Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-386/2022 28.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı xxxxxxnin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı xxxxxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, -cu il tarixli nömrəli müqavilə üzrə 20644 manat gecikdirilmiş borc, hesablanmış 9214,38 manat cərimə və hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat olmaqla, cəmi 30208,38 (otuz min iki yüz səkkiz manat otuz səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq xxxxxxnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış -cu il tarixli nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 14.06.2021-ci il tarixə -cu il tarixli nömrəli müqavilə üzrə 20644 manat gecikdirilmiş borcu və hesablanmış 9214,38 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçı xxxxxx Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, 21.12.2021-ci il tarixə -cu il tarixli nömrəli müqavilə üzrə 23290 manat gecikdirilmiş borc, hesablanmış 8463,04 manat cərimə, hüquqi yardımla bağlı 350 manat və 200 manat mediasiya xərci olmaqla, cəmi 32303,04 (otuz iki min üç yüz üç manat dörd qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq xxxxxxnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində bir sıra məlumatları məhkəmədən gizlətmiş, cavabdeh tərəfindən edilən ödənişləri iddia ərizəsində qeyd etməmiş və nəticədə cavabdehdən artıq pul tələb etməkdədir. Belə ki, -cu il tarixli nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 17.09.2019-cu il tarixdə 2000 manat, 22.07.2021-ci il tarixdə isə 6000 manat ödəniş edilmişdir. İddiaçı iddia ərizəsində 14.06.2021-ci il tarixə cavabdehin iddiaçıya 20644 manat borcunun olduğunu qeyd etsə də, iddia ərizəsi 11 oktyabr 2021-ci il tarixində tərtib edilmiş və həmin tarixədək, yəni 22.07.2021-ci il tarixdə cavabdeh tərəfindən 6000 manat pul ödənilmişdir. Həmçinin iddiaçı iddia tələbində 9214,38 manat cərimə tələb edir və iddia ərizəsində sadəcə olaraq aralarında bağlanmış müqavilənin 4.2-ci maddəsinə istinad etmişdir. Lakin iddia ərizəsində həmin rəqəmin hansı yolla əldə edilməsi barədə bir qeyd mövcud deyildir. Müqavilədə cərimənin hesablanması günlə əlaqələndirilmişdir. Belə olan halda iddiaçı hansı tarixdən sonra ödənişin edilmədiyi və həmin tarixdən sonra neçə günün ötdüyünü və beləliklə, neçə gün üçün cərimənin hesablandığını əsaslandırmalı idi. Lakin bütün bunlar edilməmiş, demək olar ki, əsas borcun yarısı həcmində cərimə hesablanmışdır ki, bu da tamamilə absurddur. İddia ərizəsinin “iddia ərizəsinə əlavə olunan sənədlər” hissəsində cərimə hesablanmasının qrafikinin əsli qeyd edilsə də, iddia ərizəsində həmin qrafikdə “Cavabdeh "xxxx" ASC ilə bağladığı 25.01.2019-ci il tarixli nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafiki” qeyd edilmişdir. Lakin iddia tələbində -cu il tarixli nömrəli müqavilə üzrə hesablanmış 9214,38 manat cərimə borcunun tələb edildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddia tələbində qeyd edilən müqavilə ilə iddia ərizəsinə əlavə olunmuş qrafikdəki müqavilənin tarixi eynilik təşkil etmir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında da müqavilənin tarixi “25.01.2019-ci il tarixli ” kimi qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə -cu il tarixli, nömrəli lizinq müqavilə (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən ümumi məbləği 99574 manat olan və aşağıda göstərilən (Kotan 4 gövdəli asma (təkərli) SP144, Kombayn taxılyığan New Holland TV 4.90, Traktor Belarus-892 və Taxılsəpən gübrəsəpənlə AG-TS24) kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə N 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - 21.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh -cu il tarixli, nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 23290 manat, hesablanmış cəriməyə görə 8463,04 manat olmaqla, ümumilikdə 31753,04 manat məbləğində borcu vardır. Eləcə də, izinq alan Cavabdeh qrafik üzrə ödənişləri 9465 manat (-cu il tarixdə ödənilmiş 965 manat, 17.09.2019-cu il tarixdə ödənilmiş 2000 manat və 22.07.2021-ci il tarixdə ödənilmiş 6500 manat daxil olmaqla) təşkil edir. - Azərbaycan Respublikası Prezidentinin nömrəli Fərmanında qeyd olunmuşdur ki, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri keçir. - "xxxx" ASC tərəfindən verilmiş 000İPX121285194B nömrəli, 12.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun AZ31AİİB**********1100210111 nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - xxxxxx tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında -cu il tarixli, nömrəli lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri xxxxxxnə keçmişdir. İddia tələbinin bir hissəsini -cu il tarixli, nömrəli müqavilə üzrə 23290 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 23290 manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 8463,04 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 1500 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 (üç yüz əlli) manat və mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh -cu il tarixli nömrəli müqavilə üzrə 21.12.2021-ci il tarixə hesablanmış 23290 (iyirmi üç min iki yüz doxsan) manat əsas borc, 1500 (min beş yüz) manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 25340 (iyirmi beş min üç yüz qırx) manat məbləğində pul xxxxxxnin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-386/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-386/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver