Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3879/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 13 may 2022-ci il tarixli 012506 saylı akt əsasında iddiaçıya itirilmiş elektrik enerjisinin bərpasına görə əsassız hesablanmış 51521,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC İddiaçı MMC-nin “İmişli- İnnovasiya” filialına 23 may 2022- ci il tarixli 01-01/181 saylı məktub ilə müraciət edərək, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 13 may 2022-ci il tarixli 012506 saylı aktın tərtib olunmasını bildirmişdir. Səbəb olaraq isə, guya elektik sayğacı axan yükü düzgün qeyd etmədiyi üçün, itirilmiş elektrik enerjisinin bərpasına görə iddiaçıya əsassız olaraq 51521,50 manat vəsait hesablanmışdır. Halbuki, xx.xx.2022 tarixində cavabdehin nümayəndələri tərəfindən sayğacın sxemi yoxlanılaraq, tərtib edilmiş 248355 saylı “Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” akta əsasən, sayğacın saz olması öz əksini tapmışdır. Eyni zamanda iddiaçının nümayəndələri tərəfindən sayğaca müdaxilə edilməsi mümkünsüzdür, çünki sözü gedən uçot hesabat dəstinin yerləşdiyi bölmə cavabdeh "xxxx" ASC-nin balansında yerləşən 330/230/110/35/10 kV-luq Y/stansiyada yerləşir və oraya kənar şəxslərin ümumiyyətlə girişi qadağandır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda may ayı üzrə elektik enerjisinin sərfiyyatına görə 59951,40 manat hesablandığı, aprel ayı üzrə isə qalıq borc 13191,36 manat olaraq göstərilmişdir. May ayı üzrə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 59951,40 manat xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Əlavə olaraq aprel ayı üzrə 13191,36 manat məbləğində qalıq borc 18 may 2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilmişdir. Lakin, buna baxmayaraq, cavabdeh iddiaçıya ünvanladığı 23 may 2022-ci il tarixli məktubunda elektrik enerjisinin sərfiyyatına görə iddiaçının aprel ayı üzrə cavabdehə 13191,36 manat qalıq borcunun olduğunu bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda yaranmış debitor borcun, o cümlədən 13 may 2022-ci il tarixli 012506 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpasına görə hesablanmış 51521,50 manat vəsaitin xx.xx.2022-ci il tarixinədək ödənilmədiyi təqdirdə, iddiaçının filialına elektrik enerjisinin verilişinin dayandırılması barədə xəbardarlıq edilmişdir. Cavabdeh tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması iddiaçının istehsal prosesini çətinləşdirərək, gələcəkdə iddiaçıya külli miqdarda zərər vurulmasına səbəb olacaq. İddiaçının “İmişli İnnovasiya” Filialının ərazisində 2022-ci il mövsümü üzrə 525 ha sahədə arpa, 400 ha sahədə buğda və 1480 ha sahədə isə pambıq məhsulu əkilmişdir. Hal-hazırda kənd təsərrüfatı məhsullarının əkini ilə bağlı aqrotexniki tədbirlərin görülməsinin ən məsuliyyətli dövrüdür. Belə ki, pambıq sahələrində kultivasiya işləri, zərərvericilərə qarşı mübarizə tədbirləri və suvarma işləri həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat erərək, iddianı müdafiə etmidşir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçının sayğacı barəsində tərtib edilmiş akt qanuni və əsaslıdır. Sayğaca baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı axan yükü düzgün qeyd etmir. Belə ki, “Uc” fazasında quraşdırılmış cərəyan tranformatoru komputer məlumat bazasında k=300/5=60 olduğu halda faktiki yerində k=400/5=80-dir. Aparılan yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə ki, akt Nəzarət Departamenti tərəfindən tərtib edilmiş, akta da qeyd olunduğu kimi sayğacdakı çatışmazlıq yoxlama zamanı yox baxış zamanı müəyyənləşdirilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 16 may 2022-ci il tarixli icra vərəqəsində 012506 nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında "xxxx" MMC-nə məxsus sayğaca 51.521,5 manat borc hesablanmışdır. Qeyd olunan icra vərəqində qüsur olaraq qeyd olunmuşdur ki, baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı axan yükü düzgün qeyd etmir. Belə ki, “Uc” fazasında quraşdırılmış cərəyan tranformatoru komputer məlumat bazasında k=300/5=60 olduğu halda faktiki yerində k=400/5=80-dir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə ünvanlanan xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək istifadə olunan elektrik enerjisi haqqının ödənişinə dair çıxarışdan məlum olur ki, "xxxx" MMC-nə 51.521,5 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus elektrik sayğacına baxış keçirilmiş, bununla bağlı olaraq müvafiq akt tərtib edilmişdir. Cavabdeh enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə elektrik uçot komplektinə baxış keçirilərkən qanunvericiliyin aşağıda qeyd olunan bir çox tələblərinin pozulduğu müəyyən edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır (Qanun xx.xx.2015-ci il tarixdən qüvvəyə minmişdir). 2.1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 3.1-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (29 avqust 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra–yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Beləliklə, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh "xxxx" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı-yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normadan bir daha görünür ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməli və əsassız hesablanmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən 13 may 2022-ci il tarixli 012506 saylı akt əsasında itirilmiş elektrik enerjisinin bərpasına görə hesablanmış 51521,50 manat borc silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3879/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3879/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver