Məhkəmə qərarları › İş №e-2-2(113)-3867/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3867/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3867/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 120430 manat pulun və ödənilmiş 410,50 manat dövlət rüsumunun birdəfəlik onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadehlə aralarında 13 yanvar 2024-cü il tarixdə, 12/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə malları cavabdehdən satın alıb və bunu qarşılığında pulunu ödəyir. 09 fevral 2024-cü il tarixdə əvvəlcədən ödəniş kimi 120.430,80 manat avans cavabdehin hesabına köçürülmüş, ƏDV də ödənilmişdir, lakin müvafiq malların iddiaçı tərəfə təhvili baş verməmişdir. Beləliklə cavabdeh borclu qalmış və pulunu geri vermir. Cavabdehlə aralarında onun iddiaçı tərəfə mal verməsini təsdiq edən heç bir akt yoxdur, yəni borcunu ödəyən heç bir hal yoxdur. Dəfələrlə xəbərdarlıqlarına baxmayaraq nə mal, nə də borc ödənilmir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.2-ci bəndinə görə ödəniş elektron qaimə ilə müəyyən edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 430.1, 442, 445.1, 448.1, 560.1, 567, 599.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı rədd edərək bildirmişdir ki, iddiaçı tərəfindən 120430 manat məbləğində pul köçürülmüş, lakin mallar təhvil verilməmişdir. Sonda o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Satıcı) və “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (“Alıcı”) arasında imzalanmış 13 yanvar 2023-cü il tarixli 12/24 nömrəli malların alqı-satğısı müqaviləsindən görünür ki, satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə Malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir. Müqavilənin 4.5-ci bəndinə əsasən mal təhvil verilərkən Tərəflər təhvil-təslim Aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Müqavilənin 6.2-ci bəndinə əsasən satıcı bu Müqavilə ilə müəyyən edilmiş vaxtda Mah Alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, Alıcı Satıcıdan hər gecikdirilən gün üçün bu Müqavilənin ümumi qiymətinin 0.01% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. “A” formatlı 205OCAZ240400003 saylı ödəniş tapşırığına əsasən “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-nin Kapital Bank ASC-də olan hesabına 09 fevral 2024-cü il tarixində 102060 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-nin sub-hesabına 18370 manat ƏDV ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 410,50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən malın dəyəri qabaqcadan ödənilsə də, cavbadeh tərəfindən mallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən ödəniş edilməsi, cavabdehin isə malları verməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (ödəniş tapşırığı, köçürmə haqqında bildiriş, cavabdehin nümayəndəsinin izahatı) öz təsdiqini tapmış, cavabdehin nümayəndəsi iddianı qəbul etməməsini əsaslandırmamışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək əvvəlcədən dəyəri ödənilmiş 120430 manat dəyərində malı iddiaçıya təhvil vermədiyini, belə olan halda isə iddiaçının ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 120430 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 410,50 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 120430 (yüz iyirmi min dörd yüz otuz) manat borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat 50 (əlli) qəpik iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar