Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3877/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, avans) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 17 aprel 2023-cü il tarixli A-1704/2023 saylı müqavilənin ləğv edilməsi və ödənilmiş 70.000 (yetmiş min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X1 Cəmiyyəti arasında 17 aprel 2023-cü il tarixli A1704/2023 saylı mal alqı-satqısına dair müqavilə və ona 1 və 2 nömrəli “əlavə razılaşma”lar imzalanmışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcə də pozulmuş, müqavilə üzrə razılaşdırılmış malların təhvili həyata keçirilməmişdir. Bununla bağlı dəfələrlə əlaqə saxlanılmış, müxtəlif vədlərlə müqavilənin icrasından yayınmalar müşahidə edilmişdir. Son olaraq isə müqavilənin icrasından imtina edildiyi bildirilmişdir. Müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində müəssisə ağır maliyyə vəziyyəti ilə üz-üzə qalmış və digər şəxslər qarşısındakı öhdəliklərini yerinə yetirməkdə ciddi problemlər yaşamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddiaçının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında 2022-ci il tarixdə də alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə bağlandıqdan sonra mal onlara bir neçə ay sonra təhvil verilmiş, bu barədə akt tərtib edilmişdir. Daha sonra tərəflər arasında yenidən 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehin müraciəti əsasında onlara 70000 manat avans ödənilmiş, lakin müqavilə üzrə onlara hər hansı mal verilməmişdir. Malın təhvil verilməməsi təhvil aktının olmaması, cavabdehin direktorunun iddiaçının direktoruna vatsapp proqramı vasitəsilə göndərdiyi səs yazıları ilə öz təsdiqini tapır. Bu səbəbdən onlar müqavilənin ləğv edilməsini, avansın geri qaytarılmasını tələb edirlər.
4. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edərək, iddianın əsassız olduğunu bildirdi. İzahatında göstərdi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə üzrə mal iddiaçıya xx.xx.2022-ci il tarixdə təhvil verilmiş, malın dəyərinin 40 faizi subsidiya hesabına, qalan 60 faizi isə iddiaçının vəsaiti hesabına ödənilmişdir. Daha sonra tərəflər arasında yenidən xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən onlara 70000 manat avans ödənilmişdir. Həmin vəsaitin həqiqətən avans kimi ödənildiyini təsdiq edir. Lakin müqavilə üzrə iddiaçıya yalnız bir ədəd meyvə quruducu avadanlıq verilmiş, iddiaçı şifahi qaydada qalan mallardan imtina etdiyini, onları almayacağını bildirmişdir. Avadanlıq müqavilə bağlanmazdan bir il öncə iddiaçıya sınama məqsədilə təhvil verilmiş, lakin qarşılıqlı etimad olduğu üçün təhvili rəsmiləşdirilməmişdir. Yük iddiaçının ünvanına daşıma şirkətlərindən biri vasitəsilə daşınmış (uzunluğu 12 metr olduğu üçün), lakin daşıma şirkətinin verdiyi aktı hazırda təqdim edə bilmir. Tərəflər arasında olan vatsapp yazışmalarını təsdiq edir, orada təhvil veriləəcəyini vəd etdiyi avadanlıq müqavilənin əlavəsində nəzərdə tutulmuş başqa avadanlıqlardır. İddiaçıya təhvil verilmiş avadanlıqla bağlı ona təhvil aktı olmadığı üçün elektron qaimə təqdim edilməmiş, malın dəyərinin qalıq hissəsi (85000 manat – 70000 manat) olan 15000 manat tərəflərindən tələb edilməmişdir. Belə ki, həmin malın dəyərinin 40 faizi iddiaçının müraciəti əsasında subsidiya hesabına qarşılanacaqdı.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin 9-cu bəndində qeyd olunan tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə “Quruducu avadanlıq dəsti”ni alıcıya satır, alıcı isə malı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma protokollarında razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir.
7. Müqavilənin 3.3-cü maddəsinə görə malların qiyməti əlavə razılaşma protokollarında digər hallar nəzərdə tutulmayıbsa, mallar alıcıya təhvil verildikdən sonra bank köçürmə yolu ilə ödənilir.
8. Müqavilənin 7.2-ci maddəsinə görə mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar.
9. xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 01 nömrəli əlavə razılaşmaya görə 3 ədəd meyvə quruducu avadanlığın hər birinin qiyməti 85000, cəmi qiymət isə 255000 manat, məhsulları soyan və doğrayan avadanlığın dəyərinin 37700 manat olması razılaşdırılmışdır.
10. xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 02 nömrəli əlavə razılaşmaya görə meyvə çeşidləmə və presləmə avadanlığının dəyərinin 147300 manat olması razılaşdırılmışdır.
11. 19.04.2023-cü il tarixli OD2 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 25000 manat avans köçürülmüşdür.
12. 19.04.2023-cü il tarixli OD1 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 25000 manat avans köçürülmüşdür.
13. 20.04.2023-cü il tarixli OD2 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 20000 manat avans köçürülmüşdür.
14. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə görə satıcı satır, alıcı isə bu müqavilənin 9-cu bəndində qeyd olunan tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə “Quruducu avadanlıq dəsti”ni alıcıya satır, alıcı isə malı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma protokollarında razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir.
15. Müqavilənin xx.xx.2022-ci il tarixli əlavəsində satılacaq malın adı, dəyəri razılaşdırılmışdır.
16. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli təhvil aktına əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1 ədəd quruducu avadanlıq dəsti tam yararlı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir.
17. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, iddia tələbləri iki hissədən ibarətdir: 1. 70000 manat avansın geri qaytarılması; 2. Müqavilənin ləğv edilməsi.
19. Məhkəmə iddia ərizəsinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki:
21. – tərəflər arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır;
22. – həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 70000 manat avans ödənilmişdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
26. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
27. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1 ədəd malın, yəni dəyəri 85000 manat olan meyvə quruducu avadanlığın müqavilə bağlanmamışdan öncə (2022-ci ildə) iddiaçıya təhvil verildiyini bildirir.
28. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.
29. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, alqı-satqı müqaviləsi üzrə malın təhvil verildiyini cavabdeh sübut etməlidir.
32. Cavabdeh alqı-satqı müqaviləsi üzrə malın təhvil verildiyini təsdiq edən belə bir sənəd təqdim edə bilmir.
33. Cavabdeh ümumiyyətlə iddiaçıya verildiyi malın naturada mövcud olmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.
34. Belə ki, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya mal təqdim edilmədiyi müəyyən edildiyindən iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
35. Məhkəmə iddia ərizəsini ikinci hissədə də əsaslı hesab edir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
37. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
38. Belə ki, işin araşdırılan hallarından xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəlikləri icra etmədiyi müəyyən edilmişdir.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsini və avansın geri aytarılmasını tələb etməkdə haqlıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməli, ödənilmiş 70000 manat məbləğində avans cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 70000 (yetmiş min) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova