Məhkəmə qərarları › İş №e-2-2(113)-3874/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3874/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3874/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC –nin xeyrinə 16.353,97 manat məbləğində pulun, habelə “mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC onun Nizamnaməsi əsasında hərəkət edən direktoru Qanuni nümayəndə arasında 22 iyun 2021-ci il tarixli № CT/SM-21-070 müqaviləyə əsasən “EPOCON SP 585” beton qatqısı məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, iddiaçı “EPOCON SP 585” beton qatqısı məhsullarını xavabdehə satmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC -nin İddiaçı MMC-yə cəmi 16.353,97 manat borcu mövcud olmuşdur. Odur ki, hal-hazırda cavabdehin iddiaçıya 16.353,97 manat borcu mövcuddur. xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin cavabdeh bu barədə məlumatlı olsada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında iddiaçını tanımadığını, həmin şirkətin rəhbəri onu tanımadığı halda ona qarşı iddia tələbi ilə müraciət etdiyini, həmin şirkətin ona borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi təhvil-təslim aktları ilə tanış olduqdan sonra aktlardakı imzaların ona məxsus olduğunu bildirmişdir. Qanuni nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona mallar təhvil verilməyib. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında 22 iyun 2021-ci il tarixdə CT/SM-21-070 saylı tədarük müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Tədarükçü” “Alıcı” sifariş etdiyi məhsulları (bundan sonra “Əmtəə”) tədarük etməyi, “Alıcı” isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən “Alıcı” hər konkret partiya üzrə Əmtəələrin dəyərini Əlavələrdə göstərilmiş şərtlərlə “Tədarükçü”nün hesabına köçürmə yolu ilə ödəyir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir 22 iyun 2022-ci ilə qədər qüvvədədir. Əgər müqaviləyə xitam verilməsi haqda son 10 gün ərzində tərəflər bir-birinə müraciət etməzlərsə müqavilə avtomatik yenilənmiş hesab ediləcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 22 iyun 2021-ci il tarixli CT/SM-21-070 saylı tədarük müqaviləsinin xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavəsinə əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın adı (Epococn SP 585), ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən (ƏDV daxil) ümumilikdə 16.353,97 manat dəyərində mallara görə, o cümlədən 4.047,40 manat dəyərində EBBJ seriyalı, 930964 nömrəli, xx.xx.2021-ci il tarixli, 4.072,18 manat dəyərində EBBJ seriyalı, 931009 nömrəli, xx.xx.2021-ci il tarixli, 2.098,04 manat dəyərində EBBK seriyalı, 294308 nömrəli, xx.xx.2021-ci il tarixli, 1.120,88 manat dəyərində EBBO seriyalı, 848540 nömrəli, xx.xx.2021-ci il tarixli və 5.015,40 manat dəyərində EBBO seriyalı, 848090 nömrəli, xx.xx.2021-ci il tarixli, elektron qaimə tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə cavabdeh "xxxx" MMC-yə təqdim edilmişdir. Malların təhvil-təslim aktları ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2021xx.xx.2021-ci il tarixlərində ümumilikdə 10.217,62 manat məbləğində mallar (Epococn SP 585 adlı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Malların təhvil-təslim aktları səlahiyyətli şəxslərin (o cümlədən "xxxx" –MMC-nin direktoru Qanuni nümayəndə) imzaları ilə yanaşı İddiaçı MMC-nin möhürü və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə də təsdiq edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 22 iyun 2021-ci il tarixli CT/SM-21-070 saylı tədarük (alqı-satqı) müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC həmin müqavilə əsasında təqdim edilmiş malların dəyərinin - 16.353,97 manat məbləğində borcun cavabdeh "xxxx" MMC tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddiaya qarşı etirazını iddiaçını tanımaması, malların təhvil verilməməsi və cavabdeh şirkətin ona borcunun olması ilə əsaslandırır. Göründüyü kimi iddia ərizəsində dəyərinin ödənilməsi tələb edilən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olub-olmaması işin mübahisəli hallarını təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, 10.217,62 manat məbləğində malların təqdim edilməsi faktı cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən imzalanmış və üzərinə cavabdehin möhürü vurulmuş təhvil-təslim aktları və elektron qaimələr ilə öz təsdiqini tapır. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 10.217,62 manat məbləğində malların təqdim edilməsi faktı iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı həmin mallara görə yaranmış 10.217,62 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Təhvil-təslim aktları imzalansa da, malların təqdim edilməməsi, əslində iddiaçının onlara borcunun olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh göstərilən dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri inandırıcı hesab etməməklə özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tələbin qalan 6136,35 manat məbləğində borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə malların verilməsi faktını təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə 1.120,88 manat dəyərində malların təqdim edilməsinə dair EBBO seriyalı, 848540 nömrəli, xx.xx.2021-ci il tarixli və 5.015,40 manat dəyərində malların təqdim edilməsinə dair EBBO seriyalı, 848090 nömrəli, xx.xx.2021-ci il tarixli, elektron qaimələri təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırkı halda məhkəmə iddiaçının 6136,35 manat məbləğində malların təqdim edilməsi faktını sübuta yetirmək üçün elektron qaimədən başqa digər sübutları məhkəməyə təqdim etmədiyini, cavabdehin isə malların təqdim edilməsi faktını inkar etdiyini, eləcə iş materiallarından da göründüyü kimi tərəflər arasında mübahisəli müqavilə üzrə malların təqdim edilməsinin təhvil-təslim aktları imzalanmaqla həyata keçirilməsinə dair işgüzar adətin formalaşdığını nəzərə alaraq həmin hissədə tələbi əsassız sayır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 139,06 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 10.217,62 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar