavabdehdən həmin adama təhvil verilmişdir. Şirkət də bunun əsasında başqa şəxslərə etibarnamə verib. Yalnız sonuncu iki nəfərə etibarnamə verilən zaman cavabdehin razılıq ərizəsi alınmışdır. Digər şəxslərdə isə yoxdur. Lizinq müqaviləsi dövründə avtomobil ilk dəfə şirkətə 1 avqust 2023-cü ildə qayıtmışdır. İlk dəfənin təhvil-təslim aktı yoxdur, lakin qiymətləndirmə aktı vardır. Avtomobili lizinq şirkəti kimdən geri təhvil alındığı barəsində məlumatı yoxdur. Daha sonra şəxs özü gəldi avtomobil üçün və şirkət digər cavabdeh ilə zaminlik müqaviləsi bağladı və avtomobili ona təhvil verildi. Şirkət riski aşağı salmaq üçün sonradan zaminlik müqaviləsi bağlayıb. 2023-cü il oktyabrin 3-ü isə avtomobil yenidən təhvil verilib digər cavabdeh və zamin Cavabdeh2. xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək maşın lizinq şirkətində olub. Bu iki ay üçün lizinq haqqını hesablamayıblar. Sonuncu dəfə isə 6 dekabr 2023-cü il tarixində maşın şirkətə qayıtmışdır, Ucar şəhərində digər cavabdehin əmisinin həyətindən təhvil götürüblər. Avtomobilin təmir olunub-olunmaması ilə bağlı məlumatı yoxdur.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, o avtomobili Vüsal adlı şəxsə verib. Digər cavabdehi tanımır. Avtomobili onun adından çıxartmaq üçün lizinq şirkəti onu çağırdı. Çağırdılar, avtomobili adımdan çıxarmaq üçün. Gedib etibarnamənin verilməsi üçün ərizəyə imza çəkib və sonra ona bildiriblər ki, avtomobil onun adından çıxıb. Onunla bağlanmış lizinq müqaviləsinə xitam verilməsi ilə bağlı hər-hansı sənəd ona verilməyib, o da tələb etməyib. Elə bilib ki, artıq maşın onun adından çıxıb. Maşını necə və kimdən təhvil aldıqlarını bilmir. Maşını xx.xx.2022-ci il tarixində təhvil verən zaman təhvil-təslim aktına qol çəkib. Özləri də etiraf edir ki, maşın 2023-cü ilin avqust və sentybar aylarında lizinq şirkətinin özündə olub. Sonra maşını kimə veriblər və kimdən geri təhvil aldıqlarını bilmir. Başqa cəmi iki şəxsə etibarnamə verlməsi üçün razılıq verib, etibarnamə verilən digər şəxsləri tanımır və onlara etibarnamə verilməsinə razılıq verilməyib. İddia tələbinin rədd edilməsini xahiş edir.

7. Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

8. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Satıcı – X11, Lizinq verən – Bank olmayan Kredit Təşkilatı İDK” MMC və Lizinq alan- X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06055 saylı lizinq obyektinin alqısatqısı müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı-lizinq verənə satır. Alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılşdırılmış məbləği satıcıya ödəyir.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər nəqliyat vasitəsinin qiymətini 28000 manat məbləğində müəyyən edirlər.

13. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06055 saylı X18i müqaviləsinə əsasən:

14. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür.

15. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə (lizinq ödənişləri cədvəli) müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

16. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra, lizinq alan lizinq obyktinin qalıq dəyərini ödəmək şərti ilə, lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq obyektinin saxlanılması, cari və əsaslı təmirinə dair bütün xərclər lizinq alan ödəyir. Bu xərclər lizinq ödəmələrinə daxil edilə bilməz.

18. Müqavilənin 5.2-ci bəndinə əsasən lizinq obyektinin qiyməti 28000 manat.

19. Müqavilənin 5.3-cü maddəsinə əsasən avans məbləğ 6000 manat.

20. Müqavilənin 5.4-cü bənidnə əsasən lizinq məbləği 22000.

21. Müqavilənin 5.9-cu bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Təhvil-təslim zamanı lizinq alan lizinq obyektinin təhvilindən imtina edərsə, lizinq alan tərəfindən lizinq verənin hesabına faktiki ödənilmiş avans, lizinq ödənişləri və digər pul öhdəlikləri ilə bağlı ödənişlər geri qaytarılmır.

22. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə mükafat məbləği illik 36 faiz dərəcəsi ilə hesablanır.

23. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alanın vəzifələri:

24. Müqavilənin 7.2.4-cü bəndinə əsasən lizinq ödənişlərini vaxtında həyata keçirmək.

25. xx.xx.2022-ci il tarixli 1F/06055 nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavəyə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi cəmi ödənilməli məbləğ 36276,60 manat, aylıq ödəniş isə 1007,68 manat müəyyən edilmişdir.

26. xx.xx.2022-ci il tarixli 1F/06055 nömrəli daxili lizinq müqaviləsinə 2 saylı əlavəyə (təhvil-təslim aktına) əsasən Auidi A4 minik qara, 2012, WAUZZZ8K9DA017027 nəqliyyat vasitəsi lizinq alan Cavabdeh1 təhvil verilmişdir.

27. Hesabdan çıxarışa əsasən qeyd edilən lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixində - 347,68 manat və 660,32 manat, xx.xx.2023-cü il tarixində - 350 manat, xx.xx.2023-cü il tarixində - 250 manat, xx.xx.2023-cü il tarixində - 400 manat, xx.xx.2023cü il tarixində - 747,68 manat və 252,32 manat, cəmi 3008 manat ödəniş edilmişdir.

28. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamnin müqaviləyə görə müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə lizinq alanın lizinq verən qarşısında götürdüyü öhdəliyini (əsas borc, faiz, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.

29. İşdə olan cərimə qəbzlərinə əsasən 77AJ487 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən müxtəlif tarixlərdə və müxtəlif şəxslərin (X2, X8, X10) istifadəsi zamanı inzibati xətalar törədilmişdir.

30. xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyinə əsasən Audi A4 minik markalı, 77AJ487 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 6351 manat müəyyən edilmişdir.

31. 28.08.2023-cü il tarixli xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktına əsasən 77AJ487 Auidi A4 markalı nəqliyyat vasitəsinə görə qiymətləndirmə xərci 50 manat müəyyən edilmişdir.

32. Göstərilən xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli 001098 saylı akta əsasən Audi A4 markal və dövlət qeydiyyat nişanı qeyd olmayan nəqliyyat vasitəsinin daşınma xərci 200 manat təşkil etmişdir.

33. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 12/163 saylı etibarnamə ilə nəqliyyat vasitəsinin idarə edilməsi X6 və 12/164 saylı etibarnamə isə X4 adına verilmiş və qüvvədə olma müddəti kimi xx.xx.2023-cü il tarix qeyd olunmuşdur.

34. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 01/32 saylı etibarnamə ilə nəqliyyat vasitəsinin idarə edilməsi X5 adına verilmiş və qüvvədə olma müddəti kimi xx.xx.2023-cü il tarix qeyd olunmuşdur.

35. Lizinq alan tərəfindən iddiaçı MMC-yə ünvanlanmış ərizədə lizinqə götürülmüş nəqliyyat vasitəsinin idarə edilməsinin Cavabdeh2 və X9 verilməsinə dair göstəriş verilməsi xahiş olunmuş və iddiaçı tərəfindən həmin ərizə əsasında xx.xx.2023-cü il tarixli, 10/15 saylı etibarnamə Cavabdeh2 Dilsiz oğluna və 10/16 saylı etibarnamə isə X9 verilmiş və qüvvədə olma tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir.

36. Məhkəmə tərəflərin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

37. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh1 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli İF/06055 nömrəli daxili lizinqi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Sonradan həmin lizinq müqaviləsinin icrasının təminatı olaraq iş üzrə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "xxxx" MMC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq predmeti olan nəqliyyat vasitəsini lizinq alan Cavabdeh1 təhvil versə də, lizinq alan müqavilə üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir.

38. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

40. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

41. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

42. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

43. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

44. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

45. Göründüyü kimi lizinq alan Cavabdeh1 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən "xxxx" MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini və lizinq obyektinin geri alınmasını tələb etməkdə haqlıdır.

46. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli lizinq müqaviləsi üzrə əsas borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməli, lizinq alan və zamindən 7068,80 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ödəniş cədvəlinə əsasən aylıq ödəniş 1007,68 manat müəyyən edilmiş. Yanvan 2023-cü il tarixindən dekabr 2023-cü il tarixinə kimi cəmi ödənilməli olan məbləğ 12092,16 manat təşkil edir. Cavabdeh tərəfindən cəmi 3008 manat ödəniş edilib və iki ayın (avqust və sentyabr aylarında maşın lizinq verəndə olduğu üçün) ödənişi iddiaçı tərəfindən tələb edilmir. 12092,16 – 3008 – 2015,36 = 7068,80 manat.

47. Bundan əlavə məhkəmə iddia tələbinin lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 6351 manat, 421 manat yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr, avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəfindən müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqı və avtomobil nasaz vəziyyətdə olduğu üçün Ucar rayonundan yükdaşıma xidmət vasitəsi ilə Bakı şəhərinə gətirilməsinə tərəfindən 200 manat olmaqla, cəmi 14090.8 manat tutulması tələbinə dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. -14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. -14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. -14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. -14.2.6. Başqa şəxsə zərər vurulması. -14.2.7. Əsassız varlanma. -14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. -14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

49. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

51. Belə ki, iddiaçının nümayəndəsinin izhaatından da aydın olduğu kimi lizinq obyekti lizinq alandan 2 aylıq, yəni 01 avqust 2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi alınmışdır. Hazırda isə məhkəməyə xx.xx.2023-cü il tarixli qüsur aktını təqdim edərək cavabdeh tərəfindən maşına zərər vurulduğunu iddia edir və həmin məbləğin cavabdehlərdən tutulmasını tələb edir. Lakin məhkəmə tərəfindən həmin qüsur aktı yetərli sübut kimi qiymətləndirilərək göstərilən məbləğin cavabdehlərdən tutulması qanunsuz və əsassız olar. Belə ki, lizinqə verilən nəqliyyat vasitəsi 2012-ci il tarixlidir. Lizinq müqaviləsinin 7.3.4-cü maddəsinə əsasən Lizinq obyekti geri alındıqda lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarılmalıdır. Lizinqə verilmiş nəqliyyat vasitəsinin idarə edilməsi zamanı cavabdeh tərəfindən hər-hansı yol-nəqliyyat hadisəsinin törədilməsi iş materialları ilə müəyyən edilmir. Nə də ki, lizinq obyektinin geri alınmasına dair hər-hansı təhvil-təslim aktı da mövcüd olmadığı üçün, maşının hansı vəziyyətdə (dəymiş hansı zərərin mövcüdluğu) lizinq şirkətinə qayıtması, həmin zərərlərin lizinq alan tərəfindən vurulması, yoxsa maşının iki ay ərzində lizinq şirkətinin özündə olduğu dövrdə yaranmasının müəyyən edilməsi iş materialları əsasında müəyyən edilməsi mümkün olmamışdır.

52. Göründüyü kimi məhkəmə zərərin məhz cavabdeh lizinq alan tərəfindən törədilməsi və buna dair nəqliyyat vasitəsi təhvil alınarkən onun vəziyyətinə dair tərtib edilmiş hər hansı təhvil-təslim aktı iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

53. Məhkəmə tərəfindən iddia tələbinin zərərə dair hissədə təmin edilmədiyi üçün, 50 manat qiymətləndirmə üçün çəkilmiş xərcin də təmin edilməsini əsaslı hesab etmişdir.

54. 421 manat yol hərəkəti qaydalarının pozulmasına dair yazılmış cərimə tələbi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.

55. Belə ki, işdə olan inzibati xətaların törədilməsinə dair cərimələrdən göründüyü kimi cərimələr lizinq alanın hər hansı razılıq ərizəsi olmadan lizinq obyekti müqavilə tarixindən sonra müxtəlif şəxslərin adına tərtib edilmiş etibarnamələr əsasında onların istifadəsinə verilmiş və cərimələr həmin şəxslər tərəfindən törədilmişdir (cərimə vərəqlərində adları göstərilən şəxslər sırasında hazırki iş üzrə cavabdehlərin adları müəyyən edilmir). Eyni zamanda həmin cərimələrin iddiaçı şirkət tərəfindən ödənilməsinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı şirkət tərəfindən lizinq alanın razılığı olmadan verilmiş etibarnamələr əsasında idarə edən şəxslər tərəfindən törədilən pozuntular nəticəsində həmin şəxslərə yazılmış cərimələrin ödənilməsini cavabdehlərdən tələb edilməsi tamamilə qanunsuz və əsasızdır.

56. İddia tələbinin - 200 manat nəqliyyat vasitəsinin Ucar rayonundan Bakı şəhərinə daşınması ilə bağlı xərcin də cavabdehlərdən tutulmasını məhkəmə əsaslı hesab etmir.

57. Belə ki, daşınmaya dair tərtib edilmiş aktda nəqliyyat vasitəsinin adı Audi A4 kimi qeyd olunsa da, ona məxsus dövlət qeydiyyat nömrə nişanı və digər xüsusiyyətləri qeyd olunmadığı və iddiaçı lizinq şirkəti olduğu və müxtəlif maşınları müxtəlif şəxslərə lizinqə verdiyi üçün, həmin aktın məhz cavabdehə lizinqə verilmiş nəqliyyat vasitəsinin daşınma xərcinin olmasını sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli İF/06055 saylı X18i müqaviləsi üzrə 7068,80 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir, qalan hissədə iddia rədd edilməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə mütənasib olaraq iş üzrə ödənilmiş 91 manat dövlət rüsumu (rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) cavabdehlərə, qalan hissədə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli İF/06055 saylı X18i müqaviləsi üzrə 7068,80 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 91 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar