Məhkəmə qərarları › İş №e-2-2(113)-388/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-388/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-388/2020 14.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi , “İddiaçı QSC-nin nümayəndəsi X5, X3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı “İddiaçı QSC-nin cavabdeh X4 qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh “İddiaçı QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 4xx/xx/2011-1 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, X2 həmin lizinq müqaviləsi üzrə 9.534,91 manat əsas borcun, 7.771,74 manat faiz borcunun, 11.103,76 manat dəbbə pulunun, cəmi 28.410,41 manat borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və qarşılıqlı iddiaçı X6 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməsi, tərəflər arasında bağlanmış 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə onun xeyrinə 4.805 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC (əvvəlki adı “X9” QSC) ilə sahibkar fiziki şəxs X6 arasında xx.xx.2014-cü il tarixli 4xx/xx/2011-1 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC 1 ədəd “İVECO EUROCARGO” markalı yük avtomobili (2008-ci il istehsalı, dövlət qeydiyyat nişanı 90JR597) 24 ay müddətinə cavabdeh - ZülfüqarovRauf Əflayıl oğluna lizinqə vermişdi. Cavabdeh X6 xx.xx.2014-cü il tarixli 4xx/xx/2011-1 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə cəmi 11952 AZN məbləğində lizinq ödənişini etmişdir. Hazırda xx.xx.2014-cü il tarixli 4xx/xx/2011-1 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əsas borc 9534.91 manat, faiz borcu 7771.74 manat, dəbbə pulu 11103.76 manat, cəmi borc 28410.41 manat təşkil edir. Bu borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh X6 ilə aparılan danışıqlar heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12. və 748-1.12.3.-cü maddələrinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini geri almaq hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia ərizəsinin əsassız olmasından rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X6 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla lizinqverən - “X9” Qapalı Səhmdar Cəmiyyəti arasında 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli daxili maliyyə lizinqi - lizinq müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti “X9” QSC və fiziki şəxs kimi onun ( VÖEN **********) arasında alqı-satqı olmuşdur.Lizinq obyektinin dəyəri 20 000 (iyirmi min) manat təkil etmiş və müqaviləyə əsasən o, ilkin ödəniş kimi 3 000 (üç min) manat məbləğində pul ödənişi ödəmişdir. Lizinqin müddəti müqavilə üzrə 24 ay təşkil edir və bu barədə xx xxxxx 2014-cü il tarixdə müvafiq ödəniş cədvəli tərtib edilmişdir. Cədvələ əsasən 17 000 (on yeddi min) manat əsas borc, 5 625 (beş min altı yüz iyirmi beş) manat faiz borcu ümumilikdə 23 147 (iyirmi üç min yüz qırx yeddi) manat iki il müddətinə pul ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxx 2014-cü il tarixdə lizinq verən “X9” QSC ilə arasında əmlakın təhvil-təslim aktı tərtib edilmiş, 1 ədəd İveco Eurocargo markalı yük avtomobilini (dövlət qeydiyyat nişanlı ** JR ***, şassi nömrəsi:ZCFA75C**********; mühərrik nömrəsi: C***-*******; rəngi ağ; buraxılış ili 2008) “X9” QSC-dən təhvil almışdır. 2015-ci il tarixlərdə o lizinqverən - “X9” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq qəbzlərə əsasən 12 952 (on iki min doqquz yüz əlli iki) manat məbləğində pul ödənişi etmişdir. 2015-ci ilin fevral ayında Respublikada baş vermiş məlum devalivasiya səbəbindən o cəmiyyətin ödənişlərini ödəniş cədvəlinə uyğun ödəyə bilməmişdir. Bu barədə lizinqverən - “X9” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə dəfələrlə məlumat vermişdir. Lizinqə sonuncu ödənişi xx xxxx 2014-cü il tarixdə olmuşdur. Lizinqverən - “X9” Qapalı Səhmdar Cəmiyyəti hər ödənişindən sonra ona avtomobilin idarə edilməsi üçün etibarnamə verirdi. Ödəniş ödənilmədiyindən, lizinq ona avtomobilin idarə olunnası üçün etibarnamə verməmiş, dəfələrlə lizinq cəmiyyətinə etibarnamənin verilməsi üçün müraciət edəndə, etibarnaməsi uzadılmamış, ödəniş ödəməli olduğu bildirilmişdir. xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə lizinq götürən müqavilənin şərtlərini pozduğu halda götürdüyü lizinqi geri qaytara bilər.Lizinqverən - “X9” Qapalı Səhmdar Cəmiyyəti ona xəbərdarlıq etmişdir ki, onların nümayəndəsi ilə idarə etdiyi “İveco Eurocargo” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirərək, həmin avtomobil geri götürüləcəkdir.Avtomobilin tam texniki baxışı və təmiri onun tərəfindən aparılmışdır. xx xxx 2014-cü il tarixdə “lizinq obyektinin geri qaytarılması” barədə müvafiq akt tərtib edilmiş, akta əsasən 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə Lizinq obyekti 1 ədəd İveco EUROGargo markalı yük avtomobili (dövlət qeydiyyat nişanlı 90JR597) özüboşaldan yük avtomobili onun sahibliyindən və istifadəsindən geri götürülmüş və lizinqverənə qaytarılmışdır. Bununla bağlı gələcəkdə “X9” Qapalı Səhmdar Cəmiyyətinə qarşı heç bir iddia pretenziyanın irəli sürülməyəcəyi bildirilmişlər.Belə ki, o 3000 (üç min) manat əvvəlcədən ödəmə və 12 952 (on iki min doqquz yüz əlli iki) manat ödəniş cədvəli üzrə cəmi 15 952 (on beş min doqquz yüz əlli iki) manat ödədiyi pul məbləğini müqaviləyə əsasən tələb edə bilməz, lizinqə onun tərəfdən geri qaytarılmış avtomobilin dəyəri bazar qiyməti 18 000 (on səkkiz min) manatdan artıq təşkil edirdi.Buradan da görünür ki, o “X9” Qapalı Səhmdar Cəmiyyətinə artıq ödənişlər etmişdir. Hüquqi təhsili olmadığı üçün ona həmin aktı tərtib edib, imzalatmışlar. Akt tərtib edilən zaman ona bildirilmişdir ki, 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli lizinq müqaviləsinə xitam verildi.Lakin, xx xxxxx 2019-cu il tarixdə ünvanıma göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 369/02 nömrəli, xx xxxxx 2019-cu il tarixli məktubdan belə görünür ki, dörd ilə yaxın müddət keçməsinə baxmayaraq, onun “X9” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığım müqaviləyə xitam verilməmişdir. Ödədiyi pullarla “İveco EUROCARGO” markalı dövlət qeydiyyat nişanlı 90JR597) özüboşaldan yük avtomobilinin dəyər qiymətinin 18 000 (on səkkiz min) manat qəbul etməklə, ümumilikdə 30 952 (otuz min doqquz yüz əlli iki) manat təşkil edir. Həmin pulun 3 000 ( üç min) manatını əvvəlcədən ödədiyi üçün, ödəniş cədvəli üzrə 23 147 (iyirmi üç min yüz qırx yeddi) manat olduğundan “X9” Qapalı Səhmdar Cəmiyyəti ona 30952-23147-3000=4805 (dörd min səkiz yüz beş) manat məbləğində pul ödəməlidir. İlkin iddia tələbinin əsassız olduğundan rədd edilməsi, həmçinin tərəflər arasında bağlanmış 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə onun xeyrinə 4.805 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş lizinq verən “X9” QSC ilə lizinq alan X6 arasında bağlanmış 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli Daxili Maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinq verən “İVECO EUROCARGO” markalı yük avtomobilini (2008-ci il istehsalı, dövlət qeydiyyat nişanı 90JR597) lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş 20000 manat məbləğində pul vəsaitini “X9” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 may 2016-cı il tarixli 4xx/xx/2011 SAYLİ xx.xx.2015-ci il tarixli lizinq obyektinin geri qaytarılması aktındangörünür ki, Lizinq verən müqavilə üzrə satılan ümumi məbləği 1 ədəd “İVECO EUROCARGO” markalı yük avtomobili (2008-ci il istehsalı, dövlət qeydiyyat nişanı 90JR597) X1 geri götürülmüş və lizinqverənə qaytarılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, X3 İddiaçı QSC ilə bağlanmış 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli saylı müqavilə üzrə əsas borcundan 7465,09 manat, faiz borcundan 3793,67 manat və dəbbə borcu üzrə 171.24 manat olmaqla cəmi 11952 manat məbləğində pul vəsaiti ödəmişdir. X3 cəmiyyətə borcu 9534,91 manat, faiz borcundan 7771.14 manat və dəbbə borcu üzrə 11703,76 manat olmaqla cəmi 28410,41 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19163 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “X9” QSC ilə X6 bağlanmış 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014-cü il tarixli saylı müqavilə üzrə X3 xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixə əsas borcu 8267 manat, faiz borcu üzrə 1928 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsnə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “X9” QSC ilə X6 arasında xx.xx.2014-cü il tarixli 4xx/xx/2011-1 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC (“X9” QSC) həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, X6 lazımi qaydada icra etməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X3 xx.xx.2014cü il tarixli 4xx/xx/2011-1 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda lizinq ödənişləri üzrə X3 borcunun 8267 manat məbləğində olduğunu, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdeh X2 8267 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 11.103,76 manat məbləğində dəbbə pulunun cavabdeh X2 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh X2 lizinq ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 950 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh X6 tərəfindən lizinq haqqı ardıcıl olaraq ödənilmədiyindən və İddiaçı QSC-nin bu barədə tələbi olduğundan iddia qismən təmin olunmalı, “X9” QSC ilə X6 arasında bağlanmış xx.xx.2014cü il tarixli 4xx/xx/2011-1 saylı lizinq müqaviləsi üzrə yaranmış 8267 (səkkiz min iki yüz altmış yeddi )manat, faiz məbləği üzrə 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat, 950 (doqquz yüz əlli ) manat cərimə, cəmi 11145 (on bir min yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq İddiaçı QSC-nin xeyrinə verilməlidir. Məhkəmə iddiaçının “X9” QSC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4xx/xx/2011-1 saylı lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı tələbinə qiymət verərək, tərəflər arasında 24 ay müddətinə bağlanmış lizinq müqaviləsinin xx.xx.2016-cı il tarixdə bitdiyini nəzərə alaraq belə qənatə gəlir ki, iddia həmin hissədə rədd edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qarşılıqlı iddiaçı X3 tərəflər arasında bağlanmış 4xx/xx/2011-1 saylı, xx xxxxx 2014cü il tarixli müqavilə üzrə onun xeyrinə 4.805 manat məbləğində pul ödənilməsi tələbinə münasibətdə məhkəmə hesab edir ki,R.Zülfüqarov iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. X2 8267 (səkkiz min iki yüz altmış yeddi) manat, faiz məbləği üzrə 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat, 950 (doqquz yüz əlli ) manat cərimə, cəmi 11145 (on bir min yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar